Şair ürəyi həssas, duyğulu, həyəcanlı olur
Tarix: 11.06.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Bircə baxış qananların bəsidi,
Qanmaza deməyə söz də hayıfdı.
Paxıllıqla qəlbi dolub daşana,
Dünyanı görməyə göz də hayıfdı.
(Şahlar Qəribli)


Şeir insan ömrünə İlahidən bir paydır. Həqiqətən, şair ürəyi həssas, duyğulu, həyəcanlı olur. Biz onların şeirlərində bu deyilənlərin şahidi oluruq. Şairlik vergidir və bunun son məhsulu isə şeirdir. İlhamla yazılan mənalı və gözəl şeirləri qorumaq lazımdır. Belə şeirlər öz oxucusunu daha tez tapır. Bəzən bir şeirin ömrü insan ömründən daha çox olur. Çox zaman isə şeirlər ölməzlik qazanır. Günümüzdə yaşayan el şairlərinin yaradıcılığı mətbuatımız tərəfindən maraqla izlənilir. Onların yaradıcılıqları dövri mətbuatda mütəmadi olaraq işıqlandırılır. Belə şairlərdən biri də Şahlar Qəriblidir. Qəribov Şahlar Hüseyn oğlu 28.01.1977-ci ildə Tovuz rayonunun Qəribli kəndində anadan olub. Məzahir Quliyev adına Şamlıq kənd orta məktəbini bitirib. Xalq yaradıcılıq üslubunda gözəl şeirlər yazır. İndi isə şair Şahlar Qəriblinin yaradıcılığından bəzi seçmə şeirləri oxuculara təqdim edirik.


GƏLİR İNDİ

Daha qocalmışam, huşum yorulub,
Ağılım özümə kəm gəlir indi.
Nə qədər çalışsam zil olmur havam,
Düşüb zil kökündən bəm gəlir indi.

Verdi öz hökmünü ötüşən illər,
Baxmayır sözümə titrəyir əllər,
Yanımdan ötəndə nazlı gözəllər,
Baxdıqca gözümə nəm gəlir indi.

Ötən aylar sanki durub qəsdimə,
Alışmıram, qovruluram istimə,
Qəribli Şahlaram, elə üstümə
Sevinc əvəzinə qəm gəlir indi.
07.06.2018

BURDA

Qürbət eldə gəl soruşma halımı,
Həsrətdən pərişan oluram burda.
Yadıma düşəndə dostlar, qohumlar,
Kövrəlib bulud tək doluram burda.

Ruhum nə dincəlir, nə də yatmayır,
Ötüşən hər günü, ayı il sayır.
Sanki boğuluram, havam çatmayır,
Susuz çiçək kimi soluram burda.

Qəribli, yazıdı, bax çəkir sərin,
Dayan ayrılığa varsa hünərin,
Çiçək tək ömrümdə açan günlərin,
Bir-bir ləçəyini yoluram burda.
27.05.2018

GƏZİR

Yenə xəyallara dalmışam, Allah,
Könlüm uzaqları, haranı gəzir?
Bir-bir vərəqləyir ötən günləri,
Ötüşən çağları, hər anı gəzir.

Bu uzaq ellərdə, düşmüşəm bəndə,
Haqqın yazısına neyləsin bəndə?
Uçur bir quş kimi xəyalım kəndə,
Dolanıb dağları, aranı gəzir.

Qəribliyəm, qaldım qürbət diyarda,
Bilmirəm ömrüm bitəcək harda?
Özüm buradayam, ürəyim orda,
Vətən torpağını-oranı gəzir.
25.05.2018

QARDAŞ
(təcnis)

Etibar yoxdursa, ilqar yoxdursa,
De, necə söykənsin bel-belə, qardaş?
Qoca dünya hey əkilir şum olur,
Üstündə söykənib bel-belə, qardaş.

Zaman hakim ola, düzü saxlaya,
Yox edə əyrini, düzü saxlaya,
Daha inanmıram düzü saxlaya,
Əyib qamətini bel belə, qardaş.

Qəribli Şahlaram mənəm deyəni,
Sına quru sözlə mənəm deyəni,
Çox mənəm söyləyib, mənəm deyəni,
Sındırıb yığıblar bel-belə, qardaş.

BÜLBÜL
(İsa Cavadoğlunun eyniadlı şeirinə nəzirə)

Qürbət eldə mən qəribin,
Gəl halına ağla, bülbül.
Yaralıyam neçə yerdən,
Yaralarım bağla, bülbül.

Gəl oxuma qəmli belə,
Həsrət könlüm gəlib dilə,
Demədim ki, nəğmən ilə
Ürəyimi dağla, bülbül.

Sinəm üstə yüz ox deyib,
Həsrət-hicran qəddim əyib,
Qəribli tək vətən deyib,
Bu həsrətlə çağla, bülbül.
08.06.2018.

BELƏSİNƏ

Aman Allah, ağlım aldı bu gələn,
Olasan olanda yar beləsinə.
Görəndə bir anlıq gözüm qamaşdı,
Dağlardan alıbdı qar belə sinə.

Qara tellər ipəkdən də narını,
Cana saldı atəşini, narını,
Bağban olub xoş bəsləyib narını,
Gəlir köynəyinə dar belə sinə.

Qəriblini gəl az incit, üz, gözəl,
Yaranıbdı baxış gözəl, üz gözəl,
Kaş söykənə üz üstünə üz, gözəl,
Görmədim kimsədə var belə sinə.


A DAĞLAR

Nə müddətdi aralıyam qoynundan,
Görüşünə gələmmədim, a dağlar.
Dil cavabı bircə dəfə halını,
Heç soruşub biləmmədim, a dağlar.

Mən ki ilqarımdan qalmışam gendə,
İnciməyə çox haqqın var sənin də.
Laləli, nərgizli göy çəmənində,
Bir şehinə bələnmədim, a dağlar.

Qurulub üstündə yenə min büsat,
Çeşmənin başında qaynayır həyat,
Qəribli Şahlaram, tək bircə saat,
Səndə mehman olammadım, a dağlar.

YAZ GÜLƏ-GÜLƏ
(təcnis)
Yenə yaşıl geyir hər tərəf, hər yan,
Gəlir təbiətə yaz gülə-gülə.
Oyanır yuxudan yatan çiçəklər,
Ruh verir təzədən yaz, gülə-gülə.
Hər budaqda bir tumurcuq təzə dən,
Torpaqdan da göyəribdi təzə dən,
Nə gözəldi bu gəlişi təzədən,
Bürüyüb hər yanı yaz, gülə-gülə.
Həmişə sevincə dolan elləri,
Bayram sevincinə dolan elləri,
Salamla ürəkdən dolan elləri,
Qəribli, tərifdən yaz, gülə-gülə.

GƏLDİM

Cənnətə tay olan bu Ana yurdu,
Ziyarət eyləyib görməyə gəldim.
Sözün misrasını çələng eyləyib,
Boynundan asmağa, hörməyə gəldim.

Birdə qayıtmağa keçən çağlara,
Seyrinə çıxmağa güllü bağlara,
Vurğunu olduğum qoca dağlara,
Könlümü təzədən verməyə gəldim.

Keçə bilmək üçün yenə hər izdən,
Yaşıl meşələrdən, laləli düzdən,
Şehli çəmənindən güldən, nərgizdən,
Dəstə bağlamağa, dərməyə gəldim.

Müqəddəs məkanım, pirimdi mənim,
Bura son mənzilim, yerimdi mənim,
Qəribli, sözümdü-şeirimdi mənim,
Hər yana gül-çiçək sərməyə gəldim.

OLDU GETDİ

Heç bilmirəm necə keçdi günlərim,
Dolandı həftələr, ay oldu getdi.
Həftə aya döndü, ay da illərə,
Ömürdən ötüşən say oldu getdi.

Gahdan qəmgin oldum, gahdan şad oldum,
Hicranın payına düşən dad oldum.
Kəsildi aralar, dostdan yad oldum,
Ömrüm möhnətlərə tay oldu getdi.

Qəribli, fələyin nə çoxdu dağı,
Hərdən solu kəsdi, hərdən də sağı.
Vədəsiz saraldı eşqimin bağı,
Çəkdiyim zəhmətlər zay oldu getdi.

GƏLMİŞƏM

Bilirsən ki, aralıyam nə vaxtdı,
Bu dağların görüşünə gəlmişəm.
Sularında neçə dərdin dərmanı,
Bulaqların görüşünə gəlmişəm.

Gəldim, unutmasın qoy ellər bizi,
Burdadır tarixin keçən hər izi.
Sözlə dindirməyə gülü, nərgizi,
Yaylaqların görüşünə gəlmişəm.

Bahar kimi özü gülşən günlərin,
Qayğısız, kədərsiz o şən günlərin,
Burda qalan, ötüb keçən günlərin,
O çağların, görüşünə gəlmişəm.

Təzə vurulmağa, könül verməyə,
Şehli çəmənlərdən çiçək dərməyə,
Qəribliyəm, Ana yurdu görməyə,
Oylaqların görüşünə gəlmişəm.
Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info