Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bölgələrdə “Heydər Əliyev obrazı Azərbaycan mətbuatında” mövzusunda mühazirə təşkil edib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, Şəki Texniki Kollecdə baş tutan növbəti tədbirdə kollecin direktoru Oxşar Şəbiyev kollec haqqında məlumat verib.
Fondun lektoru, yazıçı-jurnalist Şəhla Aslan kollecin direktoruna təşkilatçılığa görə minnətdarlıq edərək, Bilik Fondunun fəaliyyəti haqda iştirakçıları məlumatlandırıb. Sonra “Heydər Əliyev obrazı Azərbaycan mətbuatında” mövzusunda geniş mühazirə oxuyub.
Mühazirədə qeyd olunub ki, Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirmiş və inkişaf etdirmişdir. Ulu Öndər ömrü mübarizə və qələbələrdən keçən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan, uca məramı və möhtəşəm əməlləri ilə əbədiyyət qazanan dahi şəxsiyyətdir. Bu qüdrətli insan onu tanıyan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Onun adı xalqımız üçün ucalıq rəmzinə, əməlləri hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına xidmət, ulu dəyərlərə sədaqət meyarı olan Heydər Əliyev obrazı tədqiqatçılar tərəfindən araşdırılır, haqqında kitablar yazılır.
Mühazirə müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb, diskussiya formasında davam edib.
|