Bakıda Omanın “Salam Air” aviaşirkətinin Azərbaycana loukost uçuşlara başlamasının təqdimatı keçirilib. Xatırladaq ki, Məsqət-Bakı marşrutu üzrə ilk uçuş iyunun 14-də olub. Tədbirdə aviaşirkətin rəhbərliyi, “Salam Air”in Azərbaycanda rəsmi tərəfdaşı olan “Falcon Luxury Travel” turizm agentliyinin nümayəndələri, jurnalistlər və Omandan gəlmiş blogerlər iştirak ediblər. Tədbirdə çıxış edən “Salam Air”in direktoru Məhəmməd Əhməd Bakının bu aviaşirkət üçün prioritet uçuş istiqamətlərindən biri olduğunu deyib. Hazırda iki ölkənin paytaxtı arasında həftədə 3 aviareys həyata keçirilir. Lakin yaxın gələcək üçün daha çox reysin, xüsusən, bayram günlərində əlavə təyyarələrin ayrılmasına ümid bəslənilir. İki il əvvəl yaradılmış “Salam Air” şirkətinin aviaparkında 20 ədəd “Airbus A320” təyyarəsi var. Bu təyyarələr regionda Məsqət Beynəlxalq Aeroportundan 14 istiqamət üzrə uçuşlar həyata keçirir. “Falcon Luxury Travel” şirkətinin baş direktoru Pərviz Musayevin sözlərinə görə, Məsqətdən Bakıya birbaşa reysin açılması iki ölkə arasında turist axınını genişləndirəcək.
|