“Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb”
Tarix: 12.06.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Ehtiyatda olan polkovnik-leytenant Dilsuz Əliyev AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsinə deyib ki, bu ərazilərin işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verib.
Onun sözlərinə görə, Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa kəndində (ermənilər adını dəyişdirərək “Areni” qoyublar) və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Bu, böyük hərbi nailiyyətdir.
“Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Bununla həm də strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuş oldu ki, bu da çox önəmlidir”, – deyən ehtiyatda olan polkovnik-leytenant vurğulayıb. O deyib ki, Əlahiddə Ümumqoşun Ordunun böyük hərbi üstünlük əldə etməsi düşməni ciddi narahat edir, onlarda təşviş yaradır.
Muxtar respublikanın təhlükəsizliyinin etibarlı şəkildə qorunduğunu qeyd edən Dilsuz Əliyev bildirib ki, Naxçıvandakı birləşmə və hissələrimizin döyüş qabiliyyəti və peşəkarlığı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı dünyanın qabaqcıl orduları ilə müqayisə olunur. Ötən ay qardaş ölkənin Qars şəhərində keçirilmiş Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimi bunu bir daha təsdiq edir. Təlimdə Əlahiddə Ümumqoşun Ordudan cəlb edilmiş bölmələr bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər.
O deyib: “Güclü maddi-texniki təminat və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dəfələrlə muxtar respublikadakı hərbi hissələrə, buradakı hakim yüksəkliklərə gələrək xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bu, hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradır. Bundan başqa, hərbi potensialın gücləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordu ən müasir silahlar, Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun olan müasir texnikalarla təchiz edilib. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub”.
Bu arada Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Ermənistanın baş naziri Nikol Paşinyanın 2018-ci il iyunun 7-də Ermənistan Respublikasının Milli Məclisində çıxışı ilə əlaqədar bəyanat verib. Platformadan verilən məlumata görə, bəyanatda qeyd olunub ki, 2018-ci il iyunun 7-də Ermənistan Milli Məclisində hökumətin proqramını təqdim edərkən, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanda potensialın olmasına şübhə etdiyini bildirib.
“Xalqlarımız arasında ədalətli sülh və barışığın davamlı təmin olunması və dəstəklənməsi məqsədilə 2016-cı ildə Azərbaycan və erməni xalqlarının nümayəndələrinin təşəbbüsü ilə yaradılan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, təəssüflə qeyd edir ki, cənab baş nazirin bu sözləri xalqlarımız arasında düşmənçiliyin alovlanmasına səbəb ola və sülhməramlı potensialın inkişafına maneələr yarada bilər. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması fəaliyyəti dövründə münaqişə nəticəsində Azərbaycanı tərk etmiş onlarca erməni millətindən olan şəxslərə doğma və əziz yerlərini ziyarət etmək, qohumları və dostları ilə görüşmək imkanlarını yaradıb və yaratmaqdadır. Onların Azərbaycana səfərləri və sülh yolu ilə keçmiş əlaqələrini bərpa etmək istəyi, eləcə də Azərbaycan cəmiyyətində onlara göstərilmiş səmimi qarşılama xalqlarımızın sülhməramlı potensialının mövcudluğunun və bu tükənməz resursdan istifadə edilməsinin zəruriliyinin ən yüksək sübutudur.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının iki qonşu xalq arasında inamın bərpasına yönələn fəaliyyətləri müxtəlif ölkələrin vətəndaş cəmiyyəti və beynəlxalq qurumlar arasında geniş dəstək qazanıb. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bu gün əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinin, tərəflərin arasında gərginliyin azaldılmasının və qarşılıqlı etimad yaratma mexanizmlərinin inkişaf etdirilməsinin əsas təşəbbüskarıdır.
Biz baş nazir cənab Nikol Paşinyanın bəyanatlarının erməni xalqının sülhməramlı təşəbbüslərinə qarşı çıxmaq cəhdi olduğuna inanmaq istəmirik. Biz əminik ki, nə Azərbaycan, nə Ermənistan cəmiyyətlərində etnik və dini zəmində nifrət və düşmənçilik mövcud deyil. Və Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun olaraq tezliklə sülh və ədalətlə həll olunmalıdır.
Ermənistanda siyasi proseslər və hökumətdəki dəyişikliklər müsbət yeniliklərə ümid verir. Həm ölkənin yeni rəhbərliyi, həm də Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı anlaşmaya nail olmaq, danışıqları bərpa etmək və Ermənistan və Azərbaycan arasında sülh və əmin-amanlığın bərqərar olmasına dair bütün səylərini səfərbər etməlidirlər”, - deyə bəyanatda bildirilib.


“Ermənistanın apardığı işğalçı siyasət Dağlıq Qarabağ ermənilərini də səfalətə məhkum edib”

Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsinə görə bir çox erməni əsilli yazıçı və alimlər Ermənistanı qınayırlar. Erməni əsilli yazıçı, “Literaturnaya Kanada” almanaxının baş redaktoru Vaaqn Karapetyan ermənilərə müraciəti buna növbəti misaldır. Vaaqn Karapetyan deyib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb: “Erməni xalqı bu münaqişənin nəticəsi olaraq yalnız ağır sosial problemlər içərisində qalıb. Ermənistandakı çətin iqtisadi vəziyyət səbəbindən on minlərlə insan evlərini tərk edib və xarici ölkələrə köçüb. Bu gün Yerevanda və başqa şəhərlərdə nə qədər evlərin qapısı bağlı qalıb”.
O bildirib ki, ölkəni tərk edən erməni ailələri bu addımı, sadəcə, ac qalmamaq üçün atırlar. Artıq ermənilər sabaha ümid etmirlər, uşaqlarının gələcəyini Ermənistanda görmürlər. Erməni siyasətçiləri dərk etməlidirlər ki, Dağlıq Qarabağ heç zaman Ermənistanın olmayıb və olmayacaq. Bu gün Dağlıq Qarabağdakı ermənilər də oranı tərk edirlər. Bundan əvvəl ermənilər deyirdilər ki, onların Dağlıq Qarabağda yaşamalarına azərbaycanlılar imkan vermir, bəs bu gün niyə oranı tərk edirlər? Erməni əsilli ziyalı vurğulayıb ki, Ermənistanın apardığı işğalçı siyasət Dağlıq Qarabağ ermənilərini də aclığa və səfalətə məhkum edib. Əvvəllər azərbaycanlılar və ermənilər Dağlıq Qarabağda mehriban yaşayırdılar. Müharibə nəticəsində heç bir erməni heç nə əldə etməyib. Mənim qohumum David də müharibəyə getdi və cənazəsi gəldi. Erməni siyasi elitası əsassız ərazi iddialarından əl çəkməlidir.

Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”
09.10.2018
Floridadakı soydaşlarımız erməni təxribatına qarşı etiraz ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10251

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info