“Xalçaçılıq üzrə zona sərgisi bölgələrdə ilk olaraq Qaxda keçirilir”
Tarix: 13.06.2013 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


“İçəribazar» Turizm Mədəniyyət Mərkəzinə gələn hər bir turist rayonumuzun keçmişi, əhalinin yaşam tərzi, adət-ənənəsi, məişəti, kulinariyası haqqında müfəssəl məlumat almaq imkanına malikdir”

Layihə çərçivəsində müsahibimiz Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarovdur:


-Rayonda keçirilən “Kitab bayramı” haqqında nə deyə bilərsiniz?
- Hər il ənənəvi olaraq respublikamızda, o cümlədən rayonumuzda ümumrespublika tədbiri kimi «Kitab bayramı» keçirilir. Bu il də ənənəyə sadiq qalaraq rayonda bayram yüksək səviyyədə keçirildi. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunana bu bayram iki mərhələdə təşkil olundu. Birinci mərhələ MKS-nin Metodika-biblioqrafiya şöbəsinin hazırladığı “Kitabla dost ol, fəal oxucu ol” layihəsi idi. Bu layihədə rayonun bütün kəndləri iştirak edirdi. Müsabiqə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdu və bir ay davam etdi. Üç nominasiya üzrə keçirilən bu müsabiqədə əsas məqsəd oxucuları mütaliəyə yönəltmək, kitabxanaya cəlb etmək, ulu öndərin ictimai-siyasi fəaliyyətini, ədəbi irsi təbliğ etməkdən ibarət idi. «Kitab bayramı»nda 18 bölmə üzrə 500 nüsxədən artıq kitab sərgisi təşkil olundu, 200-ə yaxın elektron kitablar nümayiş olundu. Tədbir boyu mədəniyyət işçilərinin hazırladığı rəngarəng musiqi nömrələri və rəqslər ifa olundu.
Tədbirdə “Kitabla dost ol, fəal oxucu ol” müsabiqəsinin qalibləri mükafatlandırıldı. Mayın 21-də reallaşdırılan “Kitab tariximizin canlı salnaməsidir” adlı «Kitab bayramı» rayonun kitabsevərlərinə xoş anlar yaşatdı. İştirakçılar öncə “Heydər Əliyev-90”, “Zərifə Əliyeva-90”, “Heydər Əliyev şəxsiyyəti əsərlərdə”, “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” və digər müxtəlif başlıqlı sərgilərlə tanış oldular.
- Xalçaçılıq üzrə sənətkarların əl işlərindən ibarət zona sərgisinin keçirilməsində məqsəd nədir?
- Ümummilli liderin 90 illik yubileyi münasibətilə mayın 21-də Qax rayon Rəsm qalereyasında “Xalı və xalçaçılıq” üzrə sənətkarların əl işlərindən ibarət zona sərgisi açıldı. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkil etdikləri sərgidə Şəki-Zaqatala bölgəsi və ətraf rayonların sənətkarlarının 60-a yaxın əl işi nümayiş etdirildi. Sərginin açılış mərasimində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyev bildirdi ki, ulu öndərin 90 illik yubileyinə həsr olunmuş bu sərgi bölgələrdə ilk olaraq Qax rayonunda keçirilir. Regionlardan sonra Bakı şəhərində respublika sərgisi təşkil olunacaq. Bu sərginin daha sonra Belarus Respublikasının paytaxtı Minsk şəhərində də keçirilməsi planlaşdırılır. Qeyd olundu ki, sərginin keçirilməsində əsas məqsəd mədəni irsimizə aid, lakin itib, batmaqda olan, unudulan xalı və xalçaçılıq nümunələrini üzə çıxarmaq, bu əl işlərinin daha geniş təbliği, sənətkarlıq nümunələrinin məhz Azərbaycan xalqına məxsusluğunu bir daha sübuta yetirməkdir. Daha sonra sərgiyə baxış oldu. Sərgidə nümayiş etdirilən əl işləri - xalça, kilim, heybə, xurcun, corab və digər sənətkarlıq nümunələri iştirakçılar tərəfindən maraqla qarşılandı. Ən yaxşı əl işləri respublika sərgisində nümayiş etdiriləcək. Bunlardan savayı, 28 May Respublika Günü münasibətilə müəssisələrdə sərgilər, guşələr təşkil edilib, kitabxanalarda biblioqrafik vəsaitlər hazırlanıb. Qum kənd Mədəniyyət evində “Anam Azərbaycan, Vətən, can Vətən”, Qax-ingiloy kənd Mədəniyyət evində “Bir nəğmədir Azərbaycan” adlı ədəbi-bədii gecələr keçirilib. Şotavar, Zəyəm, Qorağan, Almalı, İlisu kənd Mədəniyyət evlərində isə konsert proqramı keçirilib. 27 may tarixində Nizami Gəncəvi parkında rayon Mədəniyyət evinin “Arzu” və “Çeşmə” ansamblları əhali qarşısında geniş konsert proqramı ilə çıxış edib. 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə rayon Uşaq Fondu Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Xoşbəxt gələcəyimiz” adlı əyləncəli konsert proqramı təşkil edib. Tədbirin sonunda uşaqlara Uşaq Fondunun və şöbəmizin xatirə hədiyyələri verildi.
- Qax respublikamızın məşhur turizm bölgələrindən biridir. Bu potensialdan necə istifadə edilir?
- Dövlətimiz tərəfindən turizmə olan qayğı və diqqətin nəticəsidir ki, respublikamızın digər bölgələri ilə yanaşı, Qax rayonunda da bu illər ərzində nəzərə çarpacaq dərəcədə əməli işlər görülüb. Hazırda 11 turizm obyekti turistlərə xidmət göstərir. Rayonumuzda yeganə beş ulduzlu “El Resort” otelinin açılışı turizmə olan maraq və diqqətdən xəbər verir. Obyektin açılışında dövlət başçısı da iştirak edib. Belə turist obyektləri bölgələrin turizm potensialının tanıdılması və təbliğində böyük rol oynayır. Qax respublikamızın zəngin yeraltı, yerüstü su sərvətlərinə, mineral xammal ehtiyatlarına, əlverişli iqlim şəraitlərinə malik rayonlardandır. Rayonun mülayim və saf dağ iqlimi, zəngin mineral şəfa bulaqları, ərazinin gözəl təbii mənzərələri, düzənlik və dağ meşələri, habelə digər cəlbedici təbii guşələr burda bütün ilboyu fəaliyyət göstərən istirahət və turizm mərkəzlərinin yaradılması və turizmin inkişafı üçün çox əlverişlidir. Rayonumuz flora və faunası ilə yanaşı, qədim yaşayış məskənlərindən biri kimi, tarixi abidələri ilə mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, turistlərin əsas maraq obyekti olduğu ölkənin tarixi, məişəti, adət-ənənələri, gəzməli və görməli yerləridir.
Rayonda gedən geniş quruculuq və abadlıq işləri, gəzməli, görməli yerlərin sayının çoxalması da turistlərin rayonumuza marağını daha da artırıb. Şəhərin mərkəzində yerləşən “Qala qapısı və qala divarları” memarlıq abidəsində aparılan restavrasiya işləri, burada yaradılan “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi buna ən parlaq misaldır. Mərkəzə gələn hər bir turist rayonumuzun keçmişi, əhalinin yaşam tərzi, adət-ənənələri, məişəti, kulinariyası haqqında müfəssəl məlumat almaq imkanına malikdir. Mədəniyyət Mərkəzində turistlərin, o cümlədən yerli əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə onlarla mədəni-kütləvi tədbir keçirilib.
Rayonumuzda turistləri cəlb edən məkanlardan biri də yerli iş adamı tərəfindən yaradılmış süni balıq gölüdür ki, turistlər burada həm balıq ovlamaqla asudə vaxtlarını səmərəli keçirir, həm də balıqdan hazırlanmış müxtəlif çeşidli yeməklər onların marağına səbəb olur. Rayonumuzda turizm növlərindən kənd yaşıl, müalicə, istirahət turizmi daha geniş yayılıb. Kənd yaşıl turizmi bunlar içərisində daha çox inkişaf edib, xüsusilə də yerli turistlərin ən çox istifadə etdiyi turizm növüdür. Son zamanlar xarici turistlərin də bu turizm növündən istifadə etməsinə maraq artıb. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin inkişafına dair Dövlət Proqramı”nın mühüm tələblərindən biri də xüsusilə kənd yaşıl turizmini inkişaf etdirməklə əhalinin sosial səviyyəsinin daha da yüksəltməkdir. Kənd evlərində istirahət edən turistlərin istirahətinin səmərəli təşkili də nəzərdən yayınmır. Bu məqsədlə ev sahibləri ilə görüşlər keçirilib, onlarla maarifləndirmə işləri aparılıb, turistlərə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində təlimatlar verilib, onlara vəzifələri izah edilib. Ev sahiblərinin diqqətinə çatdırılıb ki, məqsəd yalnız gəlir əldə etmək deyil, bölgəmiz və onun turizm imkanları haqqında turistləri məlumatlandırmaq, lazımi səviyyədə xidmət göstərərək onların diqqətini daha çox regiona cəlb etmək və turistlərə bələdçilik etməyi bacarmaqdır. Bölgəmizin tarixi, məişəti, mədəniyyəti, sənətkarlığı, kulinariyası barədə turistləri məlumatlandırmaq, turistlərin maraq dərəcələrinə uyğun olaraq istirahətlərini təşkil etmək ən başlıca vəzifədir. Nazirliyin əməkdaşları da rayonumuzda monitorinqlər zamanı bu məsələlərin vacibliyini əhalinin nəzərinə çatdırıblar.
Elmin, texnikanın inkişaf etdiyi, informasiya cəmiyyətinin qurulduğu, informasiya texnologiyalarının hər sahədə tətbiq olunduğu indiki zamanda turizm sənayesinin inkişafında, təbliğində onların, xüsusilə də internetin rolu danılmazdır. Rayonun elə turizm obyekti yoxdur ki, internet xidməti olmasın. Turistlər çox rahat bu xidmətdən yararlanırlar. İstirahət zonalarında yerləşən hər bir kənd sürətli internet xətti ilə təchiz edilib. Bu da kənd turizminin inkişafına kömək göstərən amillərdəndir. Rayonumuzda turizm obyektlərində yerlərin sayı 700-ə çatdırılıb, qiymətlər 17-50 manat arasında dəyişir. Mövsüm ərzində qiymətlərdə endirimlər həyata keçirilir. Gələn turistlərin sayı ildən-ilə artır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info