“BANM-ın məzunu olmaq çox qürur verici bir hisdir”
Tarix: 20.06.2018 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Müsahibimiz 7500 namizəd arasında qalib gələrək iş təklifi alan gənc mühəndis Emilya Məmmədovadır:

- Emilya, özünüz haqda nə deyə bilərsiz?
- Mən, Məmmədova Emilya Bakı Ali Neft Məktəbinin 2018-ci il “Neft-qaz mühəndisliyi” ixtisası üzrə məzunuyam. Hazırda dünyanın böyük neft və qaz servis şirkəti olan “Baker Hughes” şirkətində “LEAD” proqramı üzrə mühəndis olaraq fəaliyyətə başlamışam.
- BANM-in məzunu olmaq sizin üçün necə bir hissdir?
- BANM-in məzunu olmaq, ilk növbədə çox qürur verici bir hisdir. Sözün düzü, bizim ali məktəbi seçəndə mənim üçün önəmli olan ingilis dilində təhsil, iki diplom və akademik mühit idi. Lakin indi mən anlayıram ki, BANM mənim üçün, sadəcə, təhsil aldığım bir müəssisə deyil, artıq mənim ailəmdir. Bəli, mən burada texniki biliklər əldə etmişəm, amma daha önəmlisi – insanlarla ünsiyyəti, dəyərləri və dostluqları öyrənmişəm. Hər kəsin xəbəri var ki, BANM-də qayda-qanun çox sərtdir. Etiraf edim ki, bir tələbə olaraq əvvəllər buna qarşı çıxsam da, sonradan dərk etmişəm ki, bu qayda-qanunlar bizi necə də həyata düzgün hazırlayıb. İndi biz şirkətlərə getdikdə onların sərt qaydalarına alışmaqda çətinlik çəkmirik, çünki məhz həmin standartlara uyğun tam 5 il təhsil almışıq. Ona görə də tam səmimiliklə deyə bilərəm ki, BANM-in məzunu olmaq qürur vericidir.
- Necə oldu ki “Baker Hughes” şirkətinə 7500 namizəd arasından seçildiniz?
- “Baker Hughes” şirkətinin “LEAD” adlı bir proqramı var. Bu proqramın məqsədi gələcək liderləri, menecerləri yetişdirməkdir. Proqram haqqında isə sosial şəbəkələrdən xəbər aldım və elə həmin dəqiqə müraciət etdim. Bir neçə gün sonra artıq mənə onlayn testlər göndərdilər. Tam 5 mərhələdən ibarət testlər oldu. Bura məntiq, mexaniki testlər, psixoloji testlərədək daxil idi. Sonra iki intervü oldu və yarım finala keçdiyim haqda xəbər aldım. Yarım final çox çətin bir mərhələ idi, bizi müxtəlif yoxlamalardan keçirmişdilər və rəqabət hədsiz güclü idi. Lakin bir zəng gəldi və mən şad xəbəri aldım. Rusiyanın Tümen şəhərində olacaq finala dəvət almışdım. Sevincimi təsəvvür belə edə bilməzsiniz. Bu mənim üçün çox böyük uğur idi. Və, nəhayət, Tümendə sonuncu mərhələ baş tutdu. Burada artıq bütün regiondan – Rusiyadan, Qazaxıstandan, Azərbaycandan namizədlər, professional mühəndislər gəlmişdi. 24 saat davam edən bu mərhələnin sonunda onu uğurla keçdiyimi öyrəndim və nəticədə şirkət tərəfindən aparıcı sahə mütəxəssisi vəzifəsinə iş təklifi aldım.
- Bu uğurunuz üçün kimə təşəkkür edərdiniz?
- İlk növbədə anama - həyatımdakı ən dəyərli insana. Həyatımın hər bir anında yanımda olan, mənə dəstək olan mənim anamdır. Necə ki, BANM-ə daxil olmaq uğurumun arxasında anam idi, eləcə də bütün sonrakı uğurlarımda məni ruhlandıran odur. Anamdan başqa, təbii ki, müəllimlərimə də bu uğuru borcluyam. Hər bir müəllimimin, mənim üzərimdə əməyi var. Hər biri mənim hansısa xüsusiyyətimin formalaşmasında böyük rol oynayıb. Hər birinə təşəkkür edirəm. Qeyd etdiyim kimi, BANM mənim üçün bir ailədir, bir həyat məktəbidir. Və təbii ki, hörmətli rektorumuz Elmar Qasımova da təşəkkür edirəm. O bizim üçün, sadəcə, təhsil müəssisənin rəhbəri yox, bir ailə başçımız kimi doğma olub. Təhsil aldığımız bütün müddət ərzində hər bir tələbəyə qayğı ilə yanaşıb. Və mən əminliklə deyə bilərəm ki, onun mənim üzərimdə ən az bütün müəllimlərim qədər, ailəm, dostlarım qədər əməyi var və bu səbəbdən mən ona çox minnətdaram.
- Emilya, bir insanın uğuru şanslı olmağından irəli gəlir, yoxsa necə?
- Şans yaxşı bir amildir, amma həmişə olmur. Şəxsən mən heç vaxt şansa güvənməmişəm. İnsan öz şansını, öz uğurunu özü yaratmalıdır, öz gücüylə məqsədlərinə çatmalıdır. Bunun isə arxasında bilik, bacarıq, insanlarla ünsiyyət, dünya standartlarına uyğunlaşma, ambisiya və məqsədlər kimi amillər durur.
- Təhsilinizi gələcəkdə harada davam etdirməyi düşünürsünüz?
- Hazırda karyerama daha çox fokuslanmağı düşünürəm, yaxın gələcəkdə isə ola bilsin distant təhsil alım.
- Gələcəklə bağlı fikirləriniz nədən ibarətdir?
- Qeyd etdiyim kimi, mənim üçün ön planda olan karyeramdır və hazırda işimdən çox razıyam. Bu istiqamətdə davam edərək, bilik və bacarıqlarımı təkmilləşdirib, işimdə daha çox uğurlara nail olmaq istəyirəm. Həmçinin olduğum hər yerdə vətənimi layiqincə təmsil etmək arzusundayam. Ümid edirəm ki, bu məqsədlərimə nail olaraq ali məktəbimizin də adını daim uca tutacam.
- BANM-in məzunu olaraq tələbə olmaq istəyən gənclərə nə demək istərdiniz?
- Demək istərdim ki, BANM-in tələbələr üçün yaratdığı fürsətləri siz də analiz edin, dəyərləndirin. İndidən qərar verin – özünüzü gələcəkdə harada görmək istəyirsiniz? Əminəm ki, əldə etmək istədiklərinizi sizə yalnız BANM verəcək. Məqsədlərinizi müəyyənləşdirin və onlara doğru əmin addımlarla irəliləyin. Abituriyentlərin hər birinə uğurlar arzu edirəm və deyirəm: “Uğurunuzu şansa buraxmayın, onu özünüz yaradın!”.

Nigar





 
Bölməyə aid digər xəbərlər
18.07.2018
ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
18.07.2018
İtaliya Prezidentinin qızı Qobustan və “Atəşgah məbədi” ilə tanış olub
18.07.2018
“Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı regional tədbir keçiriləcək
18.07.2018
Reklam Agentliyi “Açıq qapı“ təşkil edib
18.07.2018
BANM-in 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info