Azərbaycanda elektrik enerjisi sisteminin dayanıqlığı gündən-günə artır
Tarix: 26.06.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Enerji sisteminin generasiya imkanlarının artması nəticəsində yaranmış ixrac potensialından səmərəli istifadə edilməsi istiqamətində işlər davam etdirilir

Ölkəmizin sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna rolu vardır. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir. Bu gün artıq enerji istehsalı və ötürülməsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünyanın aparıcı ölkələri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəlmiş strateji xətt elektrik energetikası sisteminə xarici sərmayələrin cəlb olunmasına imkan yaradır. Bu imkanlardan Azərbaycan energetika sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, enerji təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında məqsədyönlü şəkildə istifadə olunur. Regionun lider ölkəsi kimi, Azərbaycan artıq təkcə özünün deyil, bütövlükdə bölgənin Avropaya, eləcə də onun enerji təhlükəsizliyi sisteminə qoşulmasına çalışır. 1993-2003-cü illərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində elektrik enerjisi sahəsində qarşısında duran bir çox məsələlər öz həllini tapıb. Ulu ondər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə enerji sisteminin dirçəldilməsi istiqamətində görülən işlər nəticəsində 7000 MVt-dan artıq yeni generasiya gücü yaradılıb istifadəyə verilib.
Möhkəm bünövrə üzərində qurulmuş Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf yolundadır. Ölkə iqtisadiyyatının inkişaf sürətini nəzərə alan dövlət başçısı “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nı təsdiq edib. Dövlət proqramı çərçivəsində "Azərenerji" ASC-yə enerji təchizatında çətinlik yaranan bölgələrdə qısa müddətdə yeni generasiya güclərini işə salmaq tapşırığı verilib. Bu məqsədlə dünyanın bir çox ölkələrində geniş tətbiq olunan porşen tipli aqreqatlardan ibarət elektrik stansiyasının tikintisi haqqında texniki qərar qəbul edilib. "Azərenerji"dən verilən məlumat görə, 2003-2017-ci illərdə hər birinin gücü 87 MVt olan “Astara”, “Şəki”, “Xaçmaz”, “Naxçıvan”, 105 MVt gücündə “Bakı”, “Şahdağ”, gücü 300 MVt olan “Səngəçal”, 525 MVt gücündə “Sumqayıt”, 780 MVt gücündə “Cənub” elektrik stansiyaları, 5 MVt gücündə “Vayxır”, 22 MVt gücündə “Biləv”, hər biri 25 MVt gücündə “Füzuli”, “Taxtakörpü” və “Şəmkirçay”, 20,5 MVt gücündə “Arpaçay-1”, 3,1 MVt gücündə “Göyçay”, 1,4 MVt gücündə “Arpaçay-2”, 3,2 MVt gücündə “İsmayıllı”, “Balakən” və 3 MVt gücündə “Çiçəkli” stansiyaları istismara verilmişdir. “Azərbaycan” İES-də, Mingəçevir SES Silsiləsində modernləşdirmə istiqamətli əsaslı yenidənqurma işləri həyata keçirilib.
Ötən dövr ərzində “1-ci, 2-ci Mingəçevir EVX-nin yenidən qurulması” layihəsi çərçivəsində gücü 360 MVA olan 220 kV-luq “Ağdaş” yarımstansiyasının (YS), 220 kV-luq ikidövrəli “Mingəçevir SES - Abşeron YS” HX-nin tikintisi və 500 kV-luq “Abşeron” yarımstansiyasında 400 MVA gücündə 3-cü avtotransformatorun quraşdırılması və sxemə qoşulması üzrə işlər başa çatdırılmışdır, 330 kV-luq “Goranboy” paylayıcı məntəqəsi istifadəyə verilib. 220 kV-luq “Şimal ES-Hövsan YS” hava xəttinin tikintisi, gücü 360 MVA olan 220 kw-luq “Zabrat” yarımstansiyasının inşası, 220 kw-luq ikidövrəli “Şimal ES-Zabrat YS-Sumqayıt ES” hava xəttinin tikintisi layihəsi də icra edilib, bu infrastruktur obyektləri şəbəkəyə qoşulub.

Generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub

Qeyd edək ki, ötürücü infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər enerji sisteminin dayanıqlılığını möhkəmləndirməklə yanaşı, regional əməkdaşlıq və kommersiya əlaqələri üçün texniki imkanların genişləndirilməsinə də şərait yaradıb. Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir sıra həlli vacib məsələlərlə bağlı tapşırıqlar da verib. Bu tapşırıqlardan birincisi “Şimal” Elektrik Stansiyasında ikinci enerji blokunun tikintisinin bu il başa çatdırılması barədədir. "Azərenerji"dən bildirilib ki, hazırda stansiyada tikinti işlərinin tam başa çatdırılması üçün zəruri tədbirlər həyata keçirilir, tikinti-quraşdırma, sazlama işləri aparılır. Eyni zamanda stansiyanı enerji sistemilə əlaqələndirən 220 kw-luq ikidövrəli elektrik verilişi xətlərinin çəkilişi və s. işlər tam başa çatdırılıb. İlin sonuna kimi “Şimal” Elektrik Stansiyası tam gücü ilə istismara veriləcəkdir. Prezidentin tapşırığına əsasən, ölkənin inkişaf tempi, əhalinin artımı, sənayeləşmə prosesi nəzərə alınmaqla sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.
Məlum olduğu kimi, Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə növbəti 5-10 il ərzində kifayət qədər elektrik enerjisi təchizatını həyata keçirmək üçün planlaşdırılan investisiyalarla yanaşı, istehsal həcmini 1000 MVt artırmaq məqsədilə investisiya qoyuluşları ediləcəyi nəzərdə tutulub. Bu investisiyalar hesabına mövcud istehsal gücünün 2015-2020-ci illər arasında 19 faiz artması gözlənilir ki, bu da, istehlakda davamlı sabit artımın olacağı təqdirdə, təhlükəsiz ehtiyat gücünü təmin edəcək səviyyə kimi səciyyələndirilir.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə aparılan mükəmməl iqtisadi siyasət və məqsədyönlü islahatlar nəticəsində elektrik energetikası sektorunda əldə edilən nailiyyətlər nə qədər fərəhləndirici olsa da, qarşıda mühüm və təxirəsalınmaz vəzifələr durur: “Bu baxımdan, 2020-ci il və ondan sonrakı dövr üçün elektrik enerjisinə olan ehtiyacı ödəmək məqsədilə yeni elektrik stansiyalarının tikintisi və mövcud elektrik stansiyalarında yenidənqurma işlərinin aparılması üzrə layihələrin icrası xüsusi əhəmiyyət kəsb edir. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Bununla yanaşı, mövcud generasiya güclərinin qorunub saxlanması və təkmilləşdirilməsi, həmçinin istismarda olan avadanlıq və qurğuların cari, planlı və əsaslı təmirlərinin vaxtında həyata keçirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir”.

“Abşeron yarımadasında dayanıqlı elektrik təchizatı üçün zəruri infrastruktur da yaradılmalıdır”
Yeni sənayeləşmə dövrünün başlanması, müasir tipli neft-kimya, nəqliyyat-logistika, gəmiqayırma müəssisələrinin yaradılması, xüsusən, Bakıda çoxsaylı tikinti-abadlıq layihələrinin icra edilməsi, müntəzəm olaraq beynəlxalq əhəmiyyətli və irimiqyaslı tədbirlərin keçirilməsi, Sumqayıt şəhərində və Abşeron rayonunda yeni yaşayış, istirahət və turizm komplekslərinin salınması bu regionda elektrik enerjisi təchizatı ilə bağlı bir sıra həlli vacib vəzifələri ortaya çıxarıb. “Azərenerji” ASC-nin prezidenti Etbar Pirverdiyevin fikrincə, qarşıdakı dövrdə əsas sənaye mərkəzi kimi Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasında dayanıqlı elektrik təchizatı üçün zəruri infrastruktur da yaradılmalıdır: “Bu baxımdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2018-2020-ci illərdə Bakı şəhərində 220 kV-luq üç yarımstansiyanın inşası haqqında” 7 aprel 2017-ci il tarixli Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Həmin yarımstansiyaların, onları qidalandıran və Bakı şəhərinin yerli paylayıcı şəbəkələri ilə birləşdirən elektrik verilişi xətlərinin cari ildə inşasına başlanması gözlənilir”.
Son illərdə enerji sisteminin generasiya imkanlarının artması nəticəsində yaranmış ixrac potensialından səmərəli istifadə edilməsi istiqamətində işlər davam etdirilir və öz müsbət nəticəsini verir. Məlum olduğu kimi, bu ilin aprelin 12-də Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib. Bu çərçivədə, “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANIR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, artıq iyunun 1-dən etibarən “Azərenerji” ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 meqavat olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.
Nəzərə çatdıraq ki, “Şimal-Cənub” enerji dəhlizinin yaradılması üçün Azərbaycan - İran - Rusiya, “Şərq - Qərb” enerji dəhlizinin yaradılması məqsədilə Rusiya - Azərbaycan - Gürcüstan və İran - Azərbaycan - Gürcüstan enerji sistemlərinin birləşdirilməsi üzrə məsələlərin həlli istiqamətində də lazımi işlər aparılır.
Hazırda Azərbaycan Türkiyənin elektrik enerjisi bazarında etbarlı tərəfdaş kimi çox əhəmiyyətli bir mövqeyə malikdir.
Ölkə rayonlarının enerji təchizatının günü-gündən daha da davamlı və dayanıqlı olması daim energetiklərin diqqət mərkəzindədir. Hal-hazırda "Azərenerji" ASC respublikamızın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur. Bu gün enerji sisteminin generasiya gücünün artırılması və ötürücü infrastrukturun modernləşdirilməsi istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilir. İnanırıq ki, bu tədbirlər “Azərenerji”ə ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə, elektrik enerjisi tranziti və ixracı üzrə bölgədə aparıcı rola sahib olmaq imkanı verəcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info