Şeirin insan ruhuna təsiri əvəzsizdir
Tarix: 21.06.2018 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Şeirin ən böyük gücündən biri də tərbiyədir. İnsan təbiətini tərbiyə etmək üçün haqlı olaraq əksər vaxt bir neçə bənd şeir söyləyirlər. Şeir insan ruhuna daha yaxındır və onun təsiri əvəzsizdir. Bəlkə buna görədir ki, hər zaman bizlərə şeir əzbərlədirlər. Tarix də sübut edir ki, bir xalq olaraq ədəbiyyat sahəsində böyük insanlar yetişdirmişik.
Mikayıl Binnət oğlu Əsgərov (Bozal) 19 dekabr 1958-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) Alman dili fakültəsinin əyani şöbəsinə qəbul olunub. Universiteti 1985-ci ildə fərqlənmə diplomu ilə bitirib və təyinatı üzrə iki il Şamaxı rayonunda pedaqoji fəaliyyətlə məşğul olub. Sonra Azərbaycan Dövlət Xarici Dillər Universitetində laborant, baş laborant, saathesabı müəllim, daha sonra isə 1997-ci ilədək ştatda olan alman dili müəllimi kimi fəaliyyət göstərib.
Bu gün ciddi yaradıcılıqla məşğul olan şair Mikayıl Bozalın bir neçə şeirini təqdim edirik:



BİLMƏZSƏN

Oynamaynan gur atəşin közüylə,
Elə yanarsan ki, dözə bilməzsən.
Zirvəyə boylanma qartal gözüylə,
Qartal tək zirvədə süzə bilməzsən.

Uca tut mərdliyi, düzü, şəfqəti,
Şeytanın felinə uymaynan qəti.
Danmaq istəsən də saf həqiqəti,
Nazildə bilərsən, üzə bilməzsən.

Azarsan yolunu, izdən düşərsən,
Taqətdən düşərsən, dizdən düşərsən,
Eldə rüsvay olub, gözdən düşərsən,
Başını qaldırıb gəzə bilməzsən.

Ayıq ol, yoxlaynan seçdiyin yolu,
Həm könlün tox olsun, həm için dolu.
Olmaynan tamahın, nəfisin qulu,
Dərdlərin yüksələr yüzə, bilməzsən.

Mikayıl, dərs vermə, dərs öyrən özün,
Haqqa açıq olsun bəsirət gözün.
Qədir-qiymətini bilməsən sözün,
Misraya sahmanla düzə bilməzsən.

GEDƏSƏN

Dərdlərin adamı olurmu, görən?
Bir yol tapşırasan, çıxıb gedəsən.
Gözləri yaşarıb, dolurmu, görən?
Ağladıb, evini yıxıb gedəsən.

Dözəsən həsrətə, darıxmayasan,
Qanrılıb arxana heç baxmayasan.
Fürsət əlindəykən buraxmayasan,
Yandırıb odlara yaxıb gedəsən.

Dinləyib suların həzin səsini,
Dərindən alasan bir nəfəsini,
Öldürüb azadlıq, hürr həvəsini,
Qarışıb çaylara axıb gedəsən.

Duyub dərdsizliyin daha yoxunu,
Atasan içindən qada-qorxunu...
...Sonra da danışıb şirin yuxunu,
Gülümsər üzlərə baxıb gedəsən.


GÖZƏL
(təcnis)

İşvə olar, qəmzə olar, naz olar,
Vurulmaz fürsətə gələnə gözəl.
Hicrana, həsrətə dözən az olar,
İnsafa, mürvətə, gələnə gözəl.

Ömründə hər kəsə bəxti yar ola,
Yar-yara qovuşa, bəxtiyar ola,
Kimsə oğrun-oğrun baxdı-yar ola!?-
Dönüb mənə sarı gələ, nə gözəl.

Nə sevgi bir quşdu, nə də könül dən,
Ayrılıq saçıma saldı, könül, dən,
Ruhum aşiq oldu, sevdi könüldən,
Mikayıl, haraya gələnə göz, əl.


GÖRDÜM

Xınalı kəkliyin qaqqıldaşdığı,
Dəli dağ çayının şaqqıldaşdığı,
Buzlu bulaqların pıqqıldaşdığı,
Elatın köç yeri yaylağı gördüm.

Biçənəklər dalğa-dalğa yellənir,
Yel vurduqca tel-tel olur, tellənir,
Zümzüməylə həzin-həzin dillənir,
Kürənə qısınan daylağı gördüm.

Qara torpaq mərd igidlər taxtıdı,
Dirədöymə, ənzəlinin vaxtıdı,
Mərc aparmaq, görən, kimin baxtıdı?
İgidlər at çapan oylağı gördüm.

Qara bulud gözlərini sıxanda,
Yağış yağıb şırıltıyla axanda,
Çolma-çocuq maddım-maddım baxanda,
Seli qucaqlayan çaylağı gördüm.


SORUŞ

Dərd nədi? - Bilərmi dərdlərə naşı?
Dərdlər ürəyini oyandan soruş.
Bir ömrü yaşayıb birgə yanaşı,
Könlünü viranə qoyandan soruş.

Bütün fəsilləri dönəndə qışa,
Ax-ufla ömrünü vurandan başa,
Dərisini sürtüb torpağa, daşa,
İlan dərisi tək soyandan soruş.

Gecələri dirigözlü açandan,
Yığvalından üz çevirib qaçandan,
Sonunu gözləyir gör bir haçandan,
Sağikən canından doyandan soruş.



MƏNİM

Durub təbiətə gedəydim yenə,
Yaxınım, sirdaşım olaydı mənim.
Soraydı halımı hey dönə-dönə,
Ovudub, könlümü alaydı mənim.

Güləydi çöhrəsi dərənin-düzün,
Artaydı qiyməti söhbətin-sözün,
Şirin nəğmə kimi həzindən-həzin,
Gizlicə qəlbimə dolaydı mənim.

Öpüb, oxşayaydım nazlı bulağı,
Gəzəydim doyunca meşəni, dağı,
Bir az əldən düşüb, yorulan çağı,
Qoynunda laylamı çalaydı mənim.

Xətadan-bəladan sovuşan kimi,
Adamlar adama yovuşan kimi,
Ana balasına qovuşan kimi,
Mikayıl, yadımda qalaydı mənim.


GƏLDİM

Şən olsun kəndimi, getdim, ay ellər,
Toz-torpaq yoluna çiləndim gəldim.
Uşaqlıq illərim əl etdi mənə,
Kövrək xatirəyə bələndim gəldim.

Xəbər tutdum kəndin xeyir-şərindən,
Agah oldum hər cür dərdi-sərindən,
Halallaşdım uman, küsən yerindən,
Al dillə başına dolandım gəldim.

Ölənləri, itənləri yad etdik,
Hər birinə surə, Quran ad etdik,
Yada salıb ruhlarını şad etdik,
Çilik-çilik oldum, talandım gəldim.

Genişləndim kəndim boyda hürr aldım,
Novruz tonqalından yanar qor aldım,
Ağsaqqaldan, ağbirçəkdən nur aldım,
Alqışa, duaya calandım gəldim.

Dostlar ilə məclis qurduq, söz açdıq,
Qara sazda pərdə-pərdə dolaşdıq,
Cuşa gəldik, qanadlandıq, qol açdıq,
Ruhun atəşinə qalandım gəldim.

Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
20.11.2018
Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illiyi qeyd edilib
20.11.2018
“Səmərqənd Şeir Axşamları” Türkdilli Gənclər Konfransı başa çatdı
20.11.2018
İrəvan haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
20.11.2018
“Əbədi ezamiyyət” sənədli filmi Koreya Parlamentində nümayiş etdirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info