Hikmət Hacıyev: “Ermənistan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır”
Tarix: 20.06.2018 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevirib.

Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb

Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb. Ermənistan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədilib - 6000 azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu ilin əvvəlinə olan məlumatına görə, 4009 Azərbaycan vətəndaşı münaqişə zonasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 56-sı uşaq, 327-si qadın, 364-ü qocadır. Azərbaycan vətəndaşlarından 1409-u erməni əsirliyindən azad edilib. İtkin düşmüş vətəndaşlardan 877-nin əsir, yaxud girov götürülməsi faktı beynəlxalq təşkilatlardan, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilib. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilib.
Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var.
Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifəsi hesab edib. Bu problemlərin həlli istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Ümummilli liderin 1993-2003-cü illərdə problemin siyasi yolla həlli istiqamətindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl olub. Ulu öndərin 1998-ci ildə qəbul etdiyi Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlanılıb.
2003-cü ildən başlayaraq Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirib. Ötən illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün böyük imkanlar yaradıb, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının və sonradan həmin proqrama 2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb.
Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün milyardlarla manat vəsait sərf olunub. Ümumilikdə indiyədək yüzə yaxın müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Görülən işlər nəticəsində əlli mindən çox ailənin mənzil şəraiti yaxşılaşdırılıb.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilib. Ötən müddətdə qaçqınların, məcburi köçkünlərin, qaçqın statusu almaq niyyətində olan şəxslərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb.

XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlama yayıb. Açıqlamada bildirilir ki, hər il 20 iyun BMT tərəfindən Dünya Qaçqınlar Günü kimi qeyd olunur. "BMT-nin Baş Katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi, “qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqişə, təqib və ümidsiz yoxsulluqdur". Qaçqınlar və miqrantların problemləri ilə bərabər, münaqişələr səbəbindən təhlükələrə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşamalı olan kişi, qadın və uşaqlardan ibarət milyonlarla məcburi köçkün də var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə - 41 milyon nəfərə çatıb. Ermənistanın təcavüz və işğalı nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir. Ermənistan beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı müharibəyə başlayıb, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edib və işğal edilmiş ərazilərdə və Ermənistan ərazisində 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Nəticə etibarilə hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib.
Azərbaycan Respublikası məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması problemi həll olunana qədər onların həyat şəraitini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görür. Son 20 ildə Azərbaycan Respublikası tərəfindən məcburi köçkünlərin sosial rifahının təmin edilməsi üçün 6 milyard dollar həcmində vəsait sərf edilib və bunun nəticəsində məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına nail olunub. Bu vaxta qədər 250 mindən artıq məcburi köçkün ev və mənzillərlə təmin olunub. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi əsaslı yerli inteqrasiya kimi nəzərdən keçirilmir. Öz doğma torpaqlarına könüllü olaraq, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçimdir. İşğal olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və kəndin sakinlərinin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin olunması Azərbaycan hökumətinin qəti əzminin təzahürü olaraq post-konflikt reabilitasiya və məcburi köçkün probleminin həll olunması baxımdan unikal və uğurlu pilot layihədir.
Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz doğma yurdlarına könüllü olaraq, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir. Həmçinin, beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməni əsilli qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə Ermənistanın həyat keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib.
Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasının təmin olunmasıdır.
Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və nəticə etibarilə azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır. Yalnız bu halda münaqişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür", - deyə H. Hacıyev açıqlamasında qeyd edib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info