El-oba şairləri ümumxalq məhəbbəti qazanırlar
Tarix: 28.06.2018 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Ölkəmizin hər bir kəndində şair və ya yazıçılar yaşayır, onlar yaradıcılıqları ilə ədəbiyyata xidmət edir və bölgələrdə ədəbi həyatın inkişafına nail olurlar. Xalqımız tarix ərzində sözə, sənətə böyük qiymət verib və bunun nəticəsidir ki, bizi şair xalq adlandırırlar. Tarix sübut edir ki, el-obada yaşayıb-yaradan qələm sahibləri ümumxalq məhəbbəti qazanır və yaradıcılıqları tez mənimsənilir. Təbiəti füsunkar olan bölgələrdə şairlər daha çox yetişir və gözəl ədəbi nümunələrlə ölməzlik qazanırlar. Belə bölgələrimizdən biri də Tovuz rayonudur. Burada çoxlu şair və aşıqlar yetişmiş, çoxəsrlik ədəbiyyatımızın inkişafına öz töhfələrini vermişlər. Bu gün isə Tovuz rayonun Əyyublu kəndində yaşayan və orada poetik incilər yaradan şair Kamran Eyyublunun şeirlərini oxuculara təqdim edəcəyik. Şair Kamran Eyyublunun şeirləri insanlar arasında yayılmış, sevilmiş və bu gün oxunan şair kimi tanınır. Şeirlərinə mahnılar bəslənmiş və aşıqlar arasında da şeirləri yayılıb. Bir neçə qəzet, jurnal və kitabda şeirləri dərc olunub.
Zeynalov Kamran Hüseyn oğlu 1953-cü il martın 15-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub. Şair yaradıcılığa 1971-ci ildən başlamış və “Dağların” rədifli ilk şeiri “Daşkəsən” qəzetində işıq üzü görmüşdür. Kamran Zeynalov “Kamran Eyyublu” imzası ilə şeirlər yazır. Kamran Eyyublunun ilk kitabı “Dünya, səndə nəyim qaldı” adı ilə 2000-ci ildə, ikinci kitabı “Ayrılıq demədim...” isə 2013-cü ildə işıq üzü görüb.

QOCALANDA

Nə qədər qəribə görünəcəkdir,
Gəncliyim özümə, mən qocalanda.
Başım dümağ ağa bürünəcəkdir,
Düşdükcə saçıma dən, qocalanda.

Çiçək solmayacaq solduğum kimi,
Bulud dolmayacaq dolduğum kimi,
Mən bu yaşlarımda olduğum kimi,
Olmayacağam xoşbəxt, şən, qocalanda.

Eyyublu, qəddini vaxt əyəcəkdir,
Yurd salıb qəlbini qəm yeyəcəkdir,
Biləydim o zaman nə deyəcəkdir,
İlham pərin sənə, sən qocalanda.




ATALAR

Dostlar, mən nə deyim atalar haqda,
Çiçəkli bağçadı, bağdı, atalar.
Oğul-qız yanında, nəvə yanında,
Alnıaçıq, üzüağdı atalar.

Şəninə təriflər deyilməyib az,
Çınqıl daşını da sellər aparmaz,
Yüz min tufan ola, yenə qoparmaz,
Tərpənməz qayadı, dağdı atalar.

Kamran, hərarəti olarmı külün,
Dərdə düçar olsa, dərdini bölün,
Ürəkdən şadlanın, ürəkdən gülün,
Nə qədər həyatda sağdı atalar.




GƏLSİN

Könül rübabımın dindi telləri,
Ötsün qış ayları, yenə yaz gəlsin!
Haçan tüğyan edib, ürək coşanda,
Dəftər gəlsin, qələm gəlsin, saz gəlsin.

Sevinsin ürəklər, gülsün könüllər,
Bayram libasına bürünsün ellər.
Oxuyub şadlansın cavan nəsillər,
Eşidək hər yandan xoş avaz gəlsin.

Nə gözəl qurulub bizim bu dövran,
Gülür iqbalımız ötdükcə zaman,
Ellər deyir sənə: - sinəndə, Kamran
Nəyin varsa yavaş-yavaş yaz gəlsin!



DÖNÜM

Müddətdir eşqinlə düşmüşəm xəstə,
Amandır, “yox” demə, başına dönüm.
İzin ver can alan gözlərin üstə,
Kirpiyinə dönüm, qaşına dönüm!

Oynama rolunu bir şərəfsizin,
Süründürmə məni sən dizin-dizin.
Ayaqların dəyən cığırın, izin,
Torpağına dönüm, daşına dönüm.

Taleyin yazmasın yamana səni,
Salmasın çiskinə, dumana səni.
Kamran tək ağlatsa zamana səni,
Qoy onda gözünün yaşına dönüm.


DEMƏ

Təbiət çəməndə min gül bitirir,
Ətirli olmayan gülə gül demə.
Qartalın məskəni şiş qayalardı,
Dərədə yaşayan kələ kəl demə.

Kamalla gül açıb ən nəcib dilək,
Yaradan bəşərdi, məhv edən fələk,
Həyatı qoruyub saxlaya bilək,
Dağıdan, uçuran ələ əl demə.

Zəhmət də yaxşıdı, tər də yaxşıdı,
İgid də yaxşıdı, ər də yaxşıdı,
İnci də yaxşıdı, zər də yaxşıdı,
Hər şölə saçmayan lələ ləl demə.

Səxavət gözlənər ər oğlu ərdən,
İnciyib küsməzlər olmayan yerdən,
Sısqa bulaqlar da bulanar hərdən,
Coşub-çağlamayan selə sel demə.

Kamranı anlamaz duyğusuz insan,
Çox ocaq yerini yox edib zaman,
Min alim yetişə, min bir qəhrəman,
Şairi olmayan elə el demə.


GƏLİB-GEDİR
Adam var, bağlanır qəlbən zəhmətə,
Adam var, günləri tez gəlib-gedir.
Adam var, bəşəri salır heyrətə,
Adam var, duyğusuz, yüz gəlib-gedir.

Adam var, gözündə qoyasan kamın,
Adam var, vüsəti eşqin-ilhamın.
Adam var, qurbanı olur adamın,
Adam var, yanından düz gəlib gedir.

Adam var, zinətdir elə-obaya,
Adam var, heç yerdə salınmır saya.
Adam var, Eyyublu, dəyir dünyaya,
Heyif ki, eləsi az gəlib-gedir.



QURBAN OLUM

Öz elimin, öz obamın,
Hər kəsinə qurban olum!
Yaxşıları qardaşımdı,
Lap pisinə qurban olum!

Ahılları başda tacım,
Oğlu-qızı qardaş-bacım.
Yüngülləşər ağrım-acım,
Cümləsinə qurban olum!

Ərənləri hər biri xan,
Gözəllərin yanağı qan.
Təzə-təzə pardaxlanan,
Qönçəsinə qurban olum!

Getmə üzdən, düşün dərin,
Nə qiyməti ləlin, zərin.
Gül ətirli körpələrin,
Nəfəsinə qurban olum!

Yaraşıqdır öz elinə,
Qatır şəkər, bal dilinə,
Aşıqların həm zilinə,
Həm pəsinə qurban olum!

Bağçasında nübarının,
Düz sözünün, ilqarının,
Dağda uca vüqarının,
Zirvəsinə qurban olum!

Eyyubluyam, hər gülünün,
Süsəninin, sünbülünün,
Səhər-səhər bülbülünün,
Xoş səsinə qurban olum!




ŞAİRƏM

Gəzdim zirvələrdə, gəzdim dərində,
Sorağı hər yana çatan şairəm.
İsinib günəşin şəfəqlərində,
Çəmənin şehinə batan şairəm.

İlhamım, həvəsim qaynar bur bulaq,
Hardan, nədən desən verərəm soraq,
Qabağa gedəndə hamıdan qabaq,
Gələcəkdən xəbər tutan şairəm.

Heyranam varlığın hər büsatına,
Dağın xınasına, düzün otuna,
İşləyib torpağın yeddi qatına,
Ulduzlara kəmənd atan şairəm.

Qaniçən qəddarı qula döndərən,
Mərd olan məzlumu Zala döndərən,
Kəlməni ağzından bala döndərən,
Sözünü şəkərə qatan şairəm.

Kamranam, qüdrətin şəninə alqış,
Ruhumu oxşayır həm bahar, həm qış,
Sinəmdə hələ də tam açılmamış,
Min-min dəfinələr yatan şairəm.

Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
15.07.2018
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15.07.2018
Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər
14.07.2018
“Edam günü” filmi beynəlxalq festivalda mükafat qazanıb
13.07.2018
İsveçdə Azərbaycan mədəniyyəti ilə bağlı daha bir addım atıldı

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib
5 “Təxribatçıların çağırışlarına inanmayın”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info