“Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
Tarix: 20.06.2018 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Salatın Məmmədli: “Cəmiyyətimizin qapıları bütün azərbaycanlı və yunan gəncləri üçün açıqdır”
Son zamanlar Yunanıstanda da Azərbaycan diasporunun fəaliyyətində aktivlik hiss olunur. Bunun əsas səbəbi 2017-ci il fevralın 13-dən etibarən Yunanıstanın Saloniki şəhərində “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətə başlamasıdır. Təşkilatda gənclərin də fəaliyyətinə xüsusi önəm verilir. Elə müsahibimiz də "Qala"nın ən fəal gənc üzvü və katibi Salatın Məmmədlidir. Qeyd edək ki, S.Məmmədli 1994-cü ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə ailəsi ilə birlikdə Yunanıstan Respublikasının Saloniki şəhərinə köçüb. Orta məktəbi Yunanıstanda bitirib və daha sonra turizm təhsili alıb. Turizm şirkətində işləyib. "Qala" Yunanıstan Azərbaycan Dostluq Cəmiyyəti təşkil olunduğu gündən isə cəmiyyətdə çalışır. Onu da əlavə edək ki, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Salatın xanımın atası Rəşid Məmmədovdur.
- Yunanıstanda soydaşlarımız diaspor olaraq formalaşıbmı?
- “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Yunanıstanda Azərbaycanın diaspor təbliğatı ilə məşğul olan ilk və yeganə təşkilatdır. Cəmiyyətimizin fəaliyyətinin qayəsini Yunanıstanda yaşayan azərbaycanlıların hüquqlarının qorunması, Yunanıstandakı azərbaycanlı cəmiyyətin davamlı yaşayışı və inkişafı üçün dəstək göstərilməsi, Yunanıstanda Azərbaycan tarixi və Azərbaycanda Yunanıstan tarixi kimi etnik və mədəni dəyərlərin sərgilənməsi və mübadiləsi təşkil edir.
- “Qala” Yunanıstandakı soydaşlarımızı nə dərəcədə öz ətrafına toplaya bilib?
- Hazırda ondan artıq aktiv üzvümüz var. Saloniki şəhərində qeydiyyatda olan ümumi üzvlərimizin sayı isə yüzdən çoxdur. Fəaliyyətimiz isə bütün Yunanıstan ərazisində yaşayan həmyerlilərimizi əhatə edir.
- Yunanıstanda gənclərimiz nə dərəcədə diaspor fəallığı göstərirlər?
- Bir il yarım fəaliyyət göstərməyimizə baxmayaraq, "Qala" öz nümayəndələri ilə bir sıra beynəlxalq festivallarda təmsil olunub, tədbirlər, şənliklər, sərgilər təşkil edib. Bütün fəaliyyətimizdə gənclərimiz fəallıq göstəriblər. Aprel ayında Yunanıstanın Saloniki şəhərində 15000-ə yaxın marafonçunun qeydiyyatdan keçdiyi ümummilli qaçış marafonunda "Qala" Yunanıstan-Azərbaycan Cəmiyyətinin azərbaycanlı gəncləri də iştirak ediblər.
- Yunan gəncləri ilə əlaqələriniz hansı formadadır?
- Cəmiyyətimizin qapıları bütün azərbaycanlı və yunan gəncləri üçün açıqdır və burada yaşayan gənclərimizin bütün təşəbbüslərini dinləyirik və nəzərə alırıq. Hazırda bir neçə yerli gənclər təşkilatları ilə əməkdaşlığımız davam edir və yunan gəncləri mütəmadi olaraq ofisimizi ziyarət edir və əməkdaşlıq təşəbbüsündə çıxış edirlər. Mart ayında Azərbaycan mədəniyyətinin öyrənilməsi, etnik və intellektual dəyərlərin təbliği məqsədilə yunan gəncləri üçün Azərbaycan mədəniyyət gecəsi təşkil etdik və ölkəmizin regionlarının təqdimatı ilə çıxış etdik. Tədbir çox maraqla qarşılandı. Bu tipli tədbirləri daha tez-tez keçirməyi nəzərdə tutmuşuq.
- Orada azərbaycanlılar, əsasən, hansı sahələrdə çalışırlar?
- Yunanıstanda insanlar, əsasən də gənclər, eyni zamanda bir neçə sahədə çalışmaqdan çəkinmirlər. Həm öz ixtisası üzrə işləyən, həm də könüllü kimi bizim təşkilatda və ya digər tədbirlərdə çalışan gənclərimiz az deyil.
- Yerli qurumlarla hər hansı əməkdaşlıq edirsinizmi?
- Yerli qurumların əksəriyyəti ilə davam edən əməkdaşlıqlara hər həftə yeni potensial tərəfdaşlarımız da qoşulur. Saloniki şəhər bələdiyyəsi ilə sıx ünsiyyətdəyik, may ayında Beynəlxalq Dil Festivalında bir neçə təşəbbüslə festivala qatıldıq. Qarşıda növbəti birgə silsilə tədbirlər keçirməyi planlayırıq. Bu yaxınlarda cəmiyyət olaraq, 21-ci Qida Festivalında iştirak etdik və Azərbaycan plovu, dolma, qutab və digər təamlarla təmsil olunduq. Yığılmış vəsait Filiroda yerləşən yunan uşaq evinə ianə edildi.
- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Yunanıstanda hansı tədbirlər keçiribsiniz?
- Cümhuriyyət İli çərçivəsində tədbirlərə hazırlıqlarımız bir neçə ay davam etdi. Bəziləri haqqında kütləvi informasiya vasitələrinə məlumat vermişik. Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyi bizə və azərbaycanlı icmasına çox dəstək oldu. Ən yaddaqalan tədbirlərdən biri, Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə geniş auditoriya qarşısında təqdimatımız çox maraqla qarşılandı. Bütün məlumatları media vasitələrinə çatdırmaq imkanımız olmasa da, ilin sonunda cəmiyyətin bütün fəaliyyəti barədə geniş təqdimat keçirməyi nəzərdə tuturuq.
- Siz turizm sahəsində təhsil alıbsınız. Azərbaycanın turizm potensialı xaricdən cəlbedici görünürmü?
- Azərbaycan turizminin potensialı çox perspektivli görünür, amma buna strateji yanaşma olmalıdır. Ümid edirik ki, yeni yaranan qurum -Turizm Agentliyi bu sahədə daha planlı və sistemli istiqamət götürəcək və Azərbaycan Avropada Qafqazın turistik məkanı kimi tanınacaq. Azərbaycan yunan turistlər üçün çox cəlbedici görünsə də, birbaşa uçuşların və münasib qiymətə tur paketlərinin mövcud olmaması turistləri başqa ölkələrə istiqamətləndirir.
- Perspektivdə hansı layihələr həyata keçirməyi düşünürsünüz?
- Layihələr və ideyalar çoxdur. Bütün tədbirlər barədə mütəmadi olaraq KİV-ə məlumat veriləcək. Sosial şəbəkə üzərində olan səhifələrimiz aktivdir və daim məlumatlarla yenilənir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”
09.07.2018
“Azərbaycanın İsveçrəyə ixracı 43 faiz artıb”
05.07.2018
Ekstremal vəziyyətlərdə dövlət və vətəndaş həmrəyliyi
28.06.2018
“The Jerusalem Post”: “Ermənistan Azərbaycanla heç cür rəqabət apara bilmir və bilməyəcək”
27.06.2018
Levon Mnatsakanyan: “Müasir hərbi-texniki imkanları olan bir rəqiblə üz-üzə qalmışıq”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9641

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info