ABŞ Prezidentinin xüsusi köməkçisi: “Azərbaycan çox böyük nailiyyətlər əldə edib”
Tarix: 07.06.2018 | Saat: 01:15:00 | E-mail | Çapa göndər



Bricit Brink:
“Azərbaycan mürəkkəb regionda müstəqil siyasət yürüdür”
ABŞ-ın daxili işlər və ekologiya naziri Rayan Zinke: “Azərbaycan həm region, həm də dünya üçün çox vacib dövlətdir”
ABŞ paytaxtının tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib. Ziyafətdə ABŞ tərəfini daxili işlər və ekologiya naziri Rayan Zinke, Ağ Evin rəsmi nümayəndəsi və ABŞ Prezidentinin xüsusi köməkçisi Fiona Hil, Dövlət katibinin təhsil və mədəniyyət üzrə köməkçisi Mari Roys, Dövlət katibinin köməkçisinin müavinləri Bricit Brink, Tim Lenderkinq və Dan Rasenblum, müdafiə katibinin köməkçisinin müavini Lora Kuper, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer, ABŞ Milli Qvardiyasının sədr müavini, üçulduzlu general Daniel Hokanson, konqresmenlər Bil Şuster, Henri Kueller, Mark Medous, Kolumbiya dairəsinin katibi Loren Voqan təmsil ediblər.
Min nəfərədək qonağın iştirak etdiyi ziyafətə ABŞ-ın dövlət qurumları, o cümlədən Ağ Ev, Dövlət Departamenti, Müdafiə Departamentinin çoxsaylı təmsilçiləri, Konqres üzvləri və peşəkar heyət, bir sıra ştatların nümayəndələri, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və diplomatik korpusun digər əməkdaşları, “beyin mərkəzləri”, geniş ictimaiyyətin, o cümlədən Azərbaycan, türk və yəhudi icmalarının çoxsaylı nümayəndələri qatılıblar. Ziyafətin açılışında çıxış edən səfir Elin Süleymanov sözügedən tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümünə həsr olunduğunu bəyan edib. Diplomat 100 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının qanunauyğunluğunu qeyd edərək, mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin qurulması, tolerantlıq ənənəsinin inkişafı və dini, etnik mənşəyindən və cinsindən asılı olmayaraq hər kəsin bərabərliyinin təmin edilməsi, bir çox aparıcı Qərb dövlətlərindən daha əvvəl qadınlara səsvermə hüququnun verilməsi barədə danışıb. Yüz il sonra yenə Azərbaycanın qabaqcıl mövqedə dayandığını söyləyən səfir E.Süleymanov ölkəmizin regionda həyata keçirdiyi irimiqyaslı layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Bakı Karqo Terminalını xatırladıb. O, Azərbaycanın həm də peyk ölkəsinə çevrildiyini bildirib, bu layihələrin yalnız Azərbaycanın deyil, daha geniş coğrafiyanın inkişafına səbəb olduğunu vurğulayıb. Səfir Azərbaycanın regionda liderlik rolunun ölkəmizin başçısının uzaqgörən siyasəti ilə bağlı olduğunu önə çəkib. Bundan başqa, tolerantlıq və multikulturalizm ənənələri ilə fərqlənən Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dini qrupların Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini eyni coşqu ilə qeyd etdiklərini söyləyən səfir xalqımız üçün müstəqilliyin əsas nemət olduğunu vurğulayıb. Səfir Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq ölkələrimiz arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan və bir çox sahəni, o cümlədən enerji təhlükəsizliyi, terrorla mübarizə, müdafiə və təhlükəsizlik məsələlərini əhatə edən əməkdaşlığı vurğulayıb. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırladan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. Həmçinin E.Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident Donald Tramp və Dövlət katibi Mayk Pompeonun Azərbaycan Prezidenti və xalqına təbrikini razılıqla xatırladıb.
ABŞ-ın müxtəlif ştatlarında soydaşlarımız tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini söyləyən səfir bu sırada Nyu-York, Hyuston, Çikaqo şəhərlərini qeyd edib, habelə bu yaxınlarda Bruklində Azərbaycanın 100 və İsrailin 70 illiyi ilə bağlı tədbiri Azərbaycan əsilli yəhudilərin təşkil etdiyini misal göstərib. Səfir ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində Azərbaycanın nüfuzunun dünya miqyasında artdığını bildirib və ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfələri, o cümlədən Balkanlar, İraq və hazırda Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb.

Tədbirdə iştirak edən ABŞ Administrasiyasının yüksəkvəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı fikirlərini ifadə ediblər. Daxili işlər və ekologiya naziri Rayan Zinke çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbriklərini çatdırıb. O, Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirdiyini vurğulayaraq ölkəmizin verdiyi töhfələrin nəzərə alınmasının vacibliyini bildirib. Ölkəmizi müttəfiq, dost və tərəfdaş adlandıran ABŞ naziri Azərbaycanın həm region, həm də dünya üçün çox vacib olduğunu söyləyib. ABŞ Prezidentinin xüsusi köməkçisi Fiona Hil çıxışında Prezident Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubu ziyafət iştirakçıları üçün oxuyub. O, ilk dəfə 30 il əvvəl – 1988-ci ildə ölkəmizə səfər etdiyini xatırlayaraq hazırda Azərbaycanın çox böyük nailiyyətlər əldə etdiyini vurğulayıb.
ABŞ Dövlət katibinin köməkçisinin müavini Bricit Brink bu yaxınlarda Azərbaycandan səfərdən olduqca məmnun qayıtdığını, Azərbaycanın mürəkkəb regionda müstəqil siyasət yürütdüyünü vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müsəlman demokratik respublikası olduğunu xatırladaraq bu dövlətin nailiyyətlərini sadalayıb. Hazırda Azərbaycanın vacib rol oynadığını vurğulayan B.Brink ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji, nəqliyyat layihələrini və digər layihələri qeyd edib. ABŞ rəsmisi Cənub Qaz Dəhlizinin uğurla tamamlanması və genişlənməsini ölkəsinin dəstəklədiyini bildirərək bu layihə ilə Xəzər regionunun dünya iqtisadiyyatına inteqrasiya edəcəyini söyləyib.
Daha sonra ABŞ Milli Qvardiyasının sədr müavini, üçulduzlu general Daniel Hokanson çıxış edərək Pentaqonun Azərbaycanla əməkdaşlığının tarixçəsinə nəzər yetirib, ABŞ-ın ölkəmizlə tərəfdaşlığa önəm verdiyini önə çəkib.
Konqresdə Azərbaycan İşçi Qrupunun rəhbəri Bil Şuster və konqresmen Henri Kueller çıxışlarında 100 illik münasibətilə Azərbaycanı təbrik edib, ölkəmizin ABŞ üçün vacib tərəfdaş olduğunu bildirib, Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Loren Voqan 2018-ci il 28 May tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub. Həmçinin Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam qubernator Meri Fellinin 28 May tarixinin Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatının mətnini oxuyub. Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı hazırlanmış film göstərilib, “Silk Road Dance Company” və “Ritm Rəqs” qrupunun ifasında Azərbaycanın milli musiqi və rəqs nümunələri qonaqları valeh edib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təntənəli tədbirdə ABŞ tərəfi olduqca yüksək səviyyədə təmsil olunub. Belə ki, ilk dəfə tədbirdə çoxsaylı natiqlər sırasında ABŞ kabineti səviyyəsində nazir, eləcə də Ağ Ev, Dövlət Departamenti və Müdafiə Departamentinin yüksək rütbəli rəsmiləri və Konqres üzvləri birlikdə çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info