Nəzirələr poeziyanın rəngarəngliyini artırır
Tarix: 12.06.2018 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Şeir insan ruhuna, əxlaqına, davranışına, bir sözlə, mənəviyyatına müsbət enerji bəxş edir. Bəlkə, elə buna görədir ki, orta məktəbdən və hələ ibtidai sinifdən başlayaraq bizlərə şeir əzbərlədirlər. İnsanın ədəb-ərkanla böyüməsində, təlim-tərbiyəsinin qorunmasında ədəbiyyatın əvəzsiz xidmətləri var. Ölkəmizdə bölgələrdə yaşayan ədəbiyyat insanları ciddi yaradıcılıqla məşğuldurlar. Onlar bəzən bir-birlərinin şeirlərini oxuyur, eşidir və bir-birlərindən xəbərsiz şeirlərinə nəzirə yazırlar. Bu yaxınlarda tanınmış şair-pedaqoq İsa Cavadoğlunun dillər əzbəri olan şeirlərindən “Facebook” sosial şəbəkəmdə paylaşmışdım. Bir müddət sonra həmin şeirlərə Səadət Buta, Şahlar Qəribli, Əflatun Hüseynoğlu və Günay Reyhan nəzirə şeirləri yazıblar. Nəzirələr poeziyanın rəngarəngliyini artırır. Həmin şeirləri təqdim edirik.


BÜLBÜL
(İsa Cavadoğlu)

Gecə keçir, aləm yatır,
Ömür deyil yuxu, bülbül!
Sən də oyaq, mən də oyaq,
Oxu bülbül, oxu bülbül!

Ay üfüqdə bədrlənib,
Bağ-bağçalar ətirlənib,
Misralarım sətirlənib
Naxış-naxış toxu, bülbül!

Oxu, İsa əhli-qəmdir,
Dünya gözəl, ömür kəmdir,
Bəlkə də bu son nəğməmdir
Gedib ömrün çoxu, bülbül!
Oxu bülbül, oxu bülbül!

BÜLBÜL
(Səadət Buta)
Səhər tezdən bağrım böldün,
Çəkdin niyə ahı, bülbül.
Söylə görüm göz yaşların,
Gülünmü günahı, bülbül.

Dərdim köhnə, yara təzə,
Bu dünyanın işi məzə.
Odda yanıb, dönüb közə,
Səndən betər çoxu, bülbül.

Butada var yar yarası,
Ağarmaz bəxtin qarası.
Ey güllərin divanəsi,
Aşiqlərin şahı bülbül.



BÜLBÜL
(Əflatun Hüseynoğlu)

Oxuyursan nə həvəslə,
Nə sevgilə, oxu, bülbül.
Səsin məni heyran edib,
Getməz gözə yuxu, bülbül.

Yenə qəlbim coşub yaman,
Şən avazın dərdə dərman.
Bilsən sənə necə heyran
İnsanların çoxu, bülbül.

Əflatunun dərdi çoxdu,
Hey çəkdiyim gizli axdı.
Nəğmən məni oda yaxdı,
Nə cür deyim axı, bülbül?

BÜLBÜL
(Günay Reyhan)
Sən anlarsan dərd əhlini,
Bir az məndən oxu, bülbül.
Zülmət gecə, qəmli qələm,
Yaddı mənə yuxu, bülbül.

Sinəmə dağ çəkildikcə,
Şux qamətim büküldükcə,
Ömür ilmə söküldükcə,
Avazınla toxu, bülbül.

Dostlar quyu qazır indi,
Yol bilən də azır indi,
Sənə şeir yazır indi,
Günay kimi çoxu, bülbül.

BÜLBÜL
(Şahlar Qəribli)

Qürbət eldə mən qəribin,
Gəl halına ağla, bülbül.
Yaralıyam neçə yerdən,
Yaralarım bağla, bülbül.

Gəl oxuma qəmli belə,
Həsrət könlüm gəlib dilə,
Demədim ki, nəğmən ilə
Ürəyimi dağla, bülbül.

Sinəm üstə yüz ox deyib,
Həsrət-hicran qəddim əyib,
Qəribli tək vətən deyib,
Bu həsrətlə çağla, bülbül.
08.06.2018

YAZIBDIR
(İsa Cavadoğlu)

Dağlar vüqarını günəş doğarkən
Üfüqə saldığı izə yazıbdır.
Ceyran gözəlliyi dırnaqlarıyla
Dərəyə yazıbdır, düzə yazıbdır.

Dolan meşələri, bağçanı, bağı,
Ya səhər obaşdan, ya axşamçağı,
Dinlə həzin-həzin ötən bulağı
O da nəğməsini təzə yazıbdır.

Buz bulaq üstündə qalasan ocaq,
Sən təkcə özünü düşünmə ancaq,
Uçan alova bax, qalan közə bax,
Alov da eşqini közə yazıbdır.

Adi bir çiçəkdə böyük təravət,
Kiçik bir meyvədə bir dünya ləzzət.
Misilsiz əsərlər yazan təbiət
Hər nə yazıbsa da, bizə yazıbdır.

Təbiət gör nələr verib insana,
Təbiət ülvidir kəc baxma ona.
İsa da şərikdir şair Osmana,
O da insan ömrün yüzə yazıbdır.

YAZIBDIR
(Səadət Buta)

Göllərin sevdası çağlasın deyə,
Yaradan yaşılbaş sona yazıbdır.
Durnanın başına cığalı tellər,
Kəklik ayağına xına yazıbdır.

Kimi nökər edib, kimini ağa,
Çəmənə gül verib, zirvəni dağa.
Tülkünü göndərib ara qatmağa,
Gözəlliyi o ceyrana yazıbdır.

Bəlli olar pələng səsi, şir səsi,
Yer titrədər aslanların nərəsi.
Haqq eşqidir bülbüllərin nəğməsi,
Oxumağa gülüstana yazıbdır.

Tamahkara altun, para yetirdi,
Gədanın əlini vara yetirdi.
Eşqi duymayanı yara yetirdi,
Məcnunları biyabana yazıbdır.

Buta, sayma, itirərsən sayını,
Nə veribsə, gözəl verib payını.
Sənə qurmaq üçün söz sarayını,
İlham verib, bu zamana yazıbdır.

İÇİNDƏ
(İsa Cavadoğlu)

Necə ki, qəlbində qəm yoxdur, ey dost,
Yaşa gül içində, gülab içində.
Çox da hay-küyünə uyma dünyanın,
Qalanı qoy qalsın kitab içində.

Zövq al, unutmadan əxlaq həddini,
Elə ki, qəm-qüssə əyir qəddini,
Ürək keçə bilmir qəm sərhədini
Necə ki, şiş yanır kabab içində

Həyat cəlbedici, naxış-naxışdı.
Nə qədər yüyürsən üzü yoxuşdu,
İnsan yer üzünə yağan yağışdı,
Ömür bir nəfəsdi hübab içində.

Səni ətə-qana gətirən fələk,
Böyüdüb ərsəyə yetirən fələk,
Tapdıqca bir yandan itirən fələk
Cadugər pəridir niqab içində.

İsa nə istədi, nə saydı ömür?...
Sonu qəm nidalı bir haydı ömür.
Bəlkə də əbədi olsaydı ömür
İnsan qovrulardı əzab içində.



İÇİNDƏ
(Səadət Buta)

Ağa bələməyin qara bəxtimi,
Qaralar ağarmaz, ağlar içində.
Çəkməyin şöhrətindən dara bəxtimi,
Qopar, Nuh tufanı, cağlar içimdə.

Doxsan azdı, yüzə yetən dərdimi,
Qışda da göyərib bitən dərdimi.
Çəkəmmirəm Allah, Vətən dərdimi,
Dağım daş dağlayır, dağlar içində.

Torpağa can verər yaz yağan yağış,
Yaxşılıq dünyada solmayan naxış.
Yamandan nə qaldı, yaxşıdan danış,
Diri ölülər var sağlar içində.

İgid oğul qeyrət deyər, ar deyər,
Xəsis qəpik yığıb dövlət, var deyər.
Bağban olan, bağ becərər, bar deyər,
Şamama saralar tağlar içində.

Sinəm hicranların tapdanmış yolu,
Yanağım nəmlidi, gözlərim sulu.
Butayam, ürəyim ah-fəğan dolu,
Bir qərib bülbüləm bağlar içində.


ÜŞÜDÜ
(İsa Cavadoğlu)

Sənin nəfəsinmiş odum, ocağım,
Sənsiz buz bağladı, otaq üşüdü.
Ah çəkdim, bəlkə də ahım isidə,
Ahım qırov oldu, çıraq üşüdü.

Bir Lələ koması mənim timsalım.
Səndən ayrılalı fənadır halım.
Nə qədər yandırdım, yenə, a zalım,
Oda yana-yana ocaq üşüdü.

Lələk qələmini batırıb qəmə,
İsa bu həsrəti aldı qələmə.
Hicran sözü elə soyuqmuş demə,
Qələmin ucunda varaq üşüdü.

ÜŞÜDÜ
(Səadət Buta)

Yarın həsrətindən dağlara çıxdım,
Hicran sazağından o dağ üşüdü.
Uçub bir quş kimi ağaca qondum,
Gördüm sığındığım budaq üşüdü.

Uçrum dərələri keçməyə endim,
Yolumu, izimi seçməyə endim.
Yanırdım bir sərin çeşməyə endim,
İçdim suyundan dodaq üşüdü.

Butayam, həsrətdən gör nələr çəkdim,
Durub yollarında boynumu bükdüm.
Dərdimi toxum tək torpağa əkdim,
Bəxtim göyərmədi, torpaq üşüdü.

Toplayıb tərtib edəni:
Mahmud Əyyublu
AAB-nin üzvü.




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9424

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info