“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
Tarix: 23.06.2018 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Novruz Məmmədov: “Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə, demək olar ki, yoxdur”

ADA Universitetində CAMCA Regional Forumu işə başlayıb. CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumunun tarixi və ADA Universitetində keçirilən bu tədbirdə müzakirə olunacaq mövzular haqqında danışan Azərbaycan üzrə milli əlaqələndirici və idarə heyətinin üzvü, SOCAR-ın marketinq və biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı ölkəmizin həyata keçirdiyi uğurlu beynəlxalq layihələr haqqında iştirakçılara ətraflı məlumat verib. Mərkəzi Asiya-Qafqaz İnstitutunun tədqiqat məsələləri üzrə direktoru Svante Kornell tədbirin əhəmiyyətini qeyd edib. Ramsfeld Fondunun icraçı direktoru Sarah Tonuçi burada müzakirə edilən məsələlərin vacibliyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star isə bildirib ki, bu gün Azərbaycanın ev sahibliyi etdiyi forumun əhəmiyyəti daha böyükdür. Çünki bu gün forumda aparılan təhlillər gələcəyə bir işıqdır. ADA Universitetinin rektoru Hafiz Paşayev CAMCA Regional Forumunun bu ali təhsil ocağında keçirilməsindən məmnunluğunu bildirib. Rektor Forumda səmərəli müzakirələrin aparılacağına, iştirakçıların Azərbaycanla yaxından tanış olacaqlarına, ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə əminliyini bildirib. Hafiz Paşayev Forum iştirakçılarına ADA Universitetinin tarixi və fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, CAMCA Forumu bölgə dövlətləri ilə yanaşı, 20 müxtəlif ölkənin hökumət qurumlarının, biznes sektorunun və elmi dairələrin yüksək səviyyəli nümayəndələrini bir araya toplayıb. CAMCA Regional Forumu geniş Mərkəzi Asiya coğrafiyasında iqtisadi artım və inkişaf məsələlərini işıqlandıran müzakirə platformasıdır. Diqqətə çatdırılıb ki, tədbir çərçivəsində bölgənin 10 ölkəsindən yerli gənc peşəkarlar, beynəlxalq ekspertlər və digər maraqlı tərəflər bir araya toplaşaraq müvafiq gündəm üzrə dialoq aparır, iqtisadi, siyasi və sosial inkişafa həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə intellektual töhfə verirlər. Bildirilib ki, CAMCA Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yazında və payızında elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderə ayrılaraq onları altı həftə ərzində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Bakı Forumunda Azərbaycan və digər ölkələrdən 120-yə yaxın CAMCA məzunu iştirak edir. Forumda çıxış edən Baş nazir Novruz Məmmədov Ramsfeld Fondunun fəaliyyətini təqdir etdiyini söyləyib. Baş nazir deyib ki, bu Fondun məqsədi liderlər yetişdirməkdir: “Belə qurumlar dövlətlərarası münasibətlərin formalaşmasında böyük rol oynamalı, tənzimləmə prosesində iştirak etməlidir. Ramsfeld Fondu kimi qurumlar daha fəal olmalıdır. Belə olsaydı, yəqin ki, beynəlxalq münasibətlər indiki kimi gərgin olmazdı”. Baş nazir qeyd edib ki, XX əsrin sonlarında Varşava Müqaviləsi Təşkilatı və Sovetlər Birliyi dağılandan sonra çox gözəl münasibətlər yarandı, ancaq bu da çox çəkmədi. Yenidən problemlər ortaya çıxdı, lakin indiki qədər gərginliklər yaşanmamışdı. Gərginliklərin səbəbləri müxtəlif ola bilər. Bir sıra incə məsələlər var ki, beynəlxalq arenada təmsil olunan böyük dövlətlər bunları nəzərə almalıdır. Novruz Məmmədov Azərbaycanın dünyanın ən mürəkkəb, eyni zamanda mühüm regionda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu məkanda yerləşdiyini vurğulayıb. Əlavə edib ki, Avrasiyanın mərkəzində yerləşən Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Azərbaycan Qərblə, Avropa ilə sıx əməkdaşlıq yolunu seçib və bu günə qədər mövqeyini dəyişməyib, bu istiqamətdə də böyük layihələr icra edib. Azərbaycan Şərq ilə Qərb arasında böyük İpək Yolunu bərpa etmək üçün 20 ildən artıqdır ki, müxtəlif tərəflərlə çalışır və əməkdaşlıq edir. Əlbəttə, Azərbaycana göstərilən dəstək hər zaman yüksək səviyyədə olmayıb, amma proseslər uğurla gedib. Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün çox mühüm addımlar atır. Ölkəmizin indiyə qədər enerji sahəsində uğurlu layihələr həyata keçirdiyini deyən Novruz Məmmədov bunu həm də sabitliyin, təhlükəsizliyin təminatı adlandırıb. Baş nazir enerji sahəsində nailiyyətlərimizin davam etdiyini vurğulayaraq TANAP və TAP kimi irimiqyaslı layihələri misal göstərib. Baş nazir diqqətə çatdırıb ki, Azərbaycan ötən illər ərzində həm ölkə daxilində, həm də regionda sülhün, təhlükəsizliyin, sabitliyin təminatı üçün çox böyük addımlar atıb: “Ölkəmiz dünyada sivilizasiyalararası dialoq istiqamətində prosesə çevrilmiş beynəlxalq tədbir keçirir. Azərbaycan dinlərarası dialoqda anlaşmaya da öz töhfəsini verir. Biz may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurub, qadınlara səsvermə hüququ verib. XIX əsrdə Azərbaycan ədibləri, məsələn, İsmayıl bəy Qutqaşınlı fransız dilində əsər yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür. Ancaq təəssüf ki, Azərbaycana münasibətdə bu ədaləti görə bilmirik. Azərbaycana müəyyən dəstək verilib, ancaq bu dəstək yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı bir fundamental yazı görmək olmur. Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər məsələyə dair normal münasibət ortaya qoyulmayıb. Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə, demək olar ki, yoxdur. Böyük dövlətlərin rəhbərləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Azərbaycan 25 ildir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe gözləyir. Ədalət olmayanda isə yanaşma da düzgün olmur və dünyada belə vəziyyət yaranır, gərginliklər davam edir”. İşini panel iclaslarla davam etdirən Forum bu gün yekunlaşacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info