“Ədəbiyyat yaradılışdan mənim içimdə, ruhumda olub”
Tarix: 28.06.2018 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


İlahə İmanova Bakıda anadan olub. İxtisasca hüquqşünasdır. Mədəniyyət sahəsində çalışır və ədəbi yaradıcılıqla məşğuldur.

─ Öncə ədəbiyyata gəlişinizdən söhbət açardınız və ədəbiyyatın insanlar üçün oynadığı mühüm roldan danışardınız.
─ Ədəbiyyata gəlişim... Mən ədəbiyyata gəlməmişəm ki!
Ədəbiyyat yaradılışdan mənim içimdə, ruhumda olub. Əlifbanı belə bilmədiyim zamanlarda şəkilli kitabların səhifələrindən mənə gülümsəyib. Sonralar nağıl qəhrəmanlarının, daha sonralar isə bədii obrazların dili ilə ruhumun tərbiyəçisinə çevrilib. Qapalı insanam. Hislərimi heç kəslə bölüşməyi sevmədiyim kimi, məsləhətləşməyi də sevməzdim. Bütün suallarıma cavabları həmişə kitablarda tapardım. Yaşadığım acıları, kədəri, sevinci oxuduğum kitabın obrazıyla bərabər yaşayardıq. Təsadüf, ya qəribəlik, bilmirəm... Eyni ruh halını bölüşərdik. Və sonda da olanlardan bərabər nəticə çıxarardıq.
─ Bu yaxınlarda ilk povestiniz çap olundu və oxucu kütləsi tərəfindən maraqla qarşılandı. Bu povest sizin üçün uğurlu oldu. Povestin yazılmasından söhbət açardınız.
─ May ayında Əli bəy Azərinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Seçilmiş povestlər” toplusu dərc olundu. On dörd müəllifin yer aldığı topluya mənim də povestim daxil oldu. Bundan əvvəl bir neçə saytda da paylaşılmışdı. İctimaiyyətə təqdim etdiyim ilk povestim məni “Elçi zanbaqlar”ın müəllifi kimi tanıtdı və ədəbiyyata da bir ilk töhfəm, başqa sözlə, elçim oldu. Tanımadığım insanlardan aldığım mesajlar, yazılan rəylər, həqiqətən, ilk uğurum, ilk sevincim oldu.
Povestin yazılmasına gəlincə...
Rəssam olmasam da, rəsmlərə qarşı həssasam. Diqqətimi çəkən hər rəsmin, fotonun üzərində dayanıb düşünə və hətta xəyal qura bilərəm. Bu xasiyyətimi yaxınlarım bilir. Bundan əvvəl də bir neçə rəsmin üzərində dayanmış və kiçik hekayə yazmışdım.
Bir axşam rəfiqəm mesaja bir şəkil atdı. Əllərində çətir, yağışın altında islanan bir cütlük təsviri idi. Sözarası xoşuma gələ və gözəl hekayə mövzusu ola biləcəyini yazdı. Gözəl rəsm olsa da, diqqətimi çəksə də, “Bundan nə yaza bilərəm e” deyib çiyinlərimi çəkdim. Və bu biganəlik təxminən iki həftə sürdü.
Bir gecə pəncərə qarşısında dayanmışdım. Kefsiz idim. Əsən meh özü ilə dəniz qoxusu gətirdi mənə (bəlkə də, mənə elə gəldi). Və elə həmin gecə ilk hissəni yazdım. Sonrakı gecələrdə isə xatirələrim, xəyallarım, ruhumun səsi öz diktəsini etdi. 27 gecəyə yazdığım əsəri necə yazdığımın fərqində olmadım. Sanki yazmadım. Yaşadım. Bitirdiyim gecə həm də Ramazan bayramı gecəsi idi.
─ Maraqlıdır ki, povestdə məhəbbət mövzusuna üstünlük vermisiniz. Səbəb nədir? Niyə məhəbbət?
─ Niyə məhəbbət? Bilmirəm...
Sevgidən yaranmadıqmı? Dünyamız sevgidən xəlq olmadımı?
“Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı.” (Nizami)
Bir az əvvəl, povestin necə yazılmasından danışdım.
Bilmirəm... Bəlkə də, həmin an məhz bu hisləri yazmaq keçirdi içimdən.
“Maqnit olmasaydı eşqin əsiri,
Çəkməzdi özünə dəmir zənciri.” (Nizami)
Bu gün və keçmiş... Bizə elə gəlir ki, “keçmiş” adlandırdığımız keçmişdə qalıb. Əslində isə biz o keçmişi çox zaman bu günümüzə daşıyırıq: bəzən isə özümüzdən asılı olmadan. Xatirələrin məngənəsində sıxılır, hətta boğuluruq.
─ Sizin hekayələriniz də var. Ədəbiyyatın nəsr hissəsinə olan marağınız nə ilə bağlıdır? Nəsr sizə necə yardımçı olur?
─ “Elçi zanbaqlar” qədər tanınmasa da, bir neçə hekayəm də saytlarda paylaşılıb. Nəsr, ya nəzm, fərq etməz. Əsas odur ki, gözəl və ibrətamiz ədəbiyyat nümunəsi olsun. Mən hər birini sevirəm. Hətta deyim ki, poema və dram əsərlərini daha həvəslə, zövqlə oxuyuram.
─ Eşitmişəm ki, şeirləriniz də var. Oxucularımıza şeir yazmağınızdan danışardınız və bir şeirinizi bizimlə bölüşərdiniz.
─ Şeirlərimi məhz özüm üçün yazıram. Demək olar ki, paylaşmıram. Bir anlıq yaşadığım ruh halıdır. Həmin an da, həmin hislər də mənimdir, yalnız mənim! Qısqanc biri olduğumdan, öz hislərimi belə, heç kəslə paylaşmağı xoşlamıram.
Qısqanclıqdan söz düşmüşkən, həmin soneti sizinlə bölüşərəm bu gün:
Məndən uzaqdasan, yoxsan yanımda,
Qarışıb yenə də fikrim, xəyalım.
Qorxu gözlərimdə, təlaş canımda
Qəlbim rahat olmur, dərk etmir ağlım.

Qısqanclıq ruhumu bürüyüb bütün,
Əsən küləyə də qısqanıram mən.
Əlinə, üzünə toxunur hər gün,
Mənimsə xəbərim heç yoxdur səndən.

Ay səni seyr edir gecə səmadan,
Günəşsə oyadır səni hər səhər.
Üzünə toxunub yanaqlarından
Süzülən damla da olub bəxtəvər.

Qısqanclıq oduna alışır ürək,
Sevən qısqanc olar, şərhə nə gərək!
─ Sonda oxucularımıza sözünüz.
─Axtardığınız bütün suallarınıza cavabları, yaşadıqlarınızın eynisini məhz kitablarda tapa bilərsiniz. Ən gözəl məsləhətçiniz də kitablar olacaq! Tanrı və bir də qəhrəmanlarınız heç vaxt sizə xəyanət etməyəcək, buna əmin olun!
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info