“TANAP Azərbaycanın qaz ehtiyatlarını Avropaya nəql edəcək”
Tarix: 25.06.2018 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


2018-ci il iyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Əskişəhər şəhərində Transanadolu qaz kəməri (TANAP) layihəsinin açılış mərasimində iştirak ediblər. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq bu layihənin açılış mərasimində Serbiya Prezidenti Aleksandr Vuçiç, Ukrayna Prezidenti Pyotr Poroşenko, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı, tərəfdaş ölkələrin dövlət başçıları, nazirlər, energetika şirkətlərinin rəhbərləri, digər yüksək vəzifəli məmurlar da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qutun İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Transanadolu qaz kəməri (TANAP) Azərbaycanın qaz ehtiyatlarını Avropaya nəql edəcək” sərlövhəli məqaləsi bu barədədir https://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Trans-Anatolian-gas-pipeline-TANAP-will-bring-Azerbaijan-gas-resources-to-Europe-560036.
Məqalə müəllifinin sözlərinə görə, Türkiyə və Azərbaycan TANAP layihəsi çərçivəsində enerji sektorunda əvvəlki layihələrin uğurlarını daha da genişləndirəcəklər. Arye Qut yazır: “TANAP layihəsi dünya enerji bazarlarında qardaş Türkiyə və Azərbaycanın yerini müəyyən edəcək. Bu layihə Avropanın və Türkiyənin təbii qaza tələbatını təmin etmək üçün, habelə qaz məhsullarının müxtəlif çeşidini təmin etmək üçün nəzərdə tutulur.
Bu layihə Türkiyə ilə Azərbaycan arasında sıx dostluğun nəticəsidir. Tranzit ölkələr də mühüm rol oynayıblar. Bu layihə sayəsində ilk dəfə olaraq Azərbaycan qazı Avropaya çatdırılacaq. Prezident Ərdoğan daha sonra əlavə edib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında sıx əməkdaşlıq bundan əvvəl Bakı-Tbilisi-Ceyhan strateji neft kəmərinin çəkilişinə gətirib çıxarıb.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.
Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”.
Qut vurğulayır ki, TANAP layihəsi həm enerji təhlükəsizliyinin təmin edilməsi, həm də boru kəmərinin keçdiyi ölkələrdə maddi rifahın yaxşılaşdırılması üçün vacibdir. İsrailli ekspert yazır: “Bu layihə Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqının dəstəyi sayəsində regionda sülh və sabitlik işinə böyük töhfə verəcək. TANAP Cənub Qaz Dəhlizinin (SGC) mərkəzi və ən uzun hissəsidir. SGC-nin əsas məqsədi Azərbaycanın nəhəng Şahdəniz yatağını Cənubi Qafqaz boru kəməri (SCP), TANAP və Transadriatik boru kəməri (TAP) vasitəsilə Avropa ilə əlaqələndirməkdir. SCP Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə keçir. TAP Yunanıstanda başlanır, sonra Albaniya və Adriatik dənizindən İtaliyaya çatır.
8,5 milyard dollar sərmayə qoyulmuş TANAP hər il Azərbaycandan Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəql edəcək. Gözlənildiyinə görə, layihənin Avropa hissəsi artıq 2020-ci ildə fəaliyyətə başlayacaq”.
Məqalə müəllifi qeyd edir ki, hazırda TANAP layihəsinin dörd tərəfdaşı var. TANAP-ın səhmlərinin 58 faizi Cənub Qaz Dəhlizinə (SGC), 30 faizi Türkiyənin BOTAŞ neft-boru korporasiyasına, 12 faizi isə BP-yə məxsusdur. Bu yaxınlarda SGC səhmlərinin yeddi faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə filialına verilib.
Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazır: “Bu proqramın həyata keçirilməsi Avropa İttifaqının enerji təhlükəsizliyinin artırılması və “Qazprom” məhsullarından asılılığın azaldılması siyasətinin tərkib hissəsidir, layihə özü isə daha böyük ambisiyalı Nabucco qaz kəməri layihəsindən ayrılıb. TANAP kəməri Yunanıstandan Albaniyaya, daha sonra sualtı marşrutla İtaliyaya çatdırılmaq üçün 878 kilometrlik Trans Adriatic Pipeline (TAP) kəmərinə qoşulduqda bu boru kəmərləri üçlüyü TurkStream çəngəlini təşkil edəcək. 2019-cu ilin sonunda TurkStream qazı Qara Dəniz marşrutları vasitəsilə Türkiyəyə və Bolqarıstana çatdırılacaq. Məqsəd Varnadakı Bolqarıstan qaz qovşağına daxil olan TurkStream qazını Cənubi və Mərkəzi Avropa bazarlarına çatdırmaqdır.
Qutun fikrincə, Azərbaycan Cənubi Qafqaz regionunda əməkdaşlığın mütərəqqi ikitərəfli formatlarının təşəbbüsçüsü və ya yaradıcısı kimi çıxış edən yeganə ölkədir. Azərbaycan ikitərəfli əməkdaşlıq əsasında üçtərəfli və hətta dördtərəfli formatlar üçün yol açıb.
Arye Qut vurğulayır: “Azərbaycan çox əlverişli, lakin geosiyasi baxımdan mürəkkəb və qeyri-sabit regionda yerləşir. Azərbaycan xarici ölkələrlə etimada əsaslanan konstruktiv münasibətlər qurub və inkişaf etdirib. Bu gün Azərbaycan beynəlxalq aləmdə mühüm yer tutur, Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi lideri kimi öz mövqeyini saxlayır və möhkəmləndirir. Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunun ümumi daxili məhsulunun 80 faizi Azərbaycanın payına düşür. Azərbaycanın tarazlaşdırılmış, praqmatik və uğurlu çoxvektorlu xarici siyasəti onu göstərir ki, bu ölkə dünya birliyinin mühüm, ciddi və güvənilə bilən tərəfdaşı kimi öz mövqeyini təsdiqləməyə və möhkəmlətməyə nail olub. Azərbaycan həm öz ərazisinə, həm əhalisinin sayına, həm də iqtisadiyyatının həcminə görə Cənubi Qafqazda ən iri və ən çox inkişaf etmiş dövlətdir”.
Qut yazır ki, TANAP qaz kəmərinin ilkin buraxıcılıq qabiliyyəti ildə 16 milyard kubmetrə bərabər olacaq. Ekspert vurğulayır: “Aydındır ki, “böyük neft” dövründən sonra “böyük qaz” dövrünün başlandığı Azərbaycan üçün bu xoş xəbər ölkəyə investisiyalar, sanballı gəlirlər axınını və onun siyasi maraqlarını vəd edir. Bu mənada ambisiyalı layihə bu gün artıq reallığa çevrilir”.
ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk Ankarada jurnalistlərə bildirib ki, Transanadolu qaz kəməri (TANAP) Avropanın və Türkiyənin enerji təhlükəsizliyinə şərait yaradacaq. Anadolu agentliyi Oudkirkin bu sözlərini sitat gətirir: “ABŞ TANAP layihəsinə sərmayə qoymayıb və bu layihədən kommersiya səmərəsi almayacaq, lakin Vaşinqton bu layihəni dəstəkləyir, çünki TANAP enerji təchizatının şaxələndirməsinə və enerji təhlükəsizliyinə şərait yaradacaq”.
Arye Qutun fikrincə, eyni səbəblər üzündən bu layihə Ermənistan üçün sadəcə pis xəbər olmayıb, dəhşətli yenilikdir. Ermənistan növbəti dəfə yeni regional superlayihəyə inteqrasiya etmək şansını əldən verib.
Beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Artıq neçə ildir ki, bu regionda iqtisadi və geoiqtisadi ab-hava Ermənistan tərəfindən deyil, Azərbaycan tərəfindən müəyyən edilir. Azərbaycan açıq şəkildə bəyan edir ki, rəsmi Yerevan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonunu işğaldan azad etməyincə Ermənistanın geosiyasi təcrid vəziyyətində saxlanması davam edəcək. Ermənistan işğal etdiyi ərazilərdə bir milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasətini həyata keçirib, 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində dəhşətli hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədib.
BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 nömrəli dörd qətnamə qəbul edərək Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq hüquqda tanınmış sərhədlərinin toxunulmazlığına hörmət bəslədiyini təsdiq edib. BMT Təhlükəsizlik Şurası həmin qətnamələrdə Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyərək erməni qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da bu məsələdə oxşar mövqe tutublar. Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini prinsipial mənada dəstəkləyir və buna hörmət bəsləyir”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info