“Serbiyada Azərbaycan mədəniyyətinə çox böyük maraq var”
Tarix: 06.06.2018 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Zərifə Əlizadə: “Serbiyadakı həmvətənlərimiz həvəslə bizim layihələrimizdə iştirak edirlər”

Azərbaycanın beynəlxalq aləmdə tanınmasında xaricdəki musiqiçilərimizin də əhəmiyyətli rolu var. Onların bu fəaliyyəti, eyni zamanda diaspor işinə də effektiv təsir göstərir. Elə müsahibimiz Zərifə Əlizadə də Serbiyada həm musiqiçi, həm də diaspor üzvü olaraq ölkəmizi tanıdır. Xatırladaq ki, Zərifə Əlizadə Bakıda anadan olub. 1989-cu ildən Serbiyada yaşayır və işləyir. 1989-1995-ci illərdə Belqradda "Costa Manojloviç" musiqi məktəbində müəllim vəzifəsində işləyib. 1995-ci ildən Novi Sad Universitetinin Musiqi Akademiyasının Fortepiano kafedrasının professorudur. O, 600-dən çox solo və kamera konserti verib. 2010-cu ildən həm də Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin direktorudur.

- Azərbaycan Mədəniyyət Mərkəzi olaraq Serbiyada ölkəmizi necə tanıdırsınız?
- Azərbaycan mədəniyyətinin və incəsənətinin xarici ölkələrdə təbliğ olunmasında, musiqimizin və sənət əsərlərimizin əcnəbilər tərəfindən xoşlanılmasında və sevilməsində Azərbaycan Mədəniyyət mərkəzlərinin əhəmiyyətli rolu çox böyükdür. Azərbaycan Mədəniyyət Mərkəzi 2010-cu ilin iyul ayında Belqrad şəhərində səfirliyimizin, xüsusilə səfirimiz Eldar Həsənovun təşəbbüsü ilə təsis edilib. Mərkəzin əsas fəaliyyət istiqamətləri mədəniyyət və təhsil sahəsində proqramların hazırlanması və həyata keçirilməsindən, həmçinin Azərbaycanın bu sahədə əldə etdiyi uğurlarının Serbiyada təbliğ olunmasından ibarətdir. Bu illərdə mərkəz səfirliyimizin köməyilə 20-yə yaxın Azərbaycan yazıçılarının, şairlərin, alimlərinin əsərlərini serb dilinə tərcümə edib. Eyni zamanda Serb-Azərbaycan lüğəti çap olunub. Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə mənim və filologiya üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Dillər Universitetinin dosenti Lalə Məcidovanın müəllifi olduğu “Azərbaycanın tanınmış qadınları “Serb xalqının tanınmış qadınları” adlı kitab nəşr etdirilib. Kitab serb (Znamenite žene Azerbejdžana) və Azərbaycan (Serb xalqının tanınmış qadınları) dillərindədir. Şəkillərlə zəngin olan kitabda hər iki xalqın tanınmış qadın şəxsiyyətlərindən bəhs olunur. Azərbaycan və Serbiyanın tarixində öz ölkələrinin ictimai həyatına, mədəniyyətinə və elminə böyük töhfə vermiş bir çox qadınlar var. Onlarla tanışlıq oxucular üçün Serbiya və Azərbaycanın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini daha yaxşı anlamaq imkanı yaradır.
- Siz həm aktiv diaspor üzvü, həm də musiqiçisiniz. Diaspor işində musiqinin nə kimi rolu var?
- Qeyd etmək lazımdır ki, Serbiyada Azərbaycan mədəniyyətinə, xüsusilə də musiqisinə çox böyük maraq var. Mən 30 ildir ki, Serbiyada yaşayıram. Demək olar ki, bütün bu illərdə mən musiqi tədrisi və konsert ifaçılığı ilə bağlıyam. Serbiyada Azərbaycan diasporu böyük deyil. Amma, mənim fikrimcə, xaricdə musiqimizi, mədəniyyətimizi yerli əhaliyə çatdırmaq, tanış etdirmək daha vacib bir məsələdir.
Hər il yazıçı, şair, filoloq və rejissorlarımız Serbiyada təşkil olunan müxtəlif konfrans və festivallarda iştirak edirlər. Mərkəzimizin nümayəndələri tez-tez Serbiya mətbuatında çıxış edir, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə Serbiya ictimaiyyətini tanış edirlər.
- Serbiyalılara Azərbaycanın məşhur bəstəkarlarından hansılarının əsərlərini ifa edirsiniz?
- Mən öz konsertlərimdə mütləq Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirəm. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Üzeyir Hacıbəyov və başqa bəstəkarlarımızın əsərləri Serbiyanın konsert salonlarında səslənir. Mənim tələbələrim də Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməyi sevirlər. Eyni zamanda çalışıram ki, konsertlərdə Azərbaycan bəstəkarlarının vokal əsərləri Azərbaycan dilində səsləndirilsin.
Mərkəzimiz Belqrad Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının professoru Rasimə Babayevanın 25-27 iyun 2014-cü il tarixlərində Belqradda 14-cü dəfə keçirilən “Orqan günləri”ndə iştirakını təmin etmişdi. Səfər çərçivəsində R.Babayeva Belqrad İncəsənət Akademiyasının tələbələri üçün “master-klass” keçirmişdir. O, həmçinin Müqəddəs Məryəm kilsəsində təşkil edilmiş konsertdə də çıxış edib. Bu konsert zamanı Belqradda ilk dəfə Azərbaycanın Nazim Əliverdibəyov, Vasif Adıgözəlov, Qara Qarayev, Vaqif Mustafazadə və Xəyyam Mirzəzadə kimi bəstəkarlarının əsərləri səsləndirilib.
- Azərbaycan musiqisinin dünyada tanınması istiqamətində hansı işlər görürsünüz?
- Yuxarıda qeyd etdiyim konsertlərdən başqa, ən böyük fəaliyyətimiz bu il keçirtdiyimiz ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Serbiya Milli Teatrında konsert proqramı olub. Azərbaycanın Serbiyadakı səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və birgə təşkilatçılığı ilə baş tutan konsertdə Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev, Əməkdar artistlər dirijor Eyyub Quliyev və sopran Afaq Abbasova və serb musiqiçiləri iştirak ediblər. Serbiya Opera və Balet Teatrının simfonik orkestrinin müşayiəti ilə möhtəşəm konsert gecəsi təşkil edilmişdir. Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin simfonik əsərləri ifa olunmuşdur.
- Serbiyadakı diasporumuzla əlaqələriniz necədir?
- Dediyim kimi, bizim Serbiyadakı diasporumuz böyük deyil, amma əlaqələrimiz sıxdır. Həmvətənlərimiz çox böyük həvəslə bizim layihələrimizdə iştirak edirlər.
- Perspektivdə hansı layihələriniz var?
- Layihələrimiz çoxdur, lakin onları həyata keçirmək üçün həvəs və istəkdən başqa, maddi tərəfi də vardır. İmkanımız istəyimizdən çox azdır.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Cənubi Koreyada Azərbaycanı təmsil edənlər...
20.10.2018
Saç əkimi cərrahı: İnsan başından gün ərzində 100-150 tükün tökülməsi normaldır
18.10.2018
Rza Xəlilov: “Folklorşünaslarımızın fəaliyyət sahələrindən biri də şifahi xalq yaradıcılığımızın təbliği idi”
18.10.2018
Şəkər xəstələri üçün milli brendli dərman istehsal olunub
18.10.2018
Fransa prezidentinin tərcüməçisi: “Azərbaycanda yaşadığım tələbəlik illərini Fransada yaşaya bilmədim”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10306

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info