Biz ardıcıl siyasət aparmaqla ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik”
Tarix: 07.06.2018 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


XİN:
“Son proseslər bir daha göstərdi ki, Dağlıq Qarabağ bölgəsinin erməni icması mafiya strukturunun əsarəti altındadır”

“Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda münaqişənin həlli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq”

Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur

Ermənistan Baş naziri N.Paşinyan Dağlıq Qarabağla bağlı bir sıra açıqlamalarla çıxış edib. Onun bu açıqlamasına Azərbaycan XİN öz münasibətini bildirib. XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, rəsmi Bakı Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndirir.
H.Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir: "Ermənistan rəhbərliyini əldə edilmiş razılaşmaların kağız üzərində qalması narahat edirsə, onda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməlidir. Bu qətnamələrdə işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər. Dağlıq Qarabağda cərəyan edən son proseslər bir daha nümayiş etdirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması mütəşəkkil cinayətkar qruplaşma və mafiya strukturunun total əsarəti və istismarındadır".
XİN rəsmisi bildirib ki, danışıqlar prosesi ilə əlaqədar Azərbaycan tərəfi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifadə edib: "Münaqişənin tezliklə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan mövcud format və gündəlik əsasında danışıqların davam etdirilməsinə hazırdır. Danışıqların hədəfi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasıdır.
Ermənistan tərəfi anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir".
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməli olduğunu bəyan edib.
Yeri gəlmişkən qeyd edək ki, Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunub. Ölkə başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır: “Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda münaqişənin həlli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir”.
Sergey Lavrov növbəti erməni yalanını ifşa etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla birgə mətbuat konfransı keçirib. S.Lavrov deyib ki, ATƏT Minsk qrupunun rusiyalı həmsədri İqor Popov heç vaxt deməyib ki, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına qayıtmalıdır. Erməni jurnalist ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatına, xüsusilə rusiyalı həmsədr İqor Popovun, guya, müəyyən mərhələdə Dağlıq Qarabağın danışıqlar masasına qayıtmasının zəruriliyi barədə fikirlərinə istinad edərək sual verib: “Bununla bağlı Rusiyanın indiki mövqeyi necədir və həmsədrlərin dediyi kimi, Dağlıq Qarabağın danışıqlar prosesinə qayıtması mərhələsi yaxınlaşmırmı? Nazir suala cavabında bildirib ki, Rusiyanın mövqeyi dəyişməz qalıb: “Bu mövqe hər zaman Dağlıq Qarabağ məsələsinin ATƏT Minsk qrupu vasitəsilə həllində əks olunub. Bu prosesin iştirakçıları Azərbaycan və digər dövlətlərlə yanaşı, həm də Ermənistandır. Əminik ki, bu, optimal formatdır və Minsk qrupunun Fransa və ABŞ ilə birgə həmsədrlərindən biri qismində biz Bakı ilə Yerevana razılığa gəlmələrinə imkan verəcək şəraitin yaradılması üçün ziddiyyətsiz ümumi xətt həyata keçiririk. Bu iş uzun illərdir ki, davam edir, müxtəlif mərhələlər olub. Yeri gəlmişkən, bəzi mərhələlərdə Dağlıq Qarabağ nümayəndələri də bu prosesdə iştirak edib. Sonra tərəflərin razılığı ilə format dəyişdirildi və indiki kimi oldu. Popov heç vaxt deməyib ki, onlar qayıtmalıdır. Xahiş edirəm ki, diqqətli olaq. Əgər tərəflər hansısa mərhələdə Dağlıq Qarabağın danışıqlarda yenidən təmsil olunması ilə bağlı razılığa gələrlərsə, bu, onların qərarları olacaq və biz bu qərara hörmətlə yanaşacağıq”.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməli olduğunu bəyan edib.

Mnatsakanyan:
“Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün səylər göstərməyə hazırdır”
Rusiya xarici işlər naziri ilə görüşdə beynəlxalq gündəmdə olan məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik. Görüşdə bu məsələyə xüsusi diqqət ayırdıq. Biz Rusiyanın Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini yüksək qiymətləndiririk”. Bunu Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib. ”Bizim üçün əsas məsələ Dağlıq Qarabağ xalqının təhlükəsizliyi məsələsidir. Ermənistan münaqişənin sülh yolu ilə həll olunması üçün birgə səylər göstərməyə hazırdır”, - deyə Z. Mnatsakanyan vurğulayıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
: “Ermənistan ilə Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”
21.06.2018
“Həmsədrlərin qarşısında duran birinci məsələ danışıqların statusudur”
20.06.2018
Hikmət Hacıyev: “Ermənistan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır”
14.06.2018
“Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq yolunu seçib”
13.06.2018
Həmsədrlər Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə vəd veriblər?

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9447

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info