Həmsədrlər Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə vəd veriblər?
Tarix: 13.06.2018 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Ermənistanda səfərdədir. “Armenpress”in verdiyi məlumata görə, vasitəçilər Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər.
Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə, danışıqlar prosesinin irəli aparılması imkanlarına dair fikir mübadiləsi aparıblar. Z. Mnatsakanyan Ermənistanın münaqişənin ATƏT Minsk qrupu çərçivəsində yalnız sülh yolu ilə həllinə sadiq olduğunu bildirib. Həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik müşayiət edib.
Həmsədrləri baş nazir Nikol Paşinyanla da görüşüblər. Görüşdə N. Paşinyan münaqişənin sülh yolu ilə həlli prosesində vasitəçilərin rolunun vacib olduğunu vurğulayıb və effektiv əməkdaşlığa ümid etdiyini deyib. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bütün lazımi səyləri göstərəcəklərini bəyan ediblər.
Tərəflər prezidentlərin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilmiş razılaşmalara əməl etməyin əhəmiyyətini vurğulayıblar. Qeyd edək ki, həmsədrlərin Azərbaycana səfəri nəzərdə tutulmayıb.
Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ məsələsi ilə əlaqəli vacib görüşlərə gedərkən həmişə ev hazırlıqlarına malik olur: “Bu, Edvard Nalbandyanın dövründə formalaşmış ənənədir. İndiki xarici işlər naziri Mnasakanyan da həmin ənənəni davam etdirmək istədi. Xaricə ilk səfərini Rusiyaya etdi və Rusiya XİN rəhbəri ilə görüşərkən həm Ermənistan televiziyasının, həm də “Mir” telekompaniyasının jurnalisti faktiki olaraq, Ermənistan Xarici İşlər Nazirliyinin hazırladığı ev tapşırığının icrası ilə məşğul oldu. Ona görə Rusiya və Ermənistan XİN rəhbərlərinin Moskvadakı mətbuat konfransında bir-biri ilə əlaqəli iki sual verildi”.(Azadinform.az)
O bildirib ki, ilk dəfədir, S.Lavrovun gülüşü müzakirə obyektinə çevrilir: “Görünür, Mnasakanyan Lavrovun fəaliyyətində əlavə orijinal bir şey tapa bilməyib. Lavrova orijinal yanaşması onun gülüşünü ictimailəşdirmək, Lavrovun gülüşünə tərif vermək idi. Çünki ən azı Ermənistanın BMT-dəki keçmiş nümayəndəsi, indiki XİN rəhbəri Mnasakanyanın sonradan verdiyi cavab bunu deməyə əsas verir. Sən demə, Lavrovun gülüşü BMT-də çox arzu olunan və cəlbedici imiş. Erməni nazir Mnasakanyanın nazir statusunda ilk görüşünə ev hazırlığı Lavrovun gülüşünü beynəlmiləlləşdirməklə yaltaqlanmaq və bununla dividend əldə etməkdən ibarət imiş. Ermənistan televiziyası ATƏT-in rusiyalı həmsədri Popovun adından bildirdi ki, guya Dağlıq Qarabağ tərəf kimi danışıqlara qoşulacaq. Lavrov suala çox kəskin cavab verdi ki, Popov belə bir şey deməyib. Lavrov gülməyi dayandıracağı ilə Mnasakanyanı hədələdi. Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ tənzimlənməsi prosesinə qoşulması Azərbaycanın mövqeyindən asılıdır. Azərbaycan razılıq verəcəyi təqdirdə, Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə qatılacaq”.
Politoloq qeyd edib ki, Azərbaycanın da razılıq verməsi üçün Ermənistan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qatılmasına razılıq verməlidir: “ATƏT konsensus mexanizmi ilə işləyir. Dağlıq Qarabağ ermənilərinin və Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qatılması konsensus vasitəsilə həll olunacaq. Ermənilərin diqqətinə çatdıraq ki, artıq konsensus mexanizmi həm də Azərbaycan üçün fayda verməyə başlayıb. Uzun müddət ATƏT-in Minsk qrupundakı konsensus mexanizmi yalnız ermənilərin marağına işləyirdi. İndi artıq Azərbaycanın da maraqlarına cavab verir. Ən azı, ATƏT-in Yerevan ofisinin bağlanması bunun əyani sübutlarından biridir. Lavrovun bu sarsıdıcı zərbəsi hiss olunur ki, Ermənistanın xarici siyasət idarəsinin başçısına, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyana təsir etməyib. Paşinyan Dağlıq Qarabağ məsələsini, siyasəti bilmir. Demək olar ki, Paşinyan nadan, savadsız adamdır. Ona görə Paşinyana belə məsələlər təsir eləmir. Amma Mnasakanyana savadsız demək qeyri-mümkündür. Mnasakanyan, əslində, özündən əvvəlki xarici işlər naziri və eləcə də özünün şefi olmuş Nalbandyanla sanki yalan və tərbiyəsizlik yarışına girib”.
M. Əhmədoğlu vurğulayıb ki, E.Nalbandyan yalançı idi, ATƏT-in Minsk qrupunun, beynəlxalq təşkilatların, digər dövlətlərin adından dəfələrlə yalan danışırdı: “Mnasakanyan sübut etmək istəyir ki, o, yalanı Nalbandyandan daha yaxşı bacarır. Çünki beynəlxalq ictimaiyyətin qabağında dövlətin diplomatiya idarəsinin başçısı yalan danışmamalı idi. Amma o yalanlar danışırdı. Mnasakanyan da beynəlxalq aləmin qabağında yalan danışmağa hədsiz çox meyilli görünür. Ermənistan rəhbərliyinin nadan olub-olmamasının Dağlıq Qarabağ tənzimlənməsinə o qədər aidiyyəti yoxdur. Mnasakanyan bilir ki, Dağlıq Qarabağ tənzimlənməsinin özünün gedişi var. Ermənistan özünü bu tənzimlənməyə uyğunlaşdırıb, nə isə bir fayda qazana bilmələri onların bacarığından asılıdır. Amma tənzimlənmənin gedişini Ermənistanın xarici siyasət idarəsi və yaxud Ermənistan hökuməti dayandırmaq gücündə deyil”.

“Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistanın işğalçı siyasətinin əlamətlərinin aradan qaldırılmasını tələb edirlər”

“Newtimes.az” saytının araşdırmasına görə isə hazırda Ermənistanın bir sıra siyasətçiləri və ekspertləri erməni xalqının təhlükə qarşısında qaldığından və siyasilərin ağıllı davranmalı olduqlarından bəhs edirlər. Araşdırmada qeyd olunur ki, əksər ekspertlər ermənilərin artıq xilaskar kimi Azərbaycanı görməyə başladıqlarını ifadə edirlər: “Onlar 20 ildən artıqdır ki, təzyiq və qorxu altında yaşadıqlarını açıq etiraf edirlər. Bu müddətdə Azərbaycanın düşmən obrazının yaradılması və Ermənistan rəhbərliyinin "biz olmasaq, türklər sizi məhv edəcək" kimi yalan fikirlər aşılaması insanların psixikasına mənfi təsir edib. İndi ermənilər içərisində bütün bunların sadəcə bir yalan və iftira olduğunu, əsl fəlakətin erməni şovinizmindən və ultraradikal düşüncə tərzindən qaynaqlandığını dərk edənlərin sayı günü-gündən artır”.
Məqalədə bildirilir ki, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini birbaşa Ermənistandakı duruma bağlayırlar: “Yəni kənardan hansısa qüvvənin Dağlıq Qarabağdakı ümumi sosial-siyasi və iqtisadi vəziyyətə təsir etmədiyi qənaəti vardır. Bu o deməkdir ki, ermənilər dolayı da olsa, "dqr" adlı bir qurumun olmadığını etiraf edirlər. Bu qondarma qurum faktiki olaraq İrəvandan təyin olunan separatçı-terrorçuların yaratdığı cəza rejimidir. Həmin cəza rejimi sadə ermənilərə zülm edir. Onlar Ermənistanda mövcud olan klanlara sıx bağlıdırlar. Bu səbəbdən Ermənistan rəhbərlərinin illərdir hay-küy saldığı "erməni demokratik hərəkatı", "erməni azadlıq prosesi" kimi ibarələrin heç bir əsası yoxdur. Burada bir qrup mafiozun korporativ maraqları vardır.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi havadarlarının ciddi dəstəyi və yardımı ilə Ermənistan tərəfindən işğal edilib. Erməni ekspertlər sinxron olaraq bunu dolayı sözlərlə ifadə edirlər. Çünki onların təhlillərində daim Ermənistandan göndərilən emissarların hərəkətləri vurğulanır. Və həmin emissarlar yerli əhaliyə zülm edirlər. Dağlıq Qarabağda yaşayan ermənilər onlardan xilas olmağı düşünürlər.
Konkret desək, indi oradakı ermənilər Ermənistanın işğalçı siyasətinin əlamətlərinin aradan qaldırılmasını tələb edirlər. Onlar şübhə etmirlər ki, bütün bəlalar İrəvandan gəlir. Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, indi Dağlıq Qarabağ erməniləri də Bakıdan faydalana bilərdilər. Onlar rifah və sabitlik içində yaşayardılar. Deməli, ermənilərin qarşısında dayanan ən böyük əngəl Ermənistanın işğalçılıq siyasətidir ki, bundan xilas olmaq gərəkdir. Başqa halda Dağlıq Qarabağdakı ermənilər normal həyat sürə bilməyəcəklər”.
Yazıda qeyd olunur ki, Ermənistan rəhbərliyinin münaqişənin həlli məqsədilə aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutması artıq erməni cəmiyyətində narazılıqları artırır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info