“Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib”
Tarix: 08.06.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Elman Nəsirov: “Əgər Ermənistanın yeni hakimiyyəti köhnə hakimiyyətin buraxdığı səhvlərdən nəticə çıxarmasa, Ermənistanın düşdüyü bu ağır vəziyyətin əsas səbəbinin məhz işğal faktoru olduğunu dərk etməsə, Ermənistanın heç bir gələcəyi yoxdur”

Ermənistanda yeni hakimiyyətə gələn qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sabit mövqedə olmaması diqqət çəkir. Yeni baş nazir Paşinyanın seçildikdən sonra Dağlıq Qarabağ səfər etməsi və orda verdiyi açıqlamaları konstruktiv hesab etmək olmaz. Ekspertlərin bəzisi hesab edir ki, Paşinyanın münaqişə ilə bağlı açıqlamaları, əslində, daxili ictimai rəyə əsaslanıb və indiki halda, o, başqa formada danışa bilməz. Bəzi ekspertlər isə hesab edirlər ki, bu açıqlamalar Paşinyanın münaqişənin həllində əvvəlki siyasəti dəyişməyəcəyinə işarədir. Amma həmsədrlərin səfəri, Ermənistan xarici işlər nazirinin Lavrovla keçirdiyi görüş təsdiqləyir ki, Paşinyan hökumətinə bəzi reallıqları başa salmağa ehtiyac var. Dünən Ermənistan parlamentində yeni hökumətin fəaliyyət proqramının müzakirəsi keçirilib. Hökumətin gələcək taleyi və yeni parlament seçkilərinin keçirilməsi həmin proqramın qəbulundan asılıdır. Parlamentdə çıxış edən Paşinyan maraqlı açıqlamalar verib. Paşinyan parlamentdə deyib ki, indiyədək ölkədə keçirilən demək olar bütün parlament və prezident seçkiləri saxtalaşdırılıb: “Mən hesab edirəm ki, 1991-ci ildə keçirilən prezident seçkilərindən və 1999-cu ildə keçirilən parlament seçkilərindən başqa, digər bütün seçkilər saxtalaşdırılıb. Bunun üçün fiziki məhvdən başlamış, seçki prosesi zamanı rüşvətə qədər bütün qanunsuz vasitələrdən istifadə olunub”. O, həmçinin bu proses səbəbindən ölkədə əxlaq qaydalarına zidd atmosferin yarandığını qeyd edib: “Ermənistanda bütün qüsurlu hadisələrin bununla birbaşa əlaqəsi var”. Göründüyü kimi, Ermənistanın yeni baş naziri işğalçı ölkədə indiyə qədər mövcud olmuş problemləri dilə gətirib. Ermənistana başçılıq etmiş kriminal rejim ölkəni talayaraq, insanların xaricə qaçmasına, əhalinin yoxsullaşmasına səbəb olub. Paşinyan özü etiraf edir ki, indiyə qədər Ermənistanda ədalətli seçki keçirilməyib, insanlar adi hüquqlardan məhrum olub, hətta fiziki cəhətdən məhv ediliblər. Köçəryan və Sarkisyan rejimlərinə aid olan bu ittihamlar işğalçı rejimin indiyə qədər həyata keçirdiyi siyasətin ifşa olunmasıdır. Məhz həmin rejimlərin siyasəti nəticəsində münaqişə indiyə qədər həll olunmayıb. Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Bu isə resursları çox məhdud olan Ermənistanın daha da kasıblaşmasına səbəb olub. İndi bu reallıq Ermənistanda həm baş nazir səviyyəsində, həm də digər siyasi dairələr tərəfindən açıq şəkildə ifadə olunur. Azərbaycan dövlət başçısı İlham Əliyev Ramazan ayı münasibətilə verilən iftar mərasimindəki çıxışında bu həqiqətləri səsləndirib. Prezident çıxışında deyib ki, mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir: “Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”. Prezident deyib ki,
nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib: “O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”. Prezident ümid etdiyini bildirib ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək: “Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.
Milli Məclisin deputatı Elman Nəsirov “Trend”ə dəyərləndirməsində deyib ki, Prezident İlham Əliyev həm Ermənistanın yeni rəhbərliyinə, həm də ATƏT-in Minsk qrupuna ciddi mesajlar verib: "Ümumiyyətlə, Ermənistanda müşahidə olunan bugünkü proseslər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə baş verən hadisələrin məntiqi davamıdır. Bütün bunlar proqnozlaşdırılan idi və dövlətimizin başçısının da qeyd etdiyi kimi, erməni xalqına 20 il ərzində ancaq öz maraqlarını güdən kriminal xunta rejimi rəhbərlik edib. Bu rejimin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan ölkəni tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Bütün bunları Prezident İlham Əliyev dəfələrlə deyib. İndi isə bu həqiqəti erməni xalqı da təsdiq edir". Millət vəkili deyib ki, artıq bu reallıqları müxtəlif erməni politoloqları və KİV-ləri də qeyd edirlər: "Ermənistan nə qədər ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, onun heç bir perspektivi yoxdur. Əgər Ermənistanın yeni hakimiyyəti köhnə hakimiyyətin buraxdığı səhvlərdən nəticə çıxarmasa, Ermənistanın düşdüyü bu ağır vəziyyətin əsas səbəbinin məhz işğal faktoru olduğunu dərk etməsə, Ermənistanın heç bir gələcəyi yoxdur və Ermənistan tərəfi bilməlidir ki, münaqişə yalnız və yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır". E.Nəsirov qeyd edib ki, Prezident bu çıxışı ilə həm Ermənistana, həm də bu münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi: “Minsk qrupunun həmsədrləri iyun ayında Ermənistana səfər edəcəklər. Azərbaycan Prezidenti həm də onlara danışıqların hansı əsasda aparılmalı olduğu barədə birbaşa mesaj ünvanladı. Yəni Ermənistanda yeni hakimiyyətin formalaşması heç bir halda Azərbaycanın mövqeyində dəyişikliyə gətirməyib, Azərbaycan üçün yalnız və yalnız ərazi bütövlüyü əsas prinsipdir və bundan kənarda heç bir müzakirə ola bilməz”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info