Türkiyə yenə də Ərdoğana etimad göstərdi
Tarix: 25.06.2018 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Məhərrəm İncə: ”Əgər seçkidə uduzmusansa, rəqibə çamur atmaq düzgün deyil”

Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) seçicilərin etimadını qazanıb. Bu barədə Ali Seçki Komissiyasının (ASK) sədri Sədi Güvən məlumat verib. ASK-nın sədri bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.54 faiz səs toplayaraq ilk turda yenidən prezident seçilib. Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 30,68 faiz səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb. Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə tamamilə prezident üsul-idarəsinə keçib. Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları “Cümhur İttifaqı” 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb. Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 295 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın (10.07-45 mandat) qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib. Prezident Rəcəb Tayyib Ərdoğan ötən gün gecə Türkiyə vaxtı ilə saat 2:50-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərində möhtəşəm qələbə münasibətilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının Ankaradakı Mərkəzi Qərargahında “balkon konuşması” ilə partiyadaşlarına, tərəfdarlarına xitab edib. İstanbuldan Ankaraya təyyarə ilə gələn Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə paytaxtında da vətəndaşlar tərəfindən böyük sevgi ilə qarşılanıb. Seçkilərin azad, ədalətli və şəffaf təşkil olunduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, ölkədəki seçki fəallığı Türkiyə xalqının öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyərdir. Qələbəyə görə bütün partiyadaşlarına, eləcə də Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edib və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edək ki, dövlət başçısı İstanbulda da Türkiyə xalqına müraciət ünvanlayıb. Səsvermədə iştirak edən bütün vətəndaşlara təşəkkürünü ifadə edən Türkiyə Prezidenti bildirib ki, xalq yüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verib. Prezidentliyə namizəd olan Məhərrəm İncə səsvermənin nəticələrini tanıdığını bəyan edib. Məhərrəm İncə yenidən prezident seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edəcəyini bildirib. İncə qeyd edib ki, onun hədəfi 30 faiz həddini aşmaq olub. Plana görə digər müxalif partiyaları da 12 faiz səs almalı idi. Belə olan halda seçki ikinci tura qalacaqdı. Onun sözlərinə görə, digər müxalif partiyaları gözlənilən miqdarda səs almadıqları üçün Ərdoğan ilk turda qalib olub. Seçkidə bəzi qanunsuzluqların olduğunu bildirən İncə, eyni zamanda deyib ki, Ərdoğanla onun arasında 10 milyonluq bir fərq var və bunu qəbul etmək lazımdır: “Əgər seçkidə uduzmusansa, rəqibə çamur atmaq düzgün deyil. Biz bunu görməliyik. Bir yarışa girdiyində qarşındakını təbrik edə bilmirsənsə, yarışa girməməlisən. Bunları qəbul etmirəm deyib, küçələrə çıxmaq olmaz. Bu, demokratiyaya hörmətsizlik olar”. O, nəticələri qəbul edə bilməyənlərin yarışa girməməli olduğunu bildirib. Siyasi mübarizəni davam etdirəcəyini deyən İncə 30 faizlik səsini daha da artıracağını da qeyd edib. Amma partiyası ilə bağlı suallara cavabdan yayınan İncə bununla bağlı incə mesaj göndərib. Seçkidə təkbaşına CHP-dən çox səs alan İncə deyib ki, partiyası ilə bağlı tələb olarsa, o, mübarizəyə hazırdır. Bununla da İncənin partiya sədrliyi uğrunda mübarizə aparacağı gözlənilir. Qeyd edək ki, Məhərrəm İncə Türkiyənin ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının namizədidir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Tramp 2020-ci ildə prezidentliyə namizədliyin irəli sürəcək
14.07.2018
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
14.07.2018
Putin Fələstin, Moldova, Qabon və Sudanın dövlət başçıları ilə görüşəcək
14.07.2018
Pakistan Türkiyədən 30 ədəd ATAK helikopteri alacaq
13.07.2018
Yaponiyadakı daşqınlar təqribən 206 milyon dollar zərər vurub

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info