Avstraliya Senatında Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib
Tarix: 07.06.2018 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Xaricdəki azərbaycanlı gənclər Dağlıq Qarabağ həqiqətlərinin yayılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində də aktivlik göstərirlər. Belə ki, Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlılar Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib. Nəticədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb. Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.
Bu barədə aşıqlama verən PAGŞ-in nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstərdilər və bundan sonra da yolumuza əmin addımlarla davam edib, Polşa ictimaiyyətinə tarixi həqiqətləri çatdıracağıq.
Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycan Respublikasının Polşadakı Səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.
Bu arada Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilib. APA-nın Avstraliya senatına istinadən verdiyi məlumata görə, mayın 31-də Avstraliya Senatının xarici işlər, müdafiə və ticarət komitəsində rəsmi Kanberranın xarici və müdafiə siyasətinə dair dinləmələr keçirilib.
Dinləmələr zamanı bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Avstraliyanın tutduğu mövqe müzakirə edilib.
Dinləmələr zamanı Yaşıllar Partiyasının üzvü olan senator Li Riannon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb.
O, Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean regionu üzrə naziri xanım Konçetta Fierravanti-Velsin “Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, o cümlədən Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəti şəkildə dəstəkləyir" bəyanatına istinad edərək, bunun Avstraliyanın dəstəklədiyi ATƏT-in Minsk prosesinin bütün təməl prinsiplərinə uyğunluğunu soruşub.
Sualı cavablandıran Avstraliya Xarici İşlər və Ticarət Departamentinin Avropa və Latın Amerikası İdarəsinin rəhbəri Kətrin Reyper Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin, habelə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmamasının Avstraliya hökumətinin uzunmüddətli siyasəti olduğunu bir daha təsdiq edib. Həmçinin o bildirib ki, rəsmi Kanberra ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.


“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bütün sübutlar əhəmiyyətli və mötəbərdir”

Yeri gəlmişkən, Dilqəm Əsgərova və Şahbaz Quliyevə işgəncə verilməsinə dair sənədlər Avropa Məhkəməsinə təqdim olunub. Bu haqda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib: “Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunan videomateriallar tək Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən təqdim olunan görüntülər deyil. Onların arasında digər yollarla əldə olunmuş görüntülər də var”.
A. Bağırov deyib ki, əldə edilən materiallar üzərində iş aparılır: "Bu barədə çox ətraflı danışmaq istəmirəm. Avropa İnsan Haqları Məhkəməsinə Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı təqdim olunan videomateriallar sübutdur. Əlimizdə olan materiallardan, sübutlardan səmərəli istifadə etməyə çalışacağıq. Bu sübutların nə dərəcədə qanuni yolla əldə edilməsi və Avropa Məhkəməsinin belə hallara reaksiyasına gəlincə, sübutlar qanuni yolla əldə edilməlidir. Avropa Məhkəməsi bütün hallara əhəmiyyət verir. Bizim qüvvədə olan qanunvericiliyə əsasən, sübutlar qanuni yolla əldə edilməlidir. Ancaq işğal olunmuş Dağlıq Qarabağda işğalçı rejimin qondarma məhkəməsində, qondarma həbsxanasında hansı qanundan söhbət gedə bilər?! Axı orada qanun yoxdur ki, sübutların qanuni yolla əldə edilməsindən danışaq. Cinayətkarlar tərəfindən həbs olunan insanlara qarşı törədilən vəhşiliklər, cinayətlərdə hansı qanundan söhbət gedə bilər? Bunlar qanundan kənar məsələlərdir. Ona görə də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bütün sübutlar əhəmiyyətli və mötəbərdir".

“Rusiyadan alınan silahlar Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilə bilməz”
Politoloq Mübariz Əhmədoğlu isə “Azadinform”a açıqlamasında deyib ki, Rusiya elitası Ermənistanı və erməniləri olduğu kimi tanımağa başlayıb: “Moskvanın Ermənistanın hərəkətlərinə verdiyi reaksiyalar fonunda Rusiya mətbuatında yazılan yazılar, məşhur populist V. Jirinovskinin və nüfuzlu populyar jurnalist, “Rosneftin” mətbuat xidmətinin rəhbəri M.Leontyevin açıqlamaları bunu deməyə əsas verir. Söhbət N. Paşinyan hakimiyyətinə neqativ münasibətdən getmir. Ermənistanda baş verənlər Rusiyadan olan analoji açıqlamalara, sadəcə, şərait yaratdı”.
M. Əhmədoğlu bildirib ki, bənzər mövqe RF rəsmiləri tərəfindən də nümayiş etdirilir: “RF xarici işlər nazirinin müavini Q.Karasin Ermənistanın Rusiyadakı səfiri V.Toqanyanla ikitərəfli münasibətləri RF prezidenti V.Putinlə Ermənistanın baş naziri N.Paşinyan arasında Soçidə AİB müstəvisində keçirilmiş görüş fonunda müzakirə etdilər. Ehtimal ki, Q.Karasin V.Toqanyanın diqqətinə D.Tonoyanın müdafiə naziri təyin olunmasını, Ermənistanın iki nazirinin (Müdafiə və xarici işlər nazirlərinin birlikdə) Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər etməsini RF-in xoşuna gəlmədiyini çatdırıb. İki erməni nazirin vəzifəyə təyin olunan kimi Naxçıvan istiqamətinə səfər etmələri təhlükəli başlanğıc idi və sonrakı hadisələrdə bunu təsdiq etdi. RF XİN rəsmisi M.Zaxarova Dağlıq Qarabağ tənzimlənməsində verdiyi bəyanata əlavələri Ermənistanın maraqlarına uyğun deyil. RF-in Ermənistandakı səfirliyinin hərbi attaşesi general-mayor Yevgeni Bulavintsev Ermənistanın yeni təyin olunmuş müdafiə naziri D.Tonoyan və baş qərargahın rəisi A.Davtyanla görüşüb uzunmüddətli müzakirələr apardı. Y.Bulavintsev ehtimal ki, Rusiyanın Ermənistan üzrə hərbi siyasətinin incəliklərini hər iki erməni hərbi rəsmisinin diqqətinə çatdırıb. Məqsəd Ermənistanın yeni hərbi rəhbərliyinin “bilmədim” adı ilə Azərbaycana qarşı hərbi təxribatlar törətməsinin qarşısını almaqdır. Rusiyadan alınan silahlar Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilə bilməz, Rusiyadan alınan silah-sursatın istifadəsi ciddi nəzarət altındadır, hətta atılan patronlar barədə hesabat yazılmalıdır və s. bu kimi incəliklər mövcuddur. Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsi Ermənistandan pomidorların ixracı məsələsini siyasiləşdirməməyə çağırdı. Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya ərazisinə daxil olması yenidən problemlidir. RF-in müvafiq orqanları qısa müddət ərzində Ermənistana 4 dəfə xəbərdarlıq ediblər”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”
09.10.2018
Floridadakı soydaşlarımız erməni təxribatına qarşı etiraz ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10250

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info