“Gənclərimiz ölkəmizin tarixini, dövlətçilik ənənəsini, zəngin mədəni irsini yüksək dəyərləndirir”
Tarix: 12.06.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Əjdər Ağayev: “Elm və təhsilin bir-birilə əlaqəli olması ölkənin bütün sahələrində inkişafı təmin edir”

Layihə çərçivəsində Təhsil Şurası İctimai Birliyinin sədri Əjdər Ağayevlə müsahibəni təqdim edirik:

-Əjdər müəllim, Təhsil Şurası İctimai Birliyinin fəaliyyət istiqamətləri hansılardır?
- Təhsil Şurası İctimai Birliyi qeyri-hökumət təşkilatı olaraq, 1998-ci ilin sentyabrında Azərbaycan müəllimlərinin XI qurultayında yaradılıb. Həmin qurultayda ulu öndər Heydər Əliyevin iştirakı onun möhtəşəmliyini, əzəmətini daha da artırmışdı.
Təhsil Şurasının formalaşdırılması ilə əlaqədar olaraq, ulu öndərin verdiyi təklif aparıcı istiqamət təşkil etdi. O bildirdi ki, bu təşkilatda təhsil sahəsinin mütəxəssisləri, metodistlər, müəllimlər birləşməlidirlər. Təhsil Şurası üzvlərinin seçilməsi prosesində bu təklif əsas götürüldü.
Ulu öndər qurultaydakı nitqində yeni yaranan Təhsil Şurasının fəaliyyət istiqamətlərini və onun proqram məzmununu verdi. O dedi ki, “gərək bu Şura müstəqil olsun, ictimai təşkilat olsun, öz sözünü hökumətə, hakimiyyət orqanlarına desin və öz təkliflərini irəli sürsün. Mən söz verirəm ki, hər bir nazirin, hökumət nümayəndəsinin sizin şuranın bütün təkliflərinə, qərarına baxmasını təmin edəcəyəm”.
Təhsil Şurası Ədliyyə Nazirliyi tərəfindən Nizamnaməsinin təsdiqindən sonra ardıcıl fəaliyyətə başladı. 2000-ci ildən bu günə qədər ötən müddətdə Təhsil Şurasının fəaliyyət istiqamətləri başlıca olaraq, aşağıda qeyd etdiklərimdən ibarət olub: ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği; ölkədə həyata keçirilən təhsil quruculuğu işlərində fəal iştirak etmək; təhsil sahəsində demokratik vətəndaş cəmiyyəti quruculuğunu sürətləndirmək məqsədi ilə dövlət və ictimai birliklərin əlaqələndirilməsində iştirak etmək; pedaqoji problemlərin həllinin təmin edilməsi üçün müzakirələr keçirmək və təkliflər vermək; təhsil islahatının meydana çıxardığı vəzifələrin həllində iştirak etmək; müasir təlim metod və texnologiyalarının, təhsilin məzmun yeniliklərinin, kadr hazırlığı problemlərinin və digər tədbirlərin təşkili və nəticələrinin təbliğində fəal iştirak etmək və s.
- Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?
- Əvvəlcə, qeyd etmək istərdim ki, elm və təhsilin vəhdətdə anlaşılması daha məqsədəuyğun olardı. Təhsil yüksək ixtisaslı kadrların hazırlanmasını təmin edir, mütəxəssislərin aldığı elmi nəticələr təhsilin məzmunca zənginləşməsi və müasirliyini təmin edir. Elm və təhsili, o cümlədən elm və təhsil işçilərinin istər sosial, istər mənəvi, eləcə də, hər hansı baxımdan dəyərləndirilməsini, düşünürəm ki, fərqləndirməmək daha məqsədəuyğundur. Elm və təhsilin bir-birilə əlaqəli olması ölkənin bütün sahələrində inkişafı təmin edir. Mədəniyyət, iqtisadiyyat, texnologiya, səhiyyə və ekologiya-hər hansı sahənin sağlam inkişafı və qorunması həmin sahə üzrə mövcud elmə əsaslanır. Cəmiyyət inkişaf etdikcə tələbatlar da dəyişir, tələbatları ödəyən vasitələr yeniləşir. Bu vasitələri meydana çıxaran elmdir. Deməli, elmin inkişafı həm cəmiyyətin inkişafı ilə şərtlənir, həm də onun inkişafına yardımçı olur. Təhsil də belədir. Çünki yüksək ixtisaslı mütəxəssis hazırlığı təhsilin keyfiyyətliliyi ilə təmin edilir.
-Gənclərin Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsə bağlılığını necə dəyərləndirirsiniz?
- Cəmiyyətin əsas hissəsini, fikrimcə, gənclər təşkil edir. Gənclik insanın formalaşma dövrüdür. Formalaşmanın düzgün, sağlam, səmərəli keçməsi üçün sağlam mühit və yüksək keyfiyyətli təhsil, təlim, tərbiyə işi aparılmalıdır. Gənclərin həyata baxışı, intellektual səviyyəsi, dünyagörüşü, milli və bəşəri düşüncəsi öncə bu amillərdən asılıdır. Digər tərəfdən, onlar milli adət-ənənələrdən, bayramlardan, ölkədəki quruculuq işlərindən və digər müşahidə etdikləri faktlardan müəyyən fikri nəticəyə, ideya baxışlarına yiyələnirlər. Mənim fikrimcə, gənclərimiz ölkəmizin tarixini, dövlətçilik ənənəsini, zəngin mədəni irsini yüksək dəyərləndirir və bunlara sahiblik hissi ilə formalaşırlar. Burada da əsas cəhət gənclərin intellektual-təhsillilik və mədəniyyətlilik səviyyəsindən asılıdır. Bir vətəndaş olaraq, hər bir insan Vətənini sevir, azad, müstəqil dövlətçiliyini alqışlayır, mədəni-mənəvi irsinin daşıyıcısı olur. Lakin lazımınca təhsil almayan, sistemli tərbiyəvi tədbirlərdə iştirak etməyən elə gənclər də olur ki, onlar öndə dediklərimi duyğu olaraq yaşasalar da, biliklərinin azlığından mövqelərini düzgün müəyyənləşdirə bilmirlər. Fikrimcə, təhsil elə səviyyədə qurulmalı və tərbiyəvi iş elə təsirli olmalıdır ki, böyüyən nəsil-gənclərimiz ən dəyərli sərvət olan dövlətçiliyimiz və mədəni irsimizin iftixar duyğulu daşıyıcılarına çevrilsinlər.
- Elm və təhsilin inkişafı istiqamətində hansı layihələr keçiribsiniz?
- Təhsil Şurası öz fəaliyyətində müxtəlif məzmunlu, əsasən təhsillə bağlı layihələrin hazırlanması və tətbiqi ilə məşğul olub. Həmin layihələrdən bir neçəsinin adını çəkə bilərəm: “Uşaqları ibtidai siniflərdə oxuyan valideynlərin maarifləndirilməsi” layihəsi əsasında pedaqoji-psixoloji məsləhət mərkəzi yaratmış, yüzlərlə valideyni uşaqlarının tərbiyəsi işi ilə əlaqədar maarifləndirmişik. Bu layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qiymətləndirildi. Ayrılan az vəsaitlə biz Bakıda və İsmayıllı rayonunda valideynləri maarifləndirmə işini həyata keçirə bildik. Ailədə uşaqların tərbiyəsinə aid kitabçalar nəşr etdik, radio və televiziyada çıxışlarımız oldu. Digər layihələrimiz pedaqoji kadr hazırlığının hazırlanması, Bolonya prosesinin Azərbaycan təcrübəsinin öyrənilməsi, yeni qiymətləndirmə konsepsiyasının hazırlanmasında iştirak və başqa məsələlərlə əlaqədar olub.
Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, Təhsil Şurasının əsas istiqamətlərindən biri olan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində də ölkə üzrə şuradaxili layihələrdən istifadə etmişik. Belə ki, ulu öndər Heydər Əliyevin təhsil, milli-mənəvi tərbiyə, kadr hazırlığı və digər məsələlərlə əlaqədar olaraq söylədiyi fikirlər, məruzə və çıxışları, sərəncamları ardıcıl olaraq tədqiqata cəlb edilmiş və nəticələri konfranslarda, toplantılarda, mətbuatda şərh edilib. Eləcə də dövlətimizin başçısı İlham Əliyevin ölkənin sürətli inkişafının təmin edilməsində səyləri, təsdiq etdiyi qanun və proqramlar öyrənilmiş və valideynlərə, müəllimlərə maarifləndiricilik məqsədilə çatdırılıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məktəb tikintisi, ehtiyacı olan uşaqlara, istedadlara qayğısı, ümumiyyətlə, Azərbaycan milli-mədəni-mənəvi irsinin yayılmasındakı xidmətləri və digər gördüyü işlər Təhsil Şurasının geniş ictimaiyyətə çatdırdığı əsas istiqamətlərdən biri olub.
Bütün bu işlərin geniş yayılmasında və ictimaiyyətə çatdırılmasında Təhsil Şurasının mətbu orqanı olan “Təhsil və zaman” qəzetinin böyük rolu var. Qeyd edim ki, 2000-ci ildən ardıcıl nəşr olunan “Təhsil və zaman” qəzeti Təhsil Şurasının fasiləsiz həyata keçirdiyi əsas layihələrdən biridir.
Bu və ya digər pedaqoji-psixoloji problemlərin müzakirəsi istiqamətində elmi konfranslar, müzakirələr keçiririk.
-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?
- Təbii ki, elm və təhsil istiqaməti davamlı bir istiqamətdir. Təhsil Şurasını təmsil edən alimlər həm təhsil qanununun hazırlanmasında, həm də elm haqqında qanunun müzakirələrində iştirak etmişlər və edirlər. Bu yaxınlarda Milli Məclisin hazırladığı elm haqqında qanun layihəsini müzakirə etmiş və təkliflərimizi hazırlamışıq. Qeyd edim ki, biz vaxtaşırı olaraq müəyyən təkliflərlə çıxış edirik.
Bu günlərdə ADPU ilə birlikdə ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş olduqca maraqlı, məzmunlu konfrans keçirmişik.
“Pedaqoji mətbuat və müasir müəllim” mövzusunda elmi-praktik konfransın keçirilməsini regionlarda yaşayan qabaqcıl müəllimlər internet vasitəsilə razılaşaraq layihələndirmişlər. Təhsil Şurasının xətti ilə keçirilən bu konfransda ölkənin 70-dən artıq tam müasir metod və texnologiyalarla işləyən müəllimləri öz təcrübələrini bölüşdülər və konkret təkliflər irəli sürdülər. Şura həmin fəalları təkcə iştirakına görə deyil, həm də tədris işindəki fəallıqlarına görə sertifikatla rəğbətləndirdi.
Yeri gəlmişkən deyim ki, Təhsil Şurasının daha bir layihəsi zəngin təcrübəli müəllimlərin şuranın müəyyənləşdirdiyi diplomlarla mükafatlandırılmasıdır.
Təhsil Şurası müstəqilliyimizin yetirməsi olan 288 nömrəli orta ümumtəhsil məktəblərinin 10 yaşı münasibətilə təlim-tədris təcrübəsini öyrənmiş, “Sabaha inamla” adlı kitab nəşr etdirib. Daha bir layihə qabaqcıl məktəb direktorlarının təcrübəsinin təbliğinə aiddir. Bir neçə il əvvəl 50 məktəb direktorunun iş təcrübəsini əhatə edən “Məktəb direktoru” adlı kitabın nəşri Təhsil Şurasının layihələrindəndir.
- Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?
- Ataların bir sözü var: “Güc birlikdədir”. Biz fəaliyyətimizi həm dövlət qurumları, həm də QHT-lərlə birgə qurmağa çalışırıq. Dövlət qurumlarından Təhsil Nazirliyi ilə, ADPU ilə, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutu və Təhsil Problemləri İnstitutu ilə, QHT-lərdən Təhsil Cəmiyyəti, Gənclərin Elmi Araşdırmalarına Elmi Dəstək İctimai Birliyi və Azad Müəllimlər Birliyi ilə və digər təşkilatlarla əlaqəli tədbirlər həyata keçiririk. Təhsil Şurasının üzvləri regionlarda da ayrı-ayrı layihələrdə, tədbirlərdə iştirak edirlər.
Eyni zamanda Təhsil Şurası öz təklifləri ilə tez-tez KİV-də, mediada görünür. Yaxşı haldır ki, Təhsil Şurasının təklifləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
- Gənc nəslin elm və təhsilini artırması üçün marağı necədir?
- Gənc nəslin maraq dairəsi genişdir. Onları sosial həyat problemləri, mənəviyyat məsələləri, fəaliyyətin inteqrasiyası və qloballaşması amilləri düşündürür. Buna görə də gənc nəsillərin yalnız müəyyən qrupu elmə maraq göstərir. Beləcə, təhsilə marağın da azaldığını hiss edirik. Düşünürəm ki, bu, İKT-nin sürətli inkişafı, informasiya bolluğu ilə bağlıdır. Bu gün təhsil olduqca geniş məzmuna malik elmləri tamamilə verə bilmir. Çünki buna vaxt və imkan yoxdur. Ona görə də gənclərə öyrənməyi öyrətmək tələb olunur. Deməli, onların elmi araşdırmalara başlaması hələ təhsil illərindən meydana çıxır. Burada konkret şablon göstəriş mümkün deyil. Təhsilin məzmunca inkişaf səviyyəsinə uyğun olaraq intellektuallar yetişdirilir və onlar elmi inkişaf etdirməyə yönəlirlər. Bu bütün gənclərə şamil edilə bilməz.
Tələbə və gənclərin intellektual səviyyəsinin artırılması, birinci növbədə, keyfiyyətli ibtidai təhsil və orta təhsil almaqdan asılıdır. Deməli, bu işi yüksəltmək lazımdır. Digər tərəfdən, gənclər məqsədyönlü olaraq, elmi-texniki yeniliklərə, yeni iqtisadi münasibətlərə, ölkənin müxtəlif ixtisas sahələri üzrə tələbatına cavab verməyə diqqəti artırmalıdırlar.
-Perspektivdə hansı layihələr gözlənilir?
- Qarşıda həyata keçirəcəyimiz layihələrimiz də var. Bunlardan biri elm xadimlərinin təhsil işçiləri ilə görüşlərinin təşkili, digəri “Ziyalı ünsiyyəti” adlı ən görkəmli ziyalılarla müsahibələrin keçirilməsidir. Daha bir layihəmiz pedaqoji-psixoloji elmlərin AMEA tərkibində təmsil olunması ilə bağlıdır. Biz bu barədə AMEA rəhbərliyi ilə danışıqlara girib, müvafiq təklifimizi vermək fikrindəyik.
Təhsildəki yeniliklərlə əlaqədar da layihələrimiz olacaq.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info