Asiyadan Avropaya enerji körpüsünün açılışı oldu
Tarix: 12.06.2018 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Mərasimi Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak açıb. O, qeyd edib ki, TANAP Türkiyə və Azərbaycanın birgə təşəbbüsünün nəticəsidir. B.Albayrak bildirib ki, bu gün əsrin ən böyük layihələrindən birinin açılışıdır. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Prezident çıxışında qardaş Türkiyədə yenidən olmaqdan məmnun olduğunu deyib: “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”. Prezident qeyd edib ki, bizim təşəbbüsümüzlə irəli sürüdən istənilən layihə həyatda əksini tapır: “Çünki bunun arxasında güclü siyasi iradə, bizim qardaşlığımız dayanır. Türkiyə-Azərbaycan qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qalardı. Onu da qeyd edim ki, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayənin miqdarı yaxın vaxtda 20 milyard dollara çatacaq". Dövlət başçısı deyib ki, Azərbaycan qazının Avropaya ötürülməsi ilə bağlı son illər bir çox danışıqlar aparılıb, layihələr irəli sürülüb: “Ancaq bunlar reallaşmayıb. Ona görə də Türkiyə və Azərbaycan qərara gəldi ki, birgə TANAP layihəsini həyata keçirsin. 2011-ci ildə bununla bağlı Türkiyədə saziş imzaladıq. TANAP mürəkkəb layihədir, biz bunu birgə icra etdik. TANAP 7 ölkəni birləşdirir, Cənub Qaz Dəhlizinin tərkibinin bir hissəsidir. Cənub Qaz Dəhlizi 4 elementdən ibarətdir. Bura Şahdəniz-2, Cənub Qaz Dəhlizi, TANAP və TAP daxildir. TAP-ın 72 faizi icra olunub. Əminəm ki, bu layihə də yaxında tam icra olunacaq. Dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Azərbaycan qazının qısa yolla və şaxələndirilmiş formada çatdırılmasını təmin edəcək. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu layihə vasitəsi ilə Azərbaycan qazı Türkiyə və Avropaya çatdırılacaq. Cənub Qaz Dəhlizi yeni qaz mənbəyidir və enerji şaxələndlirilməsinə xidmət göstərir. SOCAR və BOTAŞ TANAP-ın səhmdarlarıdır. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatıdır. Gələcəkdə 3 ölkə də tərəfdaşlarımız kimi layihədə iştirak edəcək. Biz Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində daha böyük işlər görməyə çalışmalıyıq”.

Serbiya Prezidenti: "Cənub-Şərqi Avropada enerji təhlükəsizliyini təminat altına alırıq"

Serbiya Prezidenti Aleksandr Vuçiç çıxışında deyib ki, TANAP digər bölgələrin də enerji təhlükəsizliyinə töhfə verəcək. O bildirib ki, bu layihə ilə Cənub-Şərqi Avropada vacib addım atılıb: "Avropanın bu sahəsində enerji təhlükəsizliyini qarantiya altına alırıq. Bütün bunlar işbirliyimizə töhfə verəcək. Serbiya bu kimi layihələrə qatılmağa böyük maraq göstərən ölkədir.
Enerji axınının davamlılığı tək Serbiya deyil, bu bölgənin enerji təhlükəsizliyi baxımından çox önəmlidir”.

"TANAP bölgənin təhlükəsizliyinə töhfə verəcək"

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı deyib ki, Xəzər dənizindəki qaynaqların uyğun yollarla Türkiyə və Avropaya daşınması iqtisadi inkişafa və təhlükəsizliyə töhfə verəcək. O bildirib ki, təbii ehtiyatları müharibə meydana çevirmədən, hər kəsin qazanacağı sülh modelinə çevirmək ən yaxşı addımdır: “Bu coğrafiya insanlığa xidmət edən işbirliyi qovşağına çevrilir. Orta Şərq enerji qaynaqları səbəbindən başı bəladan qurtarmayan bölgədir. Bu qaynaqları işbirliyi və sülh ortamına töhfə verməyə çevirmək ağıllı addımdır.
Təbii ehtiyatların Avropaya ən qısa yol olan Türkiyə vasitəsi ilə çatdırılması geniş işbirliyi ortamı yaradacaq və bölgənin təhlükəsizliyinə töhfə verəcək. TANAP layihəsi bu baxımdan əhəmiyyətlidir. Azərbaycan Prezidenti Türkiyə və Azərbaycan qardaşlığından danışdı. Demək istəyirəm ki, bir qardaşınız da var. Türkiyə və Azərbaycanın bir acısı olduğunda biz də bunu üzərimizdə hiss edirik. Sevincinizi olanda isə sizinlə bərabər sevinirik".


Ərdoğan: "Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib ki, bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq. O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin "İpək yolu" adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir: “Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”.
Ərdoğan deyib ki, bu layihələrlə enerjinin müharibə deyil, işbirliyi üçün əsas yaratdığını göstərdik. O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan işbirliyi ilk dəfə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə ortaya çıxıb: “Strateji yol dostluğumuz Bakı-Tbilisi-Ərzurum qaz boru xətti ilə davam etdi. Nəqliyyat sahəsində Baklı-Tbilisi-Qars dəmiryol xəttinin açılışını da etdik. Londondan Çinə birbaşa dəmiryolu xəttinin qurulmasına yol açdıq". Ərdoğan TANAP-ı gələcək illərdə icra ediləcək layihələrinin müjdəçisi adlandırıb: "Uzunluğu 1850 km olan TANAP Türkiyə, Orta Şərq və Avropanın ən uzun təbii qaz xəttidir. Bu layihənin ilkin həcmi illik 16 milyard kub metrdir. Bunun 6 milyard kub metri Türkiyəyə gələcək. Bunu gələcəkdə əvvəlcə 22, sonra 31 milyarda çıxarmağı hədəfləyirik. Yunanıstan sərhədinə ilk qazı isə 2019-cu ilin iyununda çatdırmağı düşünürük. Bununla, ölkəmizi enerji xabı olma imkanına daha da yaxınlaşdıq. Bu layihələr Siyasi iradə məsələsi, eyni zamanda iqtisadi sabitlik məhsuludur.
Son 16 ildə ölkəmizdə hökm sürən siyasi sabitliyin bunda böyük rolu var. Terrora və FETÖ-nün fəaliyyətinə baxmayaraq, Türkiyə 16 ildir, sabitliyini qoruyub”. Ərdoğan deyib ki, TANAP ilk gündəmə gəldiyində bəzi dairələr buna yuxu deyib: “Lakin biz Azərbaycanla birlikdə səbr etdik və doğru bildiyimiz yolla hərəkət etdik. İndi bu qürur tablosuna şahidik. Qarşımızda yeni layihələr, yeni uğur hekayələri var. Azərbaycan Prezidenti İlham Əliyevə göstərdiyi liderliklə bağlı bir daha təşəkkür edirəm”. Tədbirin sonunda TANAP kəmərinin açılışı həyata keçirilib.

*******
Azərbaycandan Ukraynaya ixrac 8 dəfə artıb
Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub, nəqliyyat sahəsində əməkdaşlığın yaxşı nəticələr verdiyi bildirilib. Söhbət zamanı TANAP layihəsinin əhəmiyyəti vurğulanıb, bu layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışılıb. Görüşdə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixracın isə 8 dəfə artdığı bildirilib. Həmçinin Ukraynadan gələn və Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2 dəfə artdığı qeyd edilib. Görüşdə energetika sahəsində əməkdaşlığın dərinləşdiyi vurğulanıb, SOCAR-la əlaqələrin genişləndiyi və Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayının artdığı qeyd edilib. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*****
BP-SOCAR əməkdaşlığı uğurla həyata keçirilir
Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulanıb, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edilib. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Qusarda yol tikintisinə vəsait ayrılıb
21.08.2018
Dünyada ilk dəfə ən davamlı material hazırlanıb
21.08.2018
Gömrükdən gödəkçəsində siqaret keçirmək istədi
21.08.2018
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək
21.08.2018
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9918

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 “Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info