Milli Ordumuz-qürur yerimiz
Tarix: 27.06.2018 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. Bu, 100 ilin tarixinə, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. 100 illik münasibətilə dövlət tərəfindən bir sıra silsilə tədbirlər keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti ili həm də Azərbaycan Ordusunun 100 illik yubileyi ilidir.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək ordunun formalaşdırılmasını tələb edirdi.
Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabr ayının 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri F.Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı.
Ölkə parlamenti mövcud olduğu dövrdə hərbi quruculuğun müxtəlif sahələri ilə bağlı 9 qanun layihəsini nəzərdən keçirmiş və müvafiq qərarlar qəbul etmişdi. Hərbi Nazirliyin bərpa edilməsindən sonra, ilk növbədə pərakəndə olan hissələri möhkəmləndirmək, onları vahid rəhbərlik altına gətirmək üçün mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə diqqət yetirildi. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Hərbi Nazirliyin təşkili barədə hökumət qərarından iki həftə sonra, noyabrın 15-də ordunun Ümumi qərargahının (Qlavnıy ştab) təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı. Bu istiqamətdə düzgün siyasətin formalaşması və onun yerinə yetirilməsi üçün yüksək təşkilatçılıq işlərinin həyata keçirilməsi qısa zaman ərzində öz nəticəsini verdi.
Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Ə.Şıxlinski hərbi nazirin müavini təyin edildi. Bu qərar da Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində hökumətin qəbul etdiyi dəyərli qərarlardan biri idi. Çünki onların təcrübəsi və biliyi orduda quruculuq işlərinin səmərəli xarakter almasına zəmin yaratdı.
Hərbi Nazirlik bərpa edildikdən sonra bu istiqamətdə müəyyən çətinliklər də mövcud idi. Ən əsas məsələ ordunun milli ruhda təşkili məsələsi idi. Belə ki, bir tərəfdən türk qoşunları Azərbaycanı yenicə tərk edirdilər. Cümhuriyyət ordusu quruculuğunun ilkin mərhələsi türk hərbçilərinin rəhbərliyi altında aparıldığından ordu daxilində onların dəst-xətti qalmaqda idi. Digər tərəfdən Cümhuriyyət ordusunda xidmət edən yüksək rütbəli zabitlərin, demək olar ki, hamısı xidməti çar ordusu sıralarında keçmişdilər və rus ordusunun ənənələri ruhunda tərbiyə olunmuşdular. Cümhuriyyət ordusunun milli dəyərlər üzərində formalaşdırılması üçün ilk növbədə bu təsirlərin Azərbaycan şəraitinə uyğun gəlməyən tərəfləri aradan qaldırılmalı idi. Həmin problem Hərbi Nazirliyin mövcud olduğu təxminən il yarım ərzində ardıcıl olaraq həll edildi. Ordu quruculuğunda türk və rus təcrübəsinin güclü təsirə malik olmasına baxmayaraq, Azərbaycanda milli zəminə söykənən bir ordu formalaşdırıldı və proseslərin sonrakı inkişafı da qonşu dövlətlərin ordu quruculuğu təcrübəsinin kor-koranə təkrarlanmamasının doğruluğunu təsdiqlədi.
Eyni zamanda Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb edildi.
Əsgərlərlə ünsiyyətin Azərbaycan dilində aparılması və onlara hərb işinin Azərbaycan dilində öyrədilməsi, şübhəsiz ki, şəxsi heyəti xidmətə daha yaxından bağlayır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərirdi. Bu məsələyə Hərbi Nazirliyin rəhbərliyi xüsusi diqqət yetirirdi.
Hərbi Nazirliyin bərpasının ilk günlərindən hərbi qulluqçuların geyim formasının da milliləşdirilməsi və onun Azərbaycan Ordusuna uyğunlaşdırılması üçün də zəruri işlərin görülməsinə başlandı və bunun üçün xüsusi komissiya yaradıldı. Komissiyanın işinə hərbi nazirin müavini, general-leytenant Ə.Şıxlinski sədrlik edirdi.
Azərbaycan Ordusunda tətbiq edilən yeni geyim formasının maraqlı elementlərindən biri poqonlar idi. Həm hərbi qulluqçular, həm də orduda qulluq edən məmurlar poqon gəzdirirdilər və həmin poqonların üzərində ərəb əlifbası ilə “Azərbaycan” sözü yazılmalı idi.
Yeni dəyərlər üzərində qurulan ordunun yeni milli kadrlarının hazırlanması da Hərbi Nazirliyin rəhbərliyinin qarşısında dayanan mühüm vəzifələrdən biri idi. Bu vəzifənin həllinə nail olmaq üçün hələ türk qoşunlarının Azərbaycanda olduğu vaxt Gəncədə fəaliyyətə başlamış hərbi məktəbin fəaliyyəti yenidən quruldu və onun statusu artaraq praporşiklər məktəbinə çevrildi. Bundan başqa, Azərbaycan Ordusuna milli hərbi kadrlar hazırlayan İstehkam məktəbi, hərbi dəmiryolçular məktəbi və hərbi feldşer məktəbi də açılmışdı.
Ümumilikdə, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təşkili Azərbaycanın hərb tarixində və bütünlükdə Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Çünki, hər şeydən əvvəl, bu ordunun yaradılması ilə Azərbaycanda nizami ordu quruculuğunun əsası qoyuldu və Azərbaycanda silahlı qüvvələr quruculuğu tarixində xarakter etibarı ilə tamamilə yeni bir səhifə açıldı. XX əsrin əvvəllərində yenidən reallığa çevrilən Azərbaycan Ordusu quruculuğu yeni və mütərəqqi dəyərlər üzərində aparılırdı və həmin dəyərlər şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyətindən irəli gəlirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun ən yaxşı ənənələri bu gün müasir və güclü ordumuzun simasında öz əksini tapıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən tarixi reallığa çevrilən və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən yüksək səviyyəsinə çatan Azərbaycan Ordusu təchizat səviyyəsinə, döyüş hazırlığına, şəxsi heyətinin mənəvi keyfiyyətinə, idarəetmə strukturlarının peşəkarlığına görə dünyanın ən güclü ordularından biridir. Beynəlxalq ekspertlərin rəylərinə görə Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır. Milli Ordunu yaradan generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, hərbi nazir Xosrov Paşa bəy Sultanov bugünkü hərbi qüdrətimizi görsəydilər qürur duyardılar.
Milli Ordumuz xalqımızın sevinc, qürur və güvənc yerinə, Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə qadir olan orduya çevrilib. 2016-cı ilin aprel döyüşləri bunu bir daha nümayiş etdirdi. Milli Ordumuz tərəfindən 2016-cı ildə Qarabağdakı aprel döyüşlərində 2 min hektar sahə düşməndən azad edildi. 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatında 11 min hektar ərazimiz azad edildi.
Bu döyüşlərin uğurları bizim böyük qələbəmizin başlanğıcıdır.
Aysel İbrahimova
Magistr, Azərbaycan Dövlət Pedaqoji Universiteti




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
“İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir”
19.07.2018
“TAP üzrə işlər nəzərdə tutulan vaxtda başa çatacaq”
19.07.2018
“Milli mətbuatın yaranması milli oyanış və tərəqqiyə doğru atılan addımdır”
18.07.2018
İtaliya ilə iqtisadi əlaqələr genişlənir
18.07.2018
“İtaliya ATƏT-ə sədrlik çərçivəsində Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9672

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info