Hərb tariximizin şanlı səhifəsi
Tarix: 20.06.2018 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Tanınmış erməni polkovniki ordumuzun gerçəkləşdirdiyi Horadiz əməliyyatını qorxu simvolu hesab edirdi

1994-cü il soyuq yanvar ayının 5-i idi, dan yerinin sökülməsinə hələ xeyli vardı. Ermənistanın Müdafiə Nazirliyində Qarabağdan aldıqları xəbər böyük təşfiş yaratdı, hamını bir-birinə vurdu.
Füzuli şəhərindəki cəbhə qərargahından verilən məlumata görə, Azərbaycan qoşunlarının bölmələri Horadiz-Cəbrayıl istiqamətində Ermənistan hərbi birləşmələrinin mövqelərini yararaq sürətlə irəliləyirdilər.
Növbətçinin təcili zənginə nazirliyin bütün rəhbər heyəti başıalovlu gecənin qaranlığında baş qərargaha toplaşmışdılar. Onlar tez-tez Füzuli şəhərindəki cəbhə qərargahı ilə əlaqə saxlayır, nə baş verdiyini kəsdirməyə, təcili tədbir görməyə çalışırdılar.
Prezident iqamətgahında da “bəd” xəbər ciddi narahatlıq doğurmuşdu. Ermənistan prezidentinin hərbi məsələlər üzrə müşaviri general-leytenant Qurgen Dəlibaltayan və digər yüksək rütbəli erməni zabitlər dərhal cəbhə qərargahına tələsmişdilər.
Bəs əslində nə baş vermişdi həmin istiqamətdə?
1993-cü ilin oktyabr-noyabr aylarında ağır döyüşlərdən sonra Qarabağ cəbhəsində gərginlik bir qədər səngimişdi. Beyləqan və Tərtər istiqamətlərində düşmənin hücumlarının qarşısı alındıqdan sonra, demək olar ki, mövqe döyüşləri gedirdi.
Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycanda baş verən prosesləri yaxından izləyirdilər. Bakıda hakimiyyət uğrunda gedən çəkişmələrdən, dərəbəylik və xaosdan, cəbhədə yetərincə müqavimət göstərə bilməyən Azərbaycan ordusunun problemlərindən, bir sözlə, ərazilərimizin itirilməsinin səbəblərindən xəbərdar idilər. Artıq “türklərin” Ermənistan ordusuna ciddi müqavimət göstərə biləcəyinə İrəvanda şübhə ilə yanaşırdılar. Cəbhədə qoşunlarımızın uğursuzluqları, bir-birinin ardınca kənd və qəsəbələrimizin işğalı ermənilərdə eyforiya yaratmışdı. Ancaq böyük dövlət xadimi Heydər Əliyevin iyunun 14-də yenidən hakimiyyətə qayıtması əndişə yaratdı İrəvan hakim dairələrində.
Ermənilər bu görkəmli siyasət adamından hələ sovet vaxtından ehtiyat edirdilər. Qarabağın Azərbaycandan qoparılması üçün gizli planlara rəvac verməzdən öncə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun əlilə Sovetlər Birliyinin yüksək rəhbərliyindən onun getməsinə nail olmuşdular. Yalnız bundan sonra ən birinci maneəni zərərsizləşdirdiklərini düşünərək İrəvanda və diaspor təşkilatlarında bayram etmişdilər.
Ağır günündə Azərbaycan xalqı böyük ümidlərlə yenə Heydər Əliyevə üz tutdu. Millətimiz düşdüyü bəladan xilas olmaq üçün nicatı bu böyük dövlət adamında görürdü.
Azərbaycanda hakimiyyət dəyişikliyilə bağlı ermənilərin əhval-ruhiyyəsinə toxunan Lragir.am saytı etiraf edirdi ki, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra cəbhədə vəziyyətin dəyişəcəyi, işğal edilmiş torpaqların əldən gedəcəyi barədə o zaman Ermənistanda ehtiyat və pıçhapıçla danışmağa başlamışdılar. “Bu pıçhapıç ictimai və hərbi-siyasi dairələrə neqativ psixoloji təzyiq göstərirdi”. (lragir.am/index/rus/0/comments/wv5k/58782).
Əvvəlki hakimiyyətdən qalmış ağır mirası, ölkədə yaranmış xaos və dərəbəyliyi aradan qaldırmaq qısa vaxtda mümkünsüz idi. Dövlət başçısı cəbhədə və orduda vəziyyətin təxirəsalınmazlığını nəzərə alıb, 1993-cü il noyabrın 2-də xalqa tarixi müraciətini elədi. “İndi hər şey cəbhə üçün, müdafiə üçün olmalıdır” deyən Prezident Heydər Əliyev Silahlı Qüvvələrin gücləndirilməsinə bütün ictimaiyyəti yardım göstərməyə, hamını bu yolda fədakar mübarizəyə, Azərbaycanın müdafiəsinə qalxmağa dəvət etdi.
Hələ sovet dövründə uzaqgörənliklə gənclərimizin hərbi xidmətə marağını artırmaq üçün çox işlər görmüş dövlət başçısının narahat çağırışına ölkəmizin bütün bölgələrində Vətənimizin taleyinə biganə qalmayan insanlar hay verdi, gənclər böyük inam və ümidlə ordu sıralarına yazıldılar.
Qısa müddət ərzində qoşunlarımızın yeni hərbi hissələri formalaşdırıldı, əvvəlki alay və briqadalar yenidən komplektləşdirilməyə başlandı, poliqonlarda döyüş hazırlığı tədbirləri genişləndirildi. Bir sözlə, Silahlı Qüvvələrimizin bütün strukturlarına təzə nəfəs, xoş ab-hava gəldi. Təsadüfi deyil ki, 2 noyabr Azərbaycan Silahlı Qüvvələrinin tarixinə yeni mərhələnin başlanğıcı kimi daxil olub.
Horadiz əməliyyatının təşkilatçısı polkovnik-leytenant Şair Ramaldanov həmin ərəfədə Müdafiə Nazirliyinə çağırılaraq hərbi hissələrdən birinə komandir təyin edilir. O, Heydər Əliyevin yaratdığı Cəmşid Naxçıvanski adına məktəbin ilk məzunlarından idi, 1991-ci ildə Moskvada Frunze adına Hərbi Akademiyanı bitirmişdi. Briqada komandiri təyin olunanadək Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin nəzdində ehtiyat qüvvələrin hazırlığı ilə məşğul olurdu. Təzə komandir hərbi hissəni bilavasitə döyüş bölgəsində qəbul edir.
Hərbi hissənin yenidən formalaşdırılmasına ehtiyac vardı. Ona görə briqada noyabrın 16-da döyüş mövqelərindən çıxarılaraq, Seyfəli poliqonuna göndərilir. Orduya könüllü gəlmiş gənclərlə komplektləşdirilən hissə təxminən bir ay çöl şəraitində döyüşməyi öyrənir.
Bizimlə söhbətində polkovnik Ramaldanov maraqlı fikirlər söylədi. Prezident Heydər Əliyevin iki dəfə “Azərbaycan Bayrağı” ordeninə layiq gördüyü bu cəsur zabitin dedikləri məşhur əməliyyata hazırlıq barədə dolğun təsəvvür yaradır, çünki düşmənə Horadiz qəsəbəsi istiqamətində bölmələrin möhkəm zərbə vurmasına məhz poliqonda qazandığı zəruri vərdişlər imkan yaratmışdı.
“Biz orada təxminən ölkənin müxtəlif rayonlarından 1500-2000 nəfərə qədər könüllü əsgər qəbul etmişdik. Onlar Heydər Əliyevin xalqa müraciətindən sonra orduya gəlmişdilər. Mən onlarla cəbhəyə getməli, döyüş tapşırığını yerinə yetirməli idim. Həmin şəxslər buna mənən hazır idimi? Bu suala cavab almaq üçün onları poliqonda düzüb, qarşılarında çıxış elədim. Qısası, dedim ki, kim döyüşmək istəmirsə, bu gün çıxıb gedə bilər. Kim qalırsa, bizimlə vuruşa yollanacaq. Bu addımın məsuliyyəti böyük idi, ancaq mən o vaxt başqa çıxış yolu görmürdüm.
Bütün gecəni səhərə qədər yatmadım, böyük narahatlıq keçirirdim. Səhər tezdən mağarların yanında bir neçə əsgəri görəndə, inanmazsınız, mən necə sevindim! Yəni əsgərlərin hamısı getməyibmiş. Yoxlayarkən məlum oldu ki, dörd nəfər hərbi hissəni tərk edib. Hər birinin adını çəkib barələrində bütün şəxsi heyətə məlumat verdim. Yəni hesab edirdim ki, əsgərlərlə söhbətdə açıq olmaq lazımdır. Bundan sonra döyüş hazırlığı dərslərinə başladıq”.
Hərbi hissə komandiri öncə xidmət elədiyi Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəisindən xahiş edir və hazırlıqlı müəllimlərin poliqona ezam edilməsinə nail olur. Komandirlərlə birgə onlar həm bölmələri idarə edir, həm də döyüş hazırlığı məşğələləri aparırdılar. Çöl dərslərində əsgərlər ixtisaslara bölünüb məşğul olurdular.
Məktəbdən gəlmiş zabitlər əsgərlərə praktik döyüşməyi öyrədir, bölmələrdə nizam-intizam yaradılmasına yardım göstərirdilər. Gecəni gündüzə qatıb bölüklər, taqımlar məşğələlərdə silahlardan atmağı, döyüş meydanında müxtəlif şəraitlərdə necə davranmağı mənimsəyirdilər.
Komandir söhbət zamanı maraqlı bir epizodu da yada saldı. O ərəfədə “Hərbi Bilik” jurnalında manqa komandiri üçün yaddaş kitabçası çap eləmişdilər. “Manqa komandirləri üçün lazım olan əsas məlumatlar orada əksini tapmışdı. Nömrə elə çap edilmişdi ki, müəyyən vərəqləri içindən qoparıb kəsmək, qatlayıb kitabça kimi tikmək olurdu. Biz jurnalın həmin nömrələrini tapıb əldə elədik. Kitabçaları hazırlayıb manqa komandirlərinə payladıq”.
Ən döyüşkən bölmə isə Tariyel Qəhrəmanovun əsasən köhnə əsgərlərdən təşkil olunmuş taboru hesab edilirdi. Horadiz əməliyyatı barədə material toplarkən ehtiyatda olan zabitlə bir müddət öncə rəisi olduğu ANAMA-nın Horadiz regional bazasında görüşüb söhbət etmişdik. Tariyel Qəhrəmanovun bölməsini döyüşçülər öz aralarında xüsusi təyinatlılar adlandırırdılar. Bu adı sonradan onlar tamamilə doğrultmuşdular. Vətən oğulları Horadiz döyüşlərində əsl şücaət göstərmişdilər.
“Poliqonda briqada komandiri mənə dedi ki, kəşfiyyat bölüyü yaratmaq, bacarıqlı döyüşçülərdən seçib yığmaq lazımdır, - Tariyel Qəhrəmanov xatırlayır. - Biz köhnə, döyüşkən uşaqlardan 60-a qədər əsgər seçib kəşfiyyat bölüyü üçün ayırdıq. Təlim müddətində onlar da ixtisas üzrə tam hazırlıq keçdilər”.
Təlim meydanlarında hərbi hissələrin hazırlığı ilə tanış olmaq istəyən Prezident Heydər Əliyev dekabrın ortalarında Seyfəli poliqonuna da getmişdi. Həm o vaxt, həm də sonralar dövlət başçısı dəfələrlə poliqonları, döyüş bölgələrini gəzib cəbhədə vəziyyətlə bilavasitə yerində tanış olmuş, döyüşçülərin ovqatı ilə maraqlanmış, öz gəlişi və çıxışları ilə zabit və əsgərlərin döyüş ruhunu qaldırmışdı.
Prezident Əliyev poliqonda hərbi hissə komandirilə nəzarət vışkasına qalxaraq bölmələrin təlim keçməsinə tamaşa etmişdi. Həmin vaxt çəkilmiş məşhur şəkil polkovnik Ramaldanovun arxivində ən qiymətli yadigarlardandır. Heç şeyi nəzərindən qaçırmayan dövlət başçısı şəxsi heyətin qaldığı çadırlara, yeməkxanaya da baş çəkmiş, onların məişət şəraiti, qidalanması ilə yaxından maraqlanmışdı. Ulu Öndər döyüşə yollanmağa hazırlaşan zabit və əsgərlərə təlim meydanında öz xeyir-duasını vermiş, onlara uğurlar arzulamışdı.
Bundan bir neçə gün sonra, dekabrın 26-da hazırlığını yekunlaşdıran briqada kolonlarla Füzuli bölgəsinə qayıdır. Artıq ordu rəhbərliyi hərbi hissə komandirinə döyüş tapşırığını çatdırmışdı. Briqada Horadiz istiqamətində hücuma keçib düşməni geriyə oturtmalı idi. Onun sol cinahında Daxili Qoşunların bölmələri, sağ cinahında isə sonradan Milli Qəhrəman adına layiq görülmüş polkovnik Rövşən Əkbərovun komandiri olduğu alay dayanmışdı. Əməliyyat zamanı düşmənə əsas zərbəni polkovnik-leytenant Şair Ramaldanovun briqadası vurmalı idi.
Döyüş tapşırığı alınandan sonra briqada rəhbərliyi qarşıdakı hücuma hazırlıq görməyə başlayır. Bu barədə polkovnik Ramaldanov bizimlə söhbətində deyir: “Əvvəl biz klassik variantda hücum eləməyi planlaşdırmışdıq, onu Müdafiə Nazirliyi də təsdiq eləmişdi. Ancaq sonra kəşfiyyat məlumatları bu planın dəyişməsinə səbəb oldu.
Bizdə Cəbrayıldan, Füzulidən, Zəngilandan əraziyə yaxşı bələd olan yerli uşaqlar çox idi. İlham Ağalarov adlı bir döyüşçümüzü Horadizdə nənəsi böyütmüşdü. Arazqırağı yerləri çox yaxşı tanıyırdı. O, xəlvətcə düşmənin arxasına keçib Horadizə gedibmiş. Görüb ki, ermənilər qəsəbəni tamamilə talan edib, nənəsinin evini də yandırıblar. Bərk dilxor qayıtmışdı. Mənə bunu Tariyel Qəhrəmanov dedi.
İlham Ağalarovu çağırıb ətraflı söhbət elədim. Belə qərara gəldim ki, düşmənin arxasına ərazini yaxşı tanıyan döyüşçülərdən ibarət kəşfiyyat qrupu göndərim. Belə də etdim. Onlar getdilər və sağ-salamat, vacib məlumat toplayıb qayıtdılar. Uşaqlar ermənilərin mövqelərini yaxşı öyrənə bilmişdilər.
Kəşfiyyat məlumatları aldıqdan sonra mənim döyüş planım tamamilə dəyişdi. İdarə heyətilə, qərargah rəisi rəhmətlik Akif Məmmədov, əməliyyat bölməsinin rəisi Elxan Bağırov idi, həmin döyüşlərdə şəhid oldu, o cümlədən ərazini yaxşı tanıyan Tariyel Qəhrəmanovla məsləhətləşib qərar qəbul etdim ki, Horadiz istiqamətində düşmənin arxasına şəxsi heyət keçirim”.
O vaxt, briqada komandirinin sözlərinə görə, yerdə çox qar yox idi, ancaq səhər-səhər torpaq donurdu, günortadan sonra hər yan keçilməz bir palçığa çevrilirdi. Ermənistan hərbi bölmələrinin ön xətti Əhmədbəyli və Bala Bəhmənli kəndləri istiqamətində, əsasən yaxınlıqdakı yüksəkliklərdə idi. Beləliklə, Tariyel Qəhrəmanovun taboru, döyüş planına görə, üç reyd qrupuna bölündü. Onlar sərhədçilərin minalardan təmizlədiyi Araz çayının sahili ilə düşmənin arxasına sızmalı idilər.
Bu briqada üçün yetərincə risqli bir addım idi. Ancaq polkovnik Ramaldanovun dediyi kimi, risk etməyən şampan içmir. Həm də komandir öz döyüşçülərinə inanırdı. Və bu inam Horadiz əməliyyatında uğura aparan əsas amillərdən oldu.
Yanvar ayının 4-də qaranlıq düşdükdən sonra bölüklər səssiz-səmirsiz döyüş tapşırığını yerinə yetirməyə yollandılar.
Saat təxminən 8 radələrində hamıdan öncə İlham Ağalarovun rəhbərliyilə 70 nəfərlik kəşfiyyat bölüyü düşmənin arxasına yola düşdü. Bu qrup hücum başlayana qədər Horadizin yaxınlığındakı asfalt zavodu və qəsəbənin girəcəyindəki yüksəklikləri ələ keçirməli, hücumdan qabaq düşmənin atəş nöqtələrini susdurmalı, arxadan ermənilərə gələn köməyin qarsısını almalı idi.
Sonra zəngilanlı döyüşçülərindən ibarət Səhiyyəddin Namazov və Nurəddin Quliyevin bölükləri düşmənin arxasına yola düşdü. Onlar Horadiz yolundan Şükürbəyliyə dönən yerdə sağ və sol yüksəklikləri tutaraq ermənilərə köməyə gələn qüvvələrin qarşısını almalı, düşmənin atəş nöqtələrini susdurmalı idilər.
Vahid Balakişiyevin və Mütalib Baxışovun Böyük Bəhmənlinin üstündəki Baş Mil su kanalının yaxınlığındakı yüksəklikləri tütmalı idi. Taborun qərargah rəisi Adil Balaşov da onlarla birlikdə ermənilərin ön xəttini keçdi. Əməliyyatın uğurla başa çatmasında hər birinin payı olan bu cəsur Vətən övladlarının adını yadda saxlamaq və unutmamaq gərəkdir.
Yanvarın 5-i səhər saat 7-də isə briqadanın əsas qüvvələri hücuma keçməli idi. Əməliyyata hazırlıq görülərkən hər şey xırda detallara qədər nəzərə alınmışdı.
Düşmən arxasına keçmiş bölmələrin öz yerlərini tutması barədə briqada komandiri vaxtında məlumat almışdı.
Gecə müəyyən edilmiş nöqtələrə çıxarkən ermənilərlə toqquşmalar baş verdi. Böyük Bəhmənlinin üstündəki yüksəkliklərdə qarşıdurma düşməni bərk qorxuya saldı. Sonra ermənilər anlamışdılar ki, Şükürbəyli yolunun ətrafında da, Horadiz qəsəbəsinin üstündəki yüksəkliklərdə də Azərbaycan əsgərləri mövqe tutub. Zinvorlar arxaya məlumat vermişdilər ki, guya, İrandan keçmiş böyük bir qüvvə gecə hücuma keçib. Bu gözlənilməz xəbər hətta Ermənistanın Müdafiə Nazirliyində əməlli-başlı vahimə yaratmışdı.
Qış vaxtı olduğuna görə hava hələ işıqlaşmamış briqadanın əsas bölmələri Ermənistan ordusunun Qafan briqadasının qarşıdakı mövqelərinə cəsarətlə hücuma keçdi. Düşmən Azərbaycan əsgərinin qabağında tab gətirməyərək panika içində qaçırdı! Polkovnik Ramaldanovun döyüşçüləri həmin gün 20 kilometrdən artıq ərazini, Füzuli və Cəbrayıl rayonlarının 22 kənd və qəsəbəsini erməni silahlı birləşmələrindən azad etdi.
Hadisələrin şahidi olmuş Ermənistan ordusunun polkovniki Remik Mardanyan Qarabağ müharibəsinə həsr etdiyi xatirələrində Horadiz döyüşləri barədə ürək ağrısı ilə yazırdı. Hadisələrlə bağlı bəzi təhriflərə yol versə də, erməni zabitinin həmin yanvar günlərində Horadiz döyüşləri barədə fikirləri maraqlıdır: “Türklər İrandan keçərək güclü dəstə ilə iki istiqamətdə Qafan briqadasının arxasına çıxmış, Horadiz tərəfdən isə Araz çayı boyunca hücuma keçmişdilər. Qafan briqadası üçün bu gözlənilməz idi”.
Horadiz döyüşlərini on minlərlə ata və anan üçün qorxu simvolu hesab edən erməni zabiti qeydlərində vurğulayır: “Panika yaxşı şey deyil və çox dəhşətlidir, hətta ən seçmə qoşun üçün belə ölüm deməkdir. Laçında düşmənə qarşı vuruşmuş mənim dünənki qəhrəmanlarım bu gün qorxaq dovşan kimi qaçırdılar. Türklərə “Şturm-S”, bir neçə tank, BM-21 qurğuları, minomyotlar və xeyli ehtiyat dolu maşını döyüşsüz təslim etdilər. Çoxlu itkilər – ölənlər, çoxlu yaralı və yetərincə itkin düşən olmuşdu.”
Horadiz əməliyyatı zamanı üç gun ərzində aparılan döyüşlərdə briqada 17 şəhid vermiş, 43 nəfər isə yaralanmışdı. Müdafiədə dayanmasına baxmayaraq, düşmənin itkiləri isə qat-qat çox idi. Erməni zabit və əsgərləri döyüş meydanında canlı itkilərlə bərabər xeyli texnika, silah-sursat da qoyub qaçmışdılar.
Bölmələrimiz həmin istiqamətdə 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın avtomobil, çoxlu sayda silah və sursatı qənimət kimi ələ keçirmişdi. Döyüşlərdə şücaət göstərmiş zabit və əsgərləri Prezident Heydər Əliyev dövlət mükafatları ilə təltif etmişdi. Hərbi hissə komandiri Şair Ramaldanov polkovnik hərbi rütbəsi və “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdü. Şükürbəyli kəndi Ermənistan silahlı birləşmələrinin işğalından azad edilərkən həlak olumuş cəsur kapitan Elxan Zülfüqarova isə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi.
Horadiz əməliyyatının əsas qəhrəmanı Azərbaycan əsgəri oldu. Döyüşlər göstərdi ki, Vətən oğulları lazımi məqamda toparlanmağa, fədakarcasına müqavimət göstərməyə və ən başlıcası cəsarətlə döyüşərək düşmənin gözləmədiyi halda ona sarsıdıcı zərbə vurmağa qadirdir.
Bizimlə söhbətində ağır döyüşlərdən keçmiş, məmmədciklərimizi güllə yağışı altında düşmən üzərinə aparmış polkovnik Ramaldanovun Azərbaycan əsgəri haqqında söylədiyi fikirlər sözün həqiqi mənasında qürurvericidir.
Şükürbəyli kəndində yaralanıb hospitala göndərilən əsgərlərinə təşəkkür etmək üçün briqada komandiri maşına qalxır. Kuzovdakı döyüşçülərdən biri dizindən aşağı ayağının birini itiribmiş. O, ağrılarını belə unudaraq fərəhlə deyir ki, komandir, Şükürbəyli kəndi artıq bizdədir! Budur Azərbaycan əsgərinin dözümlülüyü, fədakarlığı, mətinliyi! Ancaq onu da vurğulamağa dəyər ki, əsl komandirin yetirmələri belə rəşadətə qadirdir. Polkovnik Şair Ramaldanovun bu baxımdan özünün hər bir zabitin xidmət yolu üçün örnək olacaq düşüncələri var.
“Əgər sən əsl komandirsənsə, doğrudan da, ürəkdən xidmət edirsənsə və döyüşçülərə nümunə olmağı bacarırsansa, o əsgər ölümə də gedər, - polkovnik Ramaldanov deyir. - Mən bunun şahidi olmuşam. Yəni o əməliyyat təsadüfən uğurlu alınmayıb, biz onu qazanmışıq”.
Lragir.am saytının qeyd etdiyi kimi, o zaman Ermənistan siyasi-hərbi rəhbərliyinin böyük dövlət xadimi Heydər Əliyevdən haqlı çəkinməsi özünü həm ölkənin dirçəldilməsində, həm də cəbhədə doğrultmaqdaydı. Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra qüvvə toplamış ordumuz Ağdam – Tərtər, Kəlbəcər istiqamətlərində də Ermənistan silahlı birləşmələrinə ciddi zərbələr endirmişdi. Ancaq düşmən ən sarsıdıcı zərbəni Horadiz istiqamətində almış, işğal etdiyi torpaqlardan xeyli geri çəkilmişdi. Rəsmi İrəvan Azərbaycanın artan gücündən ehtiyat edərək 12 may 1994-cü ildə atəşkəs imzalamaq üçün masaya əyləşməyə məcbur olmuşdu.
Cəbhədə sakitliyin yaranması Azərbaycan Silahlı Qüvvələrinə ciddi hərbi islahatların aparılması üçün də zəruri idi. Heydər Əliyevdən sonra hakimiyyətə gəlmiş İlham Əliyev Ümummilli liderin başladığı ordu quruculuğu prosesinə xüsusi impuls verdi. Ötən illər ərzində Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri döyüş potensialına görə dünyanın 50 ən güclü orduları sırasına daxil olub. Yüksək hərbi təchizata malik qoşunlarımız bütün parametrlər üzrə Ermənistan ordusundan xeyli üstünlük qazanıb. Silahlı Qüvvələrimiz düşməndən xeyli üstün olduğunu 2016-cı il aprel döyüşləri zamanı sübuta yetirdi. Bu baxımdan Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Horadiz əməliyyatı ordumuzun uğurlarının ilk qaranquşu oldu.

Ə.MƏHƏRRƏMLİ,
Hərbi jurnalist
İyun 2018.




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
“Prezidentin mətbuata dəstək verməsi artıq ənənəyə çevrilib”
17.07.2018
Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı
17.07.2018
“Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
17.07.2018
Gəncə hadisələri ilə bağlı daha 4 nəfər həbs edilib
17.07.2018
Torpaq idarəçiliyi ilə bağlı Ağcabədidə İşgüzar forum keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9641

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info