“KİV-də intihar xəbərlərinə geniş səkildə yer verilməməlidir”
Tarix: 02.07.2018 | Saat: 21:57:00 | E-mail | Çapa göndər



Taciyə Mehdisoy
: “Psixologiya elə bir elmdir ki, onu yalnız əldə etdiyimiz təhsillə məhdudlaşdırmaq olmaz, mütləq öz üzərimizdə işləməliyik və ən əsası psixoloq ruhu ilə doğulub yaşanmalıdır”

Müsahibimiz "Loqos"un Gəncə Erkən İnkişaf Təlim Mərkəzinin baş psixoloqu Taciyə Mehdisoydur:

- Bölgələrdə daha çox psixologiya mərkəzlərinin fəaliyyət göstərməsinə ehtiyac varmı?
- “Ümumilikdə əyalət, şəhər, kənd və qəsəbə fərq etməz, hər bir insan yaşayışı olan yerdə psixoloji mərkəzlərə ehtiyac var. “Loqos” bunu nəzərə alıb ölkəmizin müxtəlif yerlərində mərkəz açmaqda davam edir. Məsələnin ən yaxşı tərəfi isə odur ki, sakinlər bu imkanlardan geniş yararlanırlar. “Loqos”un Gəncə filialı regionlarda açılmış ilk filialdır. Artıq 3 ildir ki, Gəncə və Gəncə ətrafı rayonların sakinlərinin xidmətindəyik. Mərkəzimizdə psixoloq, psixopedaqoq, loqoped, artterapiya, idman, sensor inteqrasiya və refleksoloji masaj xidmətləri göstərilir. “Loqos” 2018-ci ilin mart ayından Gəncə şəhərində daha bir binasını istifadəyə verdi. Bu binamızda “Loqos” Erkən İnkişaf Təlim mərkəzi fəaliyyət göstərir. Bu mərkəzimizin xidmətləri tərkibində ən diqqətçəkən məqam günlük qayğının təqdim olunmasıdır. Belə ki, mərkəzimizə müraciət edən nitq və ya psixoloji narahatlığı olan sakinlərimiz gün ərzində kompleks xidmətdən yararlana bilirlər.
- Əsasən, hansı problemlər, məsələlər üzrə müraciətlər olur? Xidmətləriniz insanları qane edirmi?
- Gəncə böyüklüyü ilə yanaşı, həm də yeniliyə açıq, inkişaf etməyə meyilli olan şəhərdir. Eyni zamanda Gəncə sakinləri xidmətlərə seçici yanaşırlar. Əgər 3 il ərzində onlar göstərilən xidmətdən yararlana bilməsəydilər, inandırım sizi ki, fəaliyyətimizi belə uğurlu davam etdirə bilməzdik. Bildiyiniz kimi, digər filiallarımız kimi Gəncədə də xidmət sahəmizdə yaş məhdudiyyəti yoxdur. Əgər kiçikyaşlı uşaqlar üçün ya onlarda olan sindromlardan, nitq qüsuru və psixoloji narahatlıqdan dolayı müraciət edirlərsə, böyük yaş qrupunda olanlar depressiya, özünəinamsızlıq, davranış pozuntusu, OKP, postravmatik stress, qorxular, fobiyalar, ailədaxili problemlər və onların aradan qaldırılması və s. kimi müraciətlər edirlər və tez bir zamanda mütəxəssislərimiz tərəfindən həll olunur.
- Əvvəlki illərlə müqayisədə uşaqlarda nitq inkişafının geri qalması halları daha çox rast gəlinir. Ümumiyyətlə, bu və digər problemlər - autizm və s. ilə bağlı valideynlərə hansı məsləhətləriniz olardı?
- Ümumilikdə son dövrlər istənilən sahədə problemlərin artımı hiss olunur, eləcə də loqopediya ilə bağlı. Nitq uşağın doğulduğu andan tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir, başqalarına özünü ifadə etməyə kömək edir. Eyni zamanda nitq qüsurları özünüifadəni zəiflədir. İnsan təfəkkürünün inkişafında nitqin rolu danılmazdır. Belə ki, nitq və təfəkkür qarşılıqlı əlaqədədir. Nitqdə olan narahatlıq özünü psixoloji vəziyyətdə də göstərəcək. Uşaqlarda nitq inkişafındakı ləngimələr bir necə səbəbdən ola bilər: 1. Uşaqla lazımi qədər ünsiyyət qurulmur və ya uşaq öz dili ilə danışmağa başlayır və valideyn buna yetəri əhəmiyyət vermir. 2. Müxtəlif travmalar, anadangəlmə və doğuşdan sonra olan digər xəstəliklər səbəbindən. 3. Uşağın eşitməsində problemlər olanda. Valideynlərə problemləri vaxtında sezmək üçün uşaqlarına qarşı daha diqqətli olmalarını tövsiyə edərdim. Uşağın özünü sərbəst şəkildə göstərdiyi yer ilk növbədə ailəsidir. Uşağın nitqində olan ləngiməni 3-4 yaşında müəyyən etmək olar. Bu zaman valideynə loqopedlə yanası, psixoloq və nevropataloqun ümumi rəyi lazımdır.
-Bəs psixoloqların hazırkı durumu necə, sizi qane edirmi? Bu sahənin inkişafı, psixologiya ilə bağlı tədris, kurslar və s. istiqamətində hansı təklif, iradlarınız olardı?
- İstənilən sahədə çətinlik və qeyri-peşəkarlıq özünü göstərir. Amma əvvəlki illərə nəzər salanda ölkəmizdə bu sahədə kifayət qədər irəliləyişlər hiss olunur. Elə hazırda fəaliyyət göstərdiyimiz “Loqos”un təşkilatçılığı ilə həm yerli, həm də xaricdən dəvət olunmuş peşəkar psixoloqlar tərəfindən müxtəlif səpkidə dərslər, seminarlar və təlimlər keçirilir. Amma bilirik ki, psixologiya elə bir elmdir ki, onu yalnız əldə etdiyimiz təhsillə məhdudlaşdırmaq olmaz, mütləq öz üzərimizdə işləməliyik və ən əsası psixoloq ruhu ilə doğulub yaşanmalıdır.
- Son illərin böyük bəlasına çevrilən özünəqəsd, intihar hallarının daha çox psixoloji problemlərlə bağlı olduğu deyilir. Bu fikir nə dərəcədə doğrudur? Ümumiyyətlə, Qərb ölkələrində olduğu kimi, bizdə də artıq hər ailənin öz psixoloqunun olmasının vaxtı çatmayıbmı? Belə xidmətlər intihar etmək həddinə gələn insanın fikrinə, addımına təsir edərmi?
- İntiharın səbəbləri müxtəlifdir. Ümumilikdə belə deyim var: “Hər kəs xoşbəxtliyə can atır, hətta intihar edən insanlar belə”. Xoşbəxtlik gözəl duyğudur, ancaq onu ani qərarla, affektiv halda yaşamaq və özünəqəsdlə əvəzləmək uyğun davranış deyil. İntiharın səbəbləri içərisində əvvəllər sırf psixiatrik xəstəlikləri nümunə göstərirdilərsə, bu gün təəssüf ki, əhatə dairəsi genişlənib, psixoloji narahatlıqlar daha çox ön plana keçib. Əsas səbəblərdən biri kimi uğursuzluqlar, ayrılmalar, boşanmalar, xəyanət, özünəinamın aşağı səviyyədə olması, özünü yararsız hiss etməsi, fizioloji və estetik qüsurlardan dolayı komplekslər və s. göstərmək olar. Yeniyetmələr arasında intiharın səbəblərinə ailədaxili zorakılıq, uşaqların özlərini güvənli bir yerdə hiss etməmələri aiddir. Əslində, intiharın geniş yayılmasına səbəblərdən biri kimi də medianın öz üzərinə düşən işi düzgün görməməsi göstərilir. Belə ki, psixologiyada “Verter effekti” termini ilə qeyd olunan intihar halları eyni situasiyada olan insanların birinin digərinin intiharını yamsılamasıdır. Tövsiyə edərdik ki, televiziya və ya digər KİV-də intihar xəbərlərinə geniş səkildə yer verilməsin. Bu hal intiharın artmasının qarşısını, az da olsa, ala bilər. Hər zaman müəyyən məqam çatanda biz Şərqlə Qərbi müzakirə etməyə başlayırıq. Bəzi hallarda müqayisə labüd olsa da, əksər hallarda ehtiyac belə olmur. İstənilən halda Qərb və Şərq psixologiyası bir-birindən fərqlidir. Əgər Qərbdə psixoloqa müraciət etmək vərdiş halını alıbsa, Şərqdə hələ bu istiqamətdə tərəddüdlər, axsamalar var. Amma bu o demək deyil ki, ailələr müraciət etmir, hətta Qərbdəki kimi müxtəlif ailələrin ailə psixoloqları belə var. Sadəcə, geniş vüsət almayıb. Son illər psixoloji sahədə gedən irəliləyişləri nəzərə alaraq burada da müsbət nəticələrin artımını görə bilərik. Ailədaxili münaqişələr, anlaşılmazlıqlar intihara səbəb olan amillərdən olduğu üçün münasibətləri düzgün tənzim etməyə ehtiyac duyulur. Ancaq bunun üçün münasibətdən yox, münasibətə daxil olan fərdlərin ayrılıqda şəxsiyyət kimi formalaşmasından başlamaq lazımdır.
- Ən yaxşı psixoloq kimdir? Psixoloqun da psixoloqa ehtiyacı yaranırmı?
- Yaxşı psixoloq anlayışı nisbi anlayışdır. Buna tam, konkret cavab vermək mümkün olmayacaq. Ümumilikdə “psixoloq necə olmalıdır?” sualını cavablandırmaq lazımdır. Psixoloq olmaq üçün təhsil, dünyagörüşü, yenilikçi, ünsiyyətcil, anlayışlı, empatik hisləri qurmağı bacaran, təsir qüvvəsi güclü olan insan olmaqla yanaşı, ruhun, daxili dünyan, mənəviyyatın buna imkan verməlidir. Hər zaman bizə bu sualı verirlər: “Psixoloqun psixoloqa ehtiyacı varmı? Psixoloq, əgər yaxşı psixoloqdursa, niyə başqa psixoloqa ehtiyac duyur?”. Bu sualın cavabını çox qısa verəcəyəm. Psixoloq, hər şeydən əvvəl, insandır və insanın insana həmişə ehtiyacı var...
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info