Akif Əlizadə: “Akademiyada islahatlar dərinləşəcək”
Tarix: 08.06.2018 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib. Tədbirdə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, müxtəlif dövlət və hökumət qurumlarının, ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.
Ümumi yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra akademik Akif Əlizadə AMEA-nın beşillik fəaliyyətinə dair məruzə ilə çıxış edib. AMEA rəhbəri akademiyanın Rəyasət Heyətinin 2013-cü ildə seçilmiş tərkibinin beşillik fəaliyyət müddətinin başa çatdığını, bu müddətdə prioritet istiqamətlər üzrə bir çox nailiyyətlərə imza atıldığını bildirərək deyib: “Bu gün akademiya elmi problemlərin həlli ilə bərabər, respublikamızın ictimai və iqtisadi inkişafında, strateji yol xəritələrinin həyata keçirilməsində yaxından iştirak edir”. AMEA-nın prezidenti “Web of Science”, “Scopus”, “Google” bazaları üzrə yüksək statistik göstəricilər əldə edildiyini, tətbiqi tədqiqatların səmərəliliyinin əhəmiyyətli dərəcədə artırıldığını, elm və təhsilin inteqrasiyası, elektron elmin formalaşması istiqamətlərində mühüm addımların atıldığını, beynəlxalq elmi əlaqələrin genişləndiyini deyib.
Akif Əlizadə AMEA-da həyata keçirilən sosial proqramlardan, elmin populyarlaşdırılması istiqamətində fəaliyyətdən, hüquqi islahatlardan, ictimaiyyətlə əlaqələrin qurulmasında əldə edilən uğurlardan da söz açıb.
Akademik müasir dünyanın çağırışlarının, ölkəmizin inkişaf prioritetlərinin Azərbaycan elmi qarşısında yeni-yeni vəzifələr müəyyənləşdirdiyini vurğulayaraq deyib: “Azərbaycan alimləri kiber-fiziki sistemlər, molekulyar biologiya, molekulyar genetika, bioinformatika, texnologiyaların həyat proseslərinə kompleks tətbiqi, yaşıl təfəkkür, koqnitiv psixologiya, psixofizika, süni intellekt, neyrobiologiya, neyrofiziologiya və başqa elm sahələrində ən müasir tədqiqatların müəllifləri olmalıdırlar. Biz Azərbaycan alimləri bütün qüvvələrimizi səfərbər edərək bu məqsədə doğru inamla addımlamalıyıq”.
Sonra AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair verilən suallar AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev tərəfindən cavablandırılıb.

"Magistraturaya qəbul olanların sayı 36 faiz artıb"
Tədbirdə təhsil naziri Ceyhun Bayramov çıxış edib. Nazir bildirib ki, magistratura səviyyəsində təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəticəsində ali məktəblərin magistraturasına qəbul olanların sayı əvvəlki illə müqayisədə 36 faiz, qəbul olan oğlanların sayı isə 74 faiz artıb. O qeyd edib ki, son 4 ildə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimlərinin impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı 68 faiz artıb.

"Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti təkmilləşdiriləcək"

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti təkmilləşdiriləcək. O bildirib ki, universitetin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübə öyrəniləcək. Nazirin sözlərinə görə, Azərbaycanda dövlət tərəfindən fermerlərə dəstək göstərilir: "Dövlət tərəfindən fermerlərə verilən dəstək mütəşəkkil, şəffaf və innovativ yolla həyata keçirilməlidir. Bu, bizim əsas məqsədimizdir". İ. Kərimov qeyd edib ki, aqrar sahənin inkişafı üçün kəndli və fermerlərə yaxınlıq, kənd təsərrüfatı sahəsində səmərəli idarəçilik və beynəlxalq təcrübənin tətbiqi əsas götürülüb. Nazir AMEA və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən birgə elmi araşdırmaların aparılmasının zəruriliyini vurğulayıb. O əlavə edib ki, birgə aparılacaq elmi araşdırmaların nəticələri əsasında kənd təsərrüfatı sahəsində kompleks tədbirlər həyata keçirilə bilər.

"Regionun ən təhlükəsiz data mərkəzi Azərbaycandadır"
"Azərbaycanda informasiya-kommunikasiya və yüksək texnologiyalar sahəsi uğurla inkişaf edir." Bunu illik ümumi yığıncaqda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib. Nazir bildirib ki, texnologiyalar sahəsində islahatların genişləndirilməsi qarşıda duran mühüm vəzifələrdən biridir: "Bu sahədə ciddi islahatlar aparılır, texnoloji parklar yaradılır, innovativ ideyaların dəstəklənməsi üçün imkanlar genişləndirilir". R. Quluzadə qeyd edib ki, regionun ən təhlükəsiz data mərkəzi Azərbaycandadır.
Tədbirdə ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın Rəyasət Heyətinin 2017-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq hesabat təsdiq edilib. Qərarda “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda əks olunmuş elmi-nəzəri, praktiki və innovativ istiqamətlərdə vəzifələrin reallaşdırılması üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsi, beynəlxalq elmi əlaqələr, eləcə də yüksək texnoloji bizneslə əlaqələrin genişləndirilməsi, AMEA-da magistrant və doktorant hazırlığının dünya elminə inteqrasiya olunan, ölkədə bilik iqtisadiyyatını inkişaf etdirən perspektiv elmi istiqamətlər üzrə aparılması və digər məsələlərlə bağlı müddəalar yer alır.
Ümumi yığıncaqda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatları təqdim olunub.
Dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin aktual problemlərinə həsr edilmiş fundamental elmi tədqiqatlarına, Xəzər dənizində neft və qaz yataqlarının kəşf olunması və Azərbaycanda neft sənayesinin inkişafındakı böyük xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə və müasir plazma fizikasının yaradılmasına verdiyi fundamental elmi töhfələrinə, beynəlxalq kooperasiyalı kosmik texnologiyaların yüksək elmi nəticələrinə və Azərbaycanda kosmik texnologiyaların inkişafındakı böyük xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif ediliblər.
Yarımkeçiricilərdə elektrikkeçirmə mexanizminin aktual problemlərinə həsr olunmuş fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadır Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına mükafatları ilə təltif olunublar.
Qeyri-kovalent əlaqələrin, “dopinq” və “spayder” effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nanoquruluşların sintezi, müxtəlif mühitlərdə stabilləşdirilməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmova AMEA-nın akademik Yusif Məmmədəliyev adına, “Dünya palçıq vulkanları atlası” (Azərbaycan, rus və ingilis dillərində) adlı fundamental elmi əsərinə, eləcə də unikal təbiət hadisəsi olan palçıq vulkanizminin geologiyasının, geotektonikasının, geokimyasının və mineralogiyasının öyrənilməsi sahəsində çoxillik elmi fəaliyyətinə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan və Yaxın Şərqin erkən orta əsrlər tarixinin mənbəşünaslıq, regionun sosial-iqtisadi, siyasi-mədəni problemlərinin və tarixi coğrafiyasının tədqiqi, təhlili və təbliğinə görə akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı verilib.
AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatına isə orijinal üslubu və elmi əsaslı təkraredilməz yaradıcılığı ilə müasir Azərbaycan rəngkarlıq məktəbini dünya səviyyəsində tanıtdığına görə Xalq rəssamı Tahir Salahov layiq görülüb.
Ümumi yığıncaqda AMEA-nın prezidenti vəzifəsinə və AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib. AMEA-nın illik ümumi yığıncağında akademiyanın hazırkı prezidenti Akif Əlizadə yenidən akademiyanın prezidenti seçilib. Ümumi yığıncaqda akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın vitse-prezidentləri seçiliblər.

"Akademiya büdcədənkənar vəsait qazanacaq"
Akademiyanın prezidenti Akif Əlizadə bildirib ki, Azərbaycan elmi hər zaman irəlidə olmalıdır. AMEA prezidenti qeyd edib ki, akademiyada islahatlar bir qədər də dərinləşəcək: “Bu, qarşımızda duran ən böyük vəzifədir. Akademiyanın Yüksək Texnologiyalar Parkının infrastrukturu tam yaradılandan sonra akademiya büdcədənkənar vəsait qazanacaq və Azərbaycan elmi büdcədənkənar maliyyə hesabına inkişaf edəcək". Akademik bildirib ki, hazırda akademiya universitetinin yaradılması əsas prioritetdir. Azərbaycan alimlərinin Avropa layihələrində iştirakının vacibliyini vurğulayan A. Əlizadə qeyd edib ki, növbəti illərdə regional yönümlü layihələr və tədqiqatlar AMEA tərəfindən dəstəklənəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Fiziki məhdudiyyəti olanların yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək
20.08.2018
Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
20.08.2018
UNEC nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanıb
18.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçirilir
18.08.2018
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9916

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info