“Naxçıvandakı İslam abidələri bərpa olunub, onlara yeni həyat verilib”
Tarix: 07.06.2018 | Saat: 12:56:00 | E-mail | Çapa göndər
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi heç də təsadüfü deyil. Sözsüz ki, Naxçıvan şəhərinə belə bir statusun verilməsini şərtləndirən bir sıra mühüm amillər olub. Çünki zəngin tarixə malik olan Naxçıvan şəhəri ötən illər ərzində çox böyük inkişaf yolu keçib. Onun müasirliyi və tarixiliyi bu gün hər kəsin diqqətini cəlb edir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyib.
Fəxrəddin Səfərli bildirib ki, son tədqiqatlara görə, əsası bir yaşayış məskəni kimi eramızdan əvvəl V minilliyin əvvəlində qoyulan Naxçıvan, təxminən 5 min il bundan əvvəl şəhər kimi formalaşıb. Naxçıvan şəhəri, bütövlükdə, Naxçıvan ərazisi bir sıra mədəniyyətlərin, o cümlədən Eneolit, Boyalı qablar və Kür-Araz mədəniyyətlərinin yarandığı və ətraf yerlərə yayıldığı bir mərkəzə çevrilib. İlk orta əsrlər dövründə Naxçıvan şəhəri mühüm bir inzibati-siyasi mərkəz kimi də diqqəti cəlb edirdi. Ərəblərin buraya gəlişindən sonra da şəhər üstünlüyünü saxlayıb, bu səbəbdən də ərəblər ətraf əraziləri idarə etmək üçün Naxçıvan şəhərini özləri üçün hərbi-inzibati mərkəz seçmişdilər.
“Naxçıvan şəhəri, həmçinin bütün Naxçıvan ərazisi islamlaşmadan sonra, xüsusilə islamın intibah dövründə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, ticarət-iqtisadi cəhətdən xeyli inkişaf edib. Hətta şəhər X-XI əsrlərdə “Naxçıvanşahlıq” adlı kiçik feodal dövlətinin, 1136-cı ildə tarix səhnəsinə çıxan Azərbaycan Atabəyləri kimi nəhəng bir dövlətin paytaxtına, Azərbaycan memarlığının mərkəzlərindən birinə çevrilib”, – deyən institutun direktoru vurğulayıb ki, Naxçıvan Azərbaycan mədəniyyəti tarixinə Əcəmi Əbubəkr oğlu Naxçıvani kimi dahi memar bəxş edib. Burada Azərbaycan memarlığının ən möhtəşəm qollarından olan Naxçıvan məktəbi formalaşıb. Şəhərdə və bütün Naxçıvan bölgəsində çoxlu sayda gözəl və möhtəşəm memarlıq abidələri, o cümlədən türbələr, məscidlər, xanəgahlar, mədrəsələr, hamamlar, buzxanalar, mülki binalar və bu qəbildən olan digər abidələr inşa edilib. Naxçıvan şəhərində Yusif Küseyir oğlu, Möminə xatun, Came məscidi, Dövlətxana və digər bu kimi möhtəşəm memarlıq nümunələri yaradılıb. Naxçıvan şəhəri yüksək inkişaf səviyyəsinə çatıb. Buna görə də gözəlliyinə və bənzərsizliyinə görə orta əsr müəllifləri onu obrazlı şəkildə “Nəqşi-Cahan” (“Dünyanın bəzəyi”) adlandırıblar.
Sonralar bölgənin müxtəlif yerlərində Gülüstan türbəsi, Qarabağlar Türbə Kompleksi, Ziya-ül Mülk körpüsü, Darkənd günbəzi, Əlincəçay xanəgahı, Qeysəriyyə, imamzadələr kimi nadir tarixi abidələr ucaldılıb. Beləliklə, orta əsrlər zamanı sənətkarlarımız tərəfindən Naxçıvanda memarlıq sahəsində çox zəngin bir mədəni irs yaradılıb.
Fəxrəddin Səfərli qeyd edib ki, vaxtilə dağılıb sıradan çıxmış çoxlu sayda müxtəlif təyinatlı tarix-mədəniyyət abidəsi Ali Məclis Sədrinin diqqət və qayğısı ilə bərpa olunaraq əvvəlki görkəminə salınıb, onlara yeni həyat verilib, tədqiqi və təbliği sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu abidələrin əksəriyyəti məscidlər, imamzadələr, xanəgahlar, türbələr və İslamla sıx əlaqədar olan digər abidələrdir. Bu istiqamətdə işlər bu gün də sistemli şəkildə davam etdirilir. Azərbaycan xalqının məğlubedilməzlik rəmzi olan Culfa rayonundakı Əlincəqalada və XII əsr Azərbaycan memarlığının təkrarolunmaz nümunələrindən sayılan Gülüstan türbəsində Ali Məclis Sədrinin sərəncamları əsasında aparılan bərpa işləri 2016-cı ildə yüksək səviyyədə başa çatdırılıb. Ali Məclis Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən Kəngərli rayonundakı XII-XIV yüzilliklərə aid olan Qarabağlar Türbə Kompleksində başlanılan bərpa işləri tamamlanmaq üzrədir. 2016-2018-ci illərdə Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadə, Naxçıvan şəhərindəki imamzadə kompleksi və Babək rayonunun Nehrəm kəndindəki imamzadə bərpa olunub. Hazırda Şərur rayonunun Yengicə kəndindəki hamamda bərpa işləri tamamlanmaq üzrədir.
Son illərdə muxtar respublikada bir sıra yaşayış məskənlərində mövcud olan məscidlərin və ziyarətgahların əvvəlki tarixi görkəminə qaytarıldığını diqqətə çatdıran AMEA-nın müxbir üzvü bildirib ki, bir sıra kəndlərdə dini ibadətgahlar tikilərək istifadəyə verilib. Babək rayonunun Nehrəm kəndindəki məscid bunun ifadəsidir. Bu gün muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilib. 95 məscid və 23 pir isə yenidən qurulub və ya bərpa olunub. Hazırda Naxçıvan şəhərinin cənub tərəfində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin və Nuh Peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında böyük məscid binası inşa olunmaqdadır. İbadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən, kitabxanadan ibarət olan 15 günbəzli məsciddə, eyni zamanda, 2000 nəfər ibadət edə biləcək. Muxtar respublikada bu istiqamətdə keçirilən belə tədbirlər isə dünyanın müxtəlif yerlərindən, o cümlədən müsəlman ölkələrindən qədim diyarımıza gələn alimlərin, turistlərin, dövlət nümayəndələrinin və başqa insanların diqqətindən yayınmır. Şübhəsiz ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində sadalanan bu amillər nəzərə alınıb.
Fəxrəddin Səfərli deyib ki, əgər Naxçıvanda müasir infrastruktur yaradılmasaydı, qeyd olunan bütün bu faktlar Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması üçün kifayət etməzdi. Çünki İslam Mədəniyyətinin Paytaxtı seçilən şəhərlərə dünyanın 50-dən artıq ölkəsindən yüksək səviyyəli qonaqlar gəlir. Həmin qonaqların yerləşdirilməsi üçün müasir tələblərə cavab verən, dünya standartlarına uyğun otellərin, başqa məişət obyektlərinin olması çox vacibdir. Bütün bu şərait bu gün Naxçıvanda var. Digər tərəfdən, hər hansı bir şəhərin İslam Mədəniyyətinin Paytaxtı elan olunması üçün həmin şəhər bir sıra keyfiyyətlərə malik olmalıdır. Belə ki, həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən qurumlara malik olmalıdır. Naxçıvan şəhəri isə bütün bu tələblərə cavab verir. Şəhərin İslam Mədəniyyətinin Paytaxtı seçilməsində həm də son illərdə Naxçıvanda reallaşan mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin, burada dövlət başçılarının görüşlərinin təşkili və bu sahədə qazanılan təcrübə də öz müsbət təsirini göstərib.




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
23.06.2018
Müdafiə naziri Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib
22.06.2018
Xaçmaz sakini 200-dən çox dovşan saxlayır
21.06.2018
İmtahan fənlərinin sayı azaldılır
21.06.2018
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda dəyirmi masa keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9450

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info