Bədii əsərlərdə yaşayan qəhrəmanlar xalqın yaddaşına köçür
Tarix: 07.06.2018 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Xeyirxahlar qədrini
Əsli olanlar bilər,
Yaramazlar həmişə
Elə badalaq gələr.
(Əflatun Hüseynoğlu)

Ədəbiyyat insana ədəb-ərkan, mərifət aşılayan bir elm kimi insanların hər zaman diqqətini cəlb edir. Tarix elmi də sübut edir ki, bədii əsərlərdə yaşayan qəhrəmanlar xalq yaddaşına köçür. Yəni bədii əsərə gələn qəhrəmanlar tarixləşir. Bu isə bədii əsərin gücünün ən bariz göstəricisidir. Haqlı olaraq Azərbaycan xalqını şair xalq adlandırırlar. Axı bizim insanların hər bir sözündə poeziya ruhu var. Bu baxımdan da ədəbiyyatımızda dünya səviyyəli tanınmış şairlər yetişmiş və dünya ədəbiyyatının zənginləşməsində öz töhfələrini vermişlər. Heç şübhəsiz ki, günümüzdə də şairlər yaşayırlar və ciddi yaradıcılıqla məşğul olurlar. Onların yaradıcılığı da öz oxucu auditoriyasını tapır və beləcə, ədəbi mühitin daha da çiçəklənməsinə zəmin yaranır. Bu gün Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun Yırğançay kəndində yaşayan şair Əflatun Hüseynoğlunun şeirləri də diqqəti cəlb edir. Şair Əflatun Hüseynoğlunun seçmə şeirlərini oxucularla paylaşırıq.


ŞAİRLƏR

Hərənin bəxtinə bir qismət düşür,
Dərdi öz qoynuna tökər şairlər.
İlham at oynadıb girsə meydana,
Dərddən söz qalası tikər şairlər.

Baxmaz nə dövrlərə, nə də ki vara,
Sözdür tək silahı düşərsə dara.
Təbib üz döndərib gəlməsə kara,
Bağrının başını sökər şairlər.

Deyirlər şairlər tez qocalandı,
Dərd şair ömründən hey bac alandı.
Görəndə dərdləri çox haçalandı,
Yığışıb pünhanı bükər şairlər.

Onun bağ-bağçası nəğmələr, sözlər,
Sözlərdən ən gözəl incilər düzər.
Şerlə min mənalı hikmətlər yazar,
Qələmlə gül-çiçək əkər şairlər.

Əflatun qələmi alanda ələ,
İstəyir tərifi söyləyə belə;
Söz karvanı çıxıb düzəlsə yola,
Ona sarvan olub çəkər şairlər.


GƏRƏK

Həyat imtahandı yaranan kəsə,
Anlayıb yolunu biləsən gərək.
Üzü ağ çıxmağa bu imtahandan
Aqildən dərsini alasan gərək.

Şeytana dost olan Haqqa sarılmaz,
Günaha qərq olan heç vaxt durulmaz.
Bayağı sözlərlə elmə varılmaz,
Hikmət dəryasına dalasan gərək.

Ömür bağçasında güllənmək üçün,
Dağ çayı tək coşub, sellənmək üçün,
Ariflər yanında bəllənmək üçün,
Özünü zəhmətə salasan gərək.

Özündən gücsüzün haqqın almayıb,
Səfalət içində batıb qalmayıb,
Ara qatan bir fitnəkar olmayıb,
Kişi sifətində qalasan gərək.

Əflatun, sözünü demə nadana,
İnci kəlmələri çətin ki qana.
Bir nəsihət dedim, ay oğul, sana,
Ellərə nümunə olasan gərək.


DÜZÜ DÜZ

Mübahisə qan qaraldar, can yaxar,
Bacarırsan, sözlərinə düzü düz.
Cəhlə girmə bilmədiyin bir işdə,
Dil dolaşar danışanda düzü düz.

Mən müştaqam həqiqətə, düz ünə,
Müxənnətin əyrisi nə, düzü nə?
Oxumuşam Haqq kəlamın düzünə,
Söz deyərəm söhbətimdə düzü düz.

Əflatunam, sözüm daim Haqqadı,
Hər bir şeydən əziz bizə Haqq adı.
İndi görək kimin sözü haqqadı,
Araşdıraq əyrini həm, düzü, düz.


BÜLBÜL
(İsa Cavadoğlunun eyniadlı şeirinə nəzirə)
Oxuyursan nə həvəslə,
Nə sevgiylə, oxu bülbül.
Səsin məni heyran edib,
Getməz gözə yuxu, bülbül.

Yenə qəlbim coşub yaman,
Şən avazın dərdə dərman.
Bilsən sənə necə heyran
İnsanların çoxu, bülbül?

Əflatunun dərdi çoxdu,
Hey çəkdiyim gizli axdı.
Nəğmən məni oda yaxdı,
Nə cür deyim axı, bülbül?


GÖZƏLLİKDİ

Dünyanın bəzəyi olub əzəldən,
Uca dağ başında qar gözəllikdi.
Ağlı kəm olana nə lazım dövlət,
Başda ağıl olsa, var gözəllikdi.

Böyüklər sərvəti hünər, dəyanət,
Qismət olsa Haqdan gələr inayət.
Oğulda lazımdı qeyrət, mətanət,
Qızda ismət, həya, ar gözəllikdi.

Əflatun müxtəsər desin sözünü,
Heç kim xar eyləməz özü-özünü.
Axtarsan belədir işin düzünü,
Kişidə vəfalı yar gözəllikdi.

BİRİ SİNƏMDİ

İki gözüm tufan edir nə vaxtdı,
Birisi od tökür, birisi nəmdi.
Nişangah edibdir öz oxlarına,
İkisi gözlərim, biri sinəmdi.

Söyləyim adını, eşit yan duran,
Oduna qərq elə, tamam yandır, an.
Məni bu atəşə yaxıb-yandıran,
Biri öz taleyim, biri Sinəmdi.

Əflatun bax sənə yarayar indi,
Cismimi odun tək yara-yar indi.
Gur qala ocağı yar, a yar indi,
Alova bürünüb, bir isinəm di.


OYANAM İNDİ
(Qoca ilə cavanın deyişməsi)

Qoca:
Keçən günlərimi yaxşı keçirdim,
Gərəkmi yuxudan oyanam indi?
Zaman öz karvanın çəkib gedibdi,
Daha mən neyləyim, oy anam, indi?

Cavan:
Boylan hər tərəfə, bir nəzər yetir,
Səni dərdə salan oyan a, mindi.
İstərdim bir canan həmdəmim olsun,
Baxdım ki bu yana-o yana, mindi.

Qoca:
Ömrümün bağçası saraldı getdi,
Tərlan oylağını sar aldı getdi.
Sevinc üz döndərib, saraldı, getdi,
Özüm öz sinəmi oyanam indi.

Cavan:
Cavanlıq həvəsi məndə dərindi,
Açılır üzümə yaxşı dər indi.
Hər gözəl bir çiçək, deyir dər indi,
"Oduma yan" deyir o, yanam indi.

Qoca:
Qocalıq əl verib, titrər sər, bala,
Meh də vursa dözməz, can əsər, bala.
Yorğanı üstümə gətir sər, bala,
Buralıq deyiləm, o yanam indi.

Cavan:
Əflatun, sevgində dayan ha belə,
Eşqin dəryasında üz daha belə.
Min naz edib bu sinəmi, habelə
Məhəbbət oxuyla oyan, a mindi.


ÇƏKİR

Bilmirəm ki ötən aylar,
İllər məni hara çəkir?
Söz düşəndə eşq əhlindən,
Tez-tələsik ora çəkir.

Qəlbim dinir şən həvəsdə,
Gözəllər də kəmərbəstə.
Cəllad kimi durub qəsdə,
Mən yazığı dara çəkir.

İstəyirəm bahar-yazı,
Dilimdədi xoş avazı.
Bu könlümün işvə-nazı
Xumar gözlü yara çəkir.

Sinəmdən söz tökə-tökə,
Öldüm fikir çəkə-çəkə.
Sevgim məni tikə-tikə
Edir, para-para çəkir.

Əflatunam, sözüm yəni,
Sökür, didir həvəs məni.
Bilirsənmi bunlar səni
Bir qurulmuş tora çəkir?


YAR ALAR

Əsil insan gözlər əsil-zatını,
Gəzər eldə, tapar gözəl yar, alar.
Gözəl qismət yazmayıbsa Yaradan,
Qövr eyləyər sinəsində yaralar.

Halal olsa qazandığın dağ olar,
Haram yeyən bir gün sinədağ olar.
Yadın sözü tənə olar, dağ olar,
Yar qəlbini yar oxşayar, yar alar.

Əflatunam, söz deyərəm mərdana,
Namərd oğul böyütməz ki mərd ana.
Mərd insanlar mərd axtara, mərd ana,
Namərd elə könül qırar, yaralar.


Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Leonid Ptaşka və Həsən Bağırov Muğam Mərkəzində birgə konsert veriblər
15.10.2018
“CinemaPlus”da “Qış nağılı” filmində rol almış türk məşhurları ilə görüş
15.10.2018
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
15.10.2018
Şəki teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
13.10.2018
İqor Ponomarenkonun orkestrinin konserti olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10254

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info