Nə Vətən məndən doydu, nə mən Vətəndən…
Tarix: 12.06.2018 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


(Vaqif Məmmədov-70)

Müasir Azərbaycan ədəbiyyatının tanınmış nü¬mayən¬də-lərindən biri, Naxçıvan ədəbi mühitinin yetirməsi olan şair-publisist, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədov, yaradıcılığının ayrı-ayrı dövrlərində bədii ədəbiyyatın müxtəlif növlərinə müraciət etsə də, ən çox lirik şair kimi tanınıb, sevilmişdir. Onun poeziyasının əsasını Vətən sevgisi, yurd həsrəti, təbiət təsvirləri, müəllifin öz sevgi dünyası, icti¬mai-siyasi ruhlu və xarici ölkələrə səfərdən aldığı təəssürat¬lardan yaran¬mış şeirlər təşkil edir. Vaqif Məmmədo¬vun mövzu dairəsi geniş, əlvan və zəngindir. Lakin bu zənginlik içərisində müəllifin poe¬tik şəxsiyyətini müəy¬yənləşdirən bir amil, xüsusilə diqqəti cəlb edir. Şair bütün əsərlərində oxucularını vətəni, torpağı, xalqı, insanları sev¬məyə çağırır. Bu da əbəs deyil, çünki insan həmişə sev¬dikləri uğrunda daha çox mübarizə aparır, onları yaşatmağa, qorumağa can atır.
Şair Vaqif Məmmədovun yaradı¬cılığında Vətən anlayışı özünə¬məxsus orijinal deyimlərlə tərənnüm olu¬nur, toxu¬nul-mazlıq simvolu kimi bir daha təsdiq¬lənir. “Ürəyimə təkcə Vətən yerləşir”, “Vətənsizi qızıla bük, dərd olur”, “Ya¬van çörək belə baldı vətəndə” və s. misralar şairin Vətənə cismani-ruhani bağlılığının poetik ifadəsidir. Vaqif Məmmədovun “Bizim ellər yaylağından dön¬mədi”, “Sa¬rı dolamanın sarı həsrəti”, “Bu tor¬pa¬ğın ahı səni tutacaq”, “Xo¬calı”, “Şəhid ataları” və s. şeirlərində, bəlkə də, dünyanın özündən də ağır bir kədər yükü var. Şairin adi sözünün içindən belə göynərti keçir:
Qəm tuş oldu təzə köçən gəlinə,
Göz yaşları döndü yazın selinə.
Durnalar da döndülər öz elinə,
Bizim ellər yaylağından dönmədi.
Bu göynərtilər oxucunu bəzən kədərləndirir, hət¬ta bəzən ağladır da. Lakin dərdlərini dilə gətirməkdə şairin məqsədi o de¬yil ki, oxucularını kövrəltsin, ağ¬lat¬sın, məqsəd dərdin böyük-lüyünü oxucuya çatdır¬maq¬dır. Biganəlik, laqeydlik zül¬mə¬tində olan insan¬ları bu zülmətdən çıxarmaqdır.
Bir ürəyə, məmləkətə qarşı haqsızlıq ediləndə biz həmişə həyatdan küsür, dünyadan gileylənir, ulu tanrıdan kömək umu-ruq. Vaqif Məmmədovun poeziyasında bu mövzulara tez-tez rast gəlirik. “Yalan dünya”, “Bu dünyanın belə gəlib gər¬di¬şi”, “De¬yə¬sən, dünyadan küsəcəyəm mən”, “Bu dünyanın se¬vin¬ci nə, qəmi nə”, “Dünyanın” və s. şeirlərində o da həyatdan küsür, dünyadan gi¬ley¬lə¬nir. Dərdin böyüklüyündən doğan sualların cavabsız qal¬dı¬ğını görən, yer aləmində bu suallara cavab tapa bilməyən şair üzünü ulu tanrıya tutub cavabsız qalan suallara cavab istəyir:
Nədir bu körpənin günahı, Allah!
Ayağı yalındır, başı da açıq.
Nədir bu körpənin günahı, Allah!
Niyə öz yurdundan o düşüb qaçaq?!
Deyir insan dərdə düşəndə özünü daha yaxşı dərk edir. Son illərin hadisələri, bir sıra haqsızlıqlar, düşmən tapdağı altında inləyən torpaq¬larımızın harayı, sönmüş ocaqların nisgili, didərginlik dərdi şairi möhkəmləndirdi, mətinləşdirdi, bəlkə, bir az da ucaltdı. Ancaq o, xalqın bu ağır günündə əyilmədi, acizləşmədi, əksinə, meydanda döyüşü həm sözlə, həm silahla apardı. Vətən yolunda canlarını qurban verən oğulların qeyrəti önündə diz çökən şair bu döyüşdən boyun qaçıran bir qrup həmvətənlərinə də “Bu tor¬pa¬ğın ahı səni tutacaq” deyə, öz kəskin nifrətini bildirməkdən çəkinmədi. Torpaq dərdini, Vətənin bölünməsinin böyük faciəsini həssaslıqla duyan şair “ağır gündü, bərki sən!” deyərək xalqı birliyə, həmrəyliyə çağırdı:
Bölüm-bölüm bölündün,
Xəlbirləndin, ələndin,
Dünyaya səpələndin,
Özünə qayıt, xalqım!..
Bu misralarda illərin, əsrlərin ağrısı nalə çəkir və bu şeirlər oxucunu məcbur edir ki, o, özünün kim ol¬duğunu dərk etsin, millətin tarixini, taleyini düşünsün.
Vaqif Məmmədov bütün yaradıcılığı boyu yeni söz deməyə, yeni fikir aşılamağa çalışıb, eyni zamanda, hər mis¬raya çox diqqətlə yanaşıb. Şair beş bəndlik şeirdə nə qədər böyük poetik fikirlər söyləyir. Müharibəyə nifrət oyadan və ilk qələm təcrübəsi olan “Qara kağız”şeiri bu cəhətdən çox uğurludur:
... Nədənsə, öz adı “qara” olsa da,
Çoxunun saçını ağ eyləyibdir...

...Verdiyi xəbərdən xəcalət çəkib
Kağız da qaralıb, bəlkə, nə bilim?!

Bir qara gözlünün gözünün nuru
Axıb kağızları qaraldıb, bəlkə.

Bir şimşək qəzəbli ata qüruru
Çaxıb kağızları qaraldıb, bəlkə.

...Dönməsə Vətənə qara kağızlar,
Qara gün Vətəndən dönə bilməzdi...
Akademik Bəkir Nəbiyev Vaqif Məm¬mədovun “Qara kağız” şeirini oxuyandan sonra həmin şeir haqqında yazmışdır: “Cəbhədə həlak olmuş Vətən oğulları haqqında müdhiş xəbərləri “Qara kağız” ad¬lan¬dırar¬kən o zaman, bəlkə də biz bu məsələnin üzdə olan mənası ilə kifayətlənmiş və niyə belə deyil¬di¬yi¬nin fərqinə varmamışıq. Vaqif Məmmə¬dovun nəzə-rində isə bu kağızlar məz¬mu¬nundakı matəm xəbə¬rindən pərt olaraq, xəcalət çəkərək qaralmışlar”.
Vaqif Məmmədovun güclü müşahidə qabiliyyəti vardı. İnsan psixologiyasını duymaq, gördüklərini, duyduqlarını mənalan¬dır¬maq bacarığı vardı. İlk baxışdan diqqəti o qədər də cəlb etməyən, bəlkə də çoxlarımızı düşündürməyən hadisələr onu dü¬şün¬dürüb və narahat edib. Bu narahatçılıqsa şeirə çevrilib. “Xarici xəstəlik” şeirində olduğu kimi:
Xarici musiqi xoş idi ona,
Muğam dinləməyi arzulamazdı.
Fəxr ilə divara, evə, hər yana
Xarici dillərdə adını yazdı.

Bir gün xəstələndi, həkim çağırdı,
Endi gözlərinə dünyanın çəni.
Həkim çox yoxladı, dedi: - ağırdı,
Xarici xəstəlik tutubdur səni.
Yaxud da, “Mənim kişilərə yazığım gəlir” şeirində:
Əzmindən alçalıb enəndə kişi,
Xəbis tənəsindən sönəndə kişi,
Çörək ağacına dönəndə kişi,
Mənim kişilərə yazığım gəlir.
Gördüyümüz kimi, şair ictimai ruhlu poeziya nümunə¬lərin-də də çox ciddi məsələlərdən bəhs edir, bunları fəlsəfi mövqedən ziddiyyət və incəlikləri ilə işıqlandırır. Vaqif Məmmədov bu səpkili şeirləri ilə oxucunu düşün¬dürür, həyat hadisələrini dərk etməyə çağırır.
Şair-pub¬li¬sist Vaqif Məmmədov yaradıcılığı boyu şifahi xalq ədə¬biy¬ya¬tın¬dan, onun ayrı-ayrı janrlarından bəhrələn-mişdir. Şairin poe¬ziyasında biz klassik ədəbiy¬yatımızın təsirini də, müasir poe¬ziyamızın ax¬ta¬rış¬larını da, folklor ənənələrimizin davamını da yeni biçimdə görürük. Vaqif Məmmədovun yaradıcılığında xalq ədə¬biy¬¬yatına bağlılıq onun əsərlərində həyatiliyi, təşbehlərində reallığı, fikir və ifadələrindəki aydınlığı daha da artırır, sənətkarlığına təra¬vət, ilhamına qaynaq verir və şeirlərindəki təsvir mey¬da¬nını ge¬niş¬lən¬dirir. Biz baharın təsvirinə həsr olunmuş şeirlərə tez-tez rast gəlirik. Bu şeirlərin əksəriyyətində baharın təsviri lirik qəh¬rə¬ma¬nın daxili aləminin müxtəlif cəhətləri ilə bağlı şə¬kildə təsvir olunur. Vaqif Məmmədovun “Yaz nəğmələri” şeirində bahar fəslinin daha başqa gözəllikləri, bənzərsiz epitetləri diqqəti çəkir:
Açır novruzgülü, açır ağ çiçək,
Torpağa neçə cür töhfə verilir.
Yamaclar bəzənir toy xonçası tək,
Çən də yaylıq kimi üstə sərilir.

Qarı əridibdir yazın nəfəsi,
Ağaran zirvənin sal daşlarıdır.
Şırıltı - dağların hıçqırıq səsi,
Axan sular isə göz yaşlarıdır.
Gördüyümüz kimi, şair üçün həyatda hər şey mənalıdır. Şairə görə gülün, çiçəyin, hətta axan suyun belə özü¬nəməxsus mənası var. Şairin Azərbaycanın gözəl mən¬zə¬rə¬lərini əks etdirən şeirləri sanki torpa¬ğımızın bədii por¬tre¬tidir. Biz onun şeirlərində tez-tez bitkin poetik təbiət löv¬hələri ilə qarşılaşırıq. O, klassik irsimizdən bəhrələnəndə də, xalq yaradıcılığından qidalananda da heç kimi təkrarlamır, fikri özü kimi deyir, özü kimi yazır. Çünki şairin duyduqlarını, gördüklərini mənalan¬dır-maq bacarığı var:

Bu meşələr oğlu ölmüş anadır,
Bulud qara yaylığıdır başında.
***
Sıra dağlar bir gözəlin kəməri,
Göl də, yəqin o kəmərin qaşıdır.
Həqiqətən də, şair adidə qeyri-adiliyi, sadədə böyüklüyü ifadə etməyi bacarır.
Doğrudan da, əsl sənətkar xalqın ta¬ri¬xini, soykökünü, milli adət-ənənələrini gözəl bil¬dikdə, dərindən duyduqda kamil sənətkar olur. Bu baxımdan, şair Vaqif Məmmədovun folklor örnək¬lərindən yaradıcı bəh¬rələn¬məsi diqqətəlayiqdir. Maraqlı cəhətdir ki, Vaqif Məmmədovun özünün atalar sözü qədər dəyərli misraları onu müdrik şair kimi xalqa sevdirib. Onun deyimlərində pirani, ulu babalarımızın səsi, sözü var. Və bu səs elə-belə adi deyil, əsrlərin süzgəcindən keçən sözdür. Hətta ata-babalarımızdan bizə miras qalan adət-ənənələri, unudulmuş sözləri o, şeirə gətirib, nəzmə çəkib:
Nehrədə biz boyda yağ olsun deyə,
Çatmanın başına qoyublar bizi.
***
Çatmamışdıq şirin-şəkər günlərə,
Darı çadı sac üstündə bişərdi.
Bu şeirlərin hər misrasında xalq təfəkküründən süzülən ifadə tərzi var. Xalqı dərindən tanımadan, onun soykökünə, folkloruna, etnoqrafiyasına dərindən bələd olmadan bu cür ifadələr işlətmək olmaz. Bu mənada, şairin yaradıcılığında, Mir¬zə Cəlilin dili ilə desək, “Anamın kitabı”ndan süzülüb gələn sözlər hakimdir. Vaqif Məmmədov bütün yaradıcılığı boyu doğma dilimizin saflı¬ğını, gözəlliyini qoruyub saxlamışdır. Xalq dilinin zən¬ginliyindən bəhrələnmişdir. Məhz bunun nəticəsidir ki, tanınmış bəstəkarlar şairin iyirmidən çox şeirinə musiqi bəstələmişdir.
Vaqif Məmmədov yaradıcılığa poeziya ilə başlasa da, özünü ifadəetmə potensialı güclü, bən¬zərsiz və çoxşaxəlidir. Onun elmi-pedaqoji fəaliyyəti, elmi araşdırmaları, maddi-mədəni irsimizin təbliğində göstərdiyi fədakarlıq, ədəbi-ictimai missiyası Vaqif müəllimi bədii yaradıcılıqdan nəinki uzaqlaşdırmış, əksinə poeziyasının, publisistikasının mövzu əlvanlığına yeni çalarlar və keyfiyyətlər gətirmiş, həyati lövhələrin milli koloritini artırmış, müəllifin bədii-fəlsəfi dünyagörüşünün təşəkkülünə müsbət təsir göstərmişdir.
Vaqif Məmmədovun elmi-publisistik kitabları, səfər təəssüratlı şeirləri də çox¬dur. O, xarici ölkələrə, xüsusən də oğuz ellərinə tez-tez səya¬hətə çıxıb və gəzib gördüklərini qələmə alıb. “Salam, oğuz elləri” (2001), “Arazdan keçə bildim” (2004) , “Özüne dön halkım” (2006), “Anadolu və Rumeldən esintiler” (2009) və s. kitabları da səfər təəs¬sürat-ların¬dan yaran¬mışdır. Vaqif Məmmədovun əsərlərini oxuyarkən də hiss olunur ki, o, kifayət qədər mütaliəsi olan, klassik və müasir ədəbiy¬ya¬tımız¬dan, Şərq və Qərb mənəvi dəyər¬lə¬rin¬dən xəbərdar olan intellektual səviyyəli qələm sa¬hibi¬dir. Məhz buna görə də AMEA-nın vitse-prezidenti, millət vəkili, aka-demik İsa Həbib¬bəyli Vaqif Məmmə¬do¬v haqqında yazdığı “Sənətə Vaqifik” adlı kitabında yazır: “Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifdən başlayaraq Vaqiflər ədəbi nəsilləri ənənəsi davam etməkdədir. Vaqiflərin, demək olar ki, hamısında bənzərsiz sənətkarlıq imkanları, özünəməxsus istedad və ilham, ədəbiyyata, şeirə, sənətə vaqiflik müşahidə olunmaqdadır. ...İstedadlı şair Vaqif Məmmədovun da Molla Pənah Vaqifdən Səmədoğluna qədərki Vaqiflərin sırasında Vaqifliyi bir daha nümayiş etdirmək və təsdiqləmək mənasında öz yeri, mövqeyi və xidmətləri vardır. Hətta şeirimizdəki çoxsaylı Vaqiflər arasında elmi fəaliyyətlə məşğul olan, tarix elmləri namizədi alimlik dərəcəsi qazanan tək Vaqif Məmmədovdur”.
Həqiqətən, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasında, “Qeyrət” nəşriyyatında işlədiyi 17 il ərzində 500-dən artıq elmi, publisist, bədii kitabların, ildə 4 seriyada çıxan “Elmi əsərlər”, “Fikir” jurnallarının, “Oğuz yurdu” qəzetinin redaktəsinin Vaqif Məmmədova tapşırılması, “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə etməsi, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar hazırladığı “Qalib gəldi, qalib getdi” miniatür kitabı, “Müasir dövrdə nəşriyyat işi” adlı dərs vəsaiti, “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması, 200-ə yaxın elmi məqalənin müəllifi olması və s. onun yüksək savad və dünyagörüşünə malik olmasına canlı sübutdur.
Bildiyimiz kimi, yaradıcı insanın taleyində istedad, cəsarət və müdriklik çox böyük rol oynayır. Amma bu yaradıcılıq atributlarının üçünün də bir adamda cəmləşməsi hər kəsə nəsib olmur. Ən azı ona görə ki, istedad və cəsarət Tanrı payı olsa da, müdrikliyi insan özü qazanır. Bu mənada, Vaqif Məmmədov 1990-cı illərdə erməni quldurlarının Sədərəyə hücumlarının qarşısının alınması üçün istər Sədərək kənd əhalisindən, istərsə də qonşu kəndlərdən, muxtar respublikanın yaşayış məskənlərindən, hətta Azərbaycanın bir sıra rayonlarından gələn insanların düşmən hücumlarının dəf olunması, ermənilərə qarşı mübarizə üçün təşkilatlanması sahəsində xüsusi rol oynayıb. Sədərəkdəki ikimərtəbəli şəxsi evini hərbi qərargaha təhvil verərək, ailəsini başqa yerə köçürüb və üç ilə yaxın davam edən Sədərək döyüşləri məhz bu qərargahdan idarə olunub. Təkcə Vaqif Məmmədovun bu fədakarlığı, məncə, onun kimliyi, müdrikliyi haqqında aydın təsəvvür yaradır.
Elə insanlar var ki, ulu tanrı onlara şairlik istedadı ilə bə-rabər, həm də bütöv bir xalqın adından danışmaq kimi sə¬la¬hiy¬-yət də bəxş edib. Bütöv bir xalqın adından danışmaq işinin nə qədər çətin, məsuliyyətli və şərəfli olduğu artıq hər birimizə mə¬¬lum¬dur. Düşünürəm, nə yaxşı ki, erməni işğalçıları tərə¬fin-dən 14 dəfə hücuma məruz qalan Sədərək kəndində Vaqif Məm¬mədov kimi şairlərimiz olub. Həm xalqın gün-güzəranını ol¬duğu kimi qələmə alıb, gələcək nəsillərə çatdırıb, həm də xal-qın adından danışıb, onların haqqını, hüququnu müdafiə edib. Vaqif Məmmədov yaşadığı o illərin mühüm ictimai-siyasi, mədəni hadisələrini “Heydər Əliyev və Sədərək rayonu”, “Sədərək harayı”, “ Sədərəkdə yazılan gündəlik”, “Unutsaq unudularıq”, “Sədərək şəhidləri”, “Kərkinin taleyi” və sair bədii-publisist kitablarında elə dəqiq şəkildə əks etdirmişdir ki, hər hansı bir tarixçi onun əsasında o dövrün salnaməsini yarada bilər.
Vətənpərvərlik, milli birlik mövzusu, azərbaycançılıq ideyasının tərənnümü Vaqif Məmmədovun yaradıcılığının ana xəttidir. Vətənin istiqlalı, dil, söz, torpaq uğrunda apardığı söz mücadiləsindən alnıaçıq, üzüağ çıxan şair vətənin azadlığı uğrunda əsl vətənpərvər insan, vətəndaş kimi iz qoydu. Hər qarışı ecazkar, füsunkar gözəlliklər yatağı olan Vətənimiz şair üçün müqəddəs bir məkan oldu. Vaqif müəllimi şöhrətləndirən və sevdirən başlıca səbəb vətən sevgisi, yurdun hər qarışından aldığı ilham və özünün əsl “vətən daşı” olduğunu dərk etdiyindən aldığı zövq olmuşdur. Vətəninin əsl vətəndaşı olan şair qırılmaz tellərlə, canlı rişələrlə xalqına, el-obasına bağlı olub. Vaqif Məmmədov poeziyası məhz xalqdan, torpaqdan güc aldığı üçün böyükdür, əzəmətlidir, müqayisə olunmazdır. Vətəninə, el-obasına bağlılıq, vətəndaşlıq pafosu onun yaradıcılığında aydın əks olunur. “Ürəyimə təkcə vətən yerləşir” şeirində yazdığı kimi:
Mən ürəksiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir, bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir.
Şairin ürək titrəyişləri hər sözdə, hər misrada hiss olunur. Çünki o, bu vətənin torpağından, bu vətənin suyu ilə yoğrularaq anaların laylası ilə vətən kürəsində bir vətəndaş kimi bişmişdir. Vətən onun cisminə və ruhuna hoparaq onu var etmişdir. Elinə, obasına, doğma torpağına cismən, ruhən bağlı olan şair ömrünün son günlərində belə “Nə Vətən məndən doydu, nə mən Vətəndən” deyərək sanki fəryad qoparır:
Vətənə sevgimi aça bilmədim,
Vətənin başına dolandım gendən.
Uca zirvələrdə uça bilmədim.
Nə Vətən məndən doydu, nə mən Vətəndən…
Əminik ki, 70 illik yubileyini qeyd edəcəyimiz, 40-a yaxın kitabın müəllifi olan və ömrünün 45 ilini bədii və elmi yaradıcılığa həsr edən, vətənə qırılmaz tellərlə bağlı olan mərhum şairimiz Vaqif Məmmədovun ömrü və yaradıcılığı Azərbaycan xalqına bütün zamanlarda örnək olaraq qalacaq. Çünki Vaqif Məmmədov şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə böyük bir nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və cəmiyyətdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir.
Aypara Behbudova
filologiya üzrə fəlsəfə doktoru, dosent




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9424

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info