TANAP Türkiyəyə və Avropaya yeni imkanlar təklif edir
Tarix: 04.07.2018 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


“Haberturk.com”: “TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir”

Nəhəng enerji layihəsi kimi, bir çox dünya ölkələrinin diqqətində olan TANAP Türkiyə KİV-lərinin daim diqqət mərkəzindədir və bu heç də təsadüfi deyil. Dünyada XXI əsrin layihəsi kimi tanınan nəhəng TANAP qaz kəməri iyunun 12-də Türkiyənin Eskişehir şəhərində istifadəyə verildi. Türkiyədə həyata keçirilən ən əhəmiyyətli enerji layihələrindən biri olan TANAP-ın, eyni zamanda regional enerji siyasətinə də istiqamət verəcək strateji bir layihə olduğu hamı tərəfindən qəbul edilir. Eləcə də ötən 3 il müddətdə tamamlanması baxımından Türkiyənin son dövrlərdə "enerjidə ticarət mərkəzi" olma prosesində “vizyon” layihəsi olaraq da önə çıxır. Mütəxəssislər də qeyd edirlər ki, TANAP-ın həyata keçməsi həm yeni, böyük enerji layihələrini dəstəkləmiş olacaq, həm də enerji investorlarının gözündə Türkiyə roluna müsbət təsir göstərəcək. Azərbaycanın “Şahdəniz” yatağından çıxarılacaq təbii qaz ehtiyatlarının Türkiyə üzərindən Avropaya daşınmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin ən əhəmiyyətli seqmenti olan TANAP ilə Türkiyə, Xəzər bölgəsindəki ehtiyatların dünya bazarlarına transferini təmin edən mərkəz ölkə mövqeyinə çatacaq.
Qlobal enerji bazarlarına açılmaq istəyən digər mənbə sahibi olan ölkələrin diqqətini cəlb edən TANAP, bu gün enerji idxalında ölkə müxtəlifliyini təmin etmək istəyən Türkiyəyə və xüsusilə də Avropa ölkələrinə ciddi və yeni imkanlar təklif edir. Türkiyənin "enerjidə ticarət mərkəzi" olması yolunda olduqca əhəmiyyətli bir layihə olan TANAP, bu ölkəni Şərq-Qərb arasında strateji ölkə mövqeyinə çatdıraraq enerji mənbələri idxalında xərci azaldacaq bir təsir yaradacaq.
Beləliklə, TANAP layihəsinin əhəmiyyəti, Türkiyənin enerji siyasətində rolu nəzərə alınaraq qonşu ölkənin mediasında bu mövzuya davamlı olaraq yer ayrılır. Qeyd edək ki, bu günlərdə artıq TANAP-la Türkiyəyə ilk qaz nəqlinə başlanılıb.


“Haberturk.com” saytında “Şahdəniz 2” layihəsindən Türkiyəyə qaz axını başladı” başlıqlı yazı dərc edilib. Bu yazıda qeyd edilir ki, “Şahdəniz 2” təbii qaz layihəsi çərçivəsində Türkiyəyə qaz təslimatının başladığı bildirilib. BP-nin təşkilatçı olduğu konsorsiumun açıqlamasına görə, “Şahdəniz 2” layihəsinin vaxtında və planlaşdırılan büdcə daxilində tamamlanıb, Türkiyəyə qaz təslimi planlandığı kimi, 30 iyunda başlanıb. Xəzər Dənizindəki Azərbaycan təbii qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi olan “Şahdəniz 2” yatağının illik 16 milyard kubmetr istehsal həcmi olduğu, “Şahdəniz 1” yatağı da daxil olmaqla Şahdəniz hövzəsindəki ümumi təbii qaz istehsalının illik 26 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev layihənin bölgə üçün əhəmiyyətinə diqqət çəkərək bildirib ki, “Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP) vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir. Bu meqa layihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. “Şahdəniz-2” üçün platforma və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir”.
Yazıda qeyd edilir ki, “Şahdəniz 2” qazı Cənubi Qafqaz Boru Xətti, TANAP və Trans-Adriatik Boru Xəttindən (TAP) ibarət Cənub Qaz Dəhlizi ilə ilk olaraq Türkiyəyə, sonrakı illərdə də Avropaya nəql ediləcək. Ümumilikdə layihəyə 28 milyard dollar həcmində sərmayə qoyulub.

“Turkiyegazetesi.com” da isə “Şahdəniz 2”-dən Türkiyəyə təbii qaz nəqlinə başlandı” başlıqlı yazıda göstərilir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz 2018-ci ildə Türkiyəyə kommersiya məqsədli ilk qaz həcmlərinin nəqlinin bu layihənin mühüm hədəflərindən biri olduğunu bildirib: “Regional hökumətlər və “Şahdəniz” konsorsiumundakı tərəfdaşlarımızla birlikdə işləyərək, biz bu hədəfə təhlükəsiz, vaxtında və büdcə çərçivəsində çatmışıq. Bu, bizim yüksəkkeyfiyyətli layihələri uğurla birgə həyata keçirə bildiyimizi göstərir. Operator olaraq BP məmnundur ki, Azərbaycanda və bütün regionda uzunmüddətli tərəfdaşlığımız bu dünya miqyaslı layihəni uğurla həyata keçirmək və Türkiyədəki istehlakçılar qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün imkan yaradıb. Biz bu müstəsna nailiyyətimizin davamını gətirərək, növbəti hədəfimizə - 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirəcəyik”.
Qeyd edək ki, Türkiyənin “Bloomberght.com”, “Haberturk.com”: “Şahdəniz 2 layihəsindən Türkiyəyə qaz axını başladı”, “Star.com.tr”: “TANAP-dan Türkiyəyə ilk təbii qaz nəqli başladı”, “Sabah.com.tr”: “Şahdəniz 2”-dən qaz axmağa başladı” və digər KİV-lərdə bu mövzuda yazılar dərc edilib.

Nigar Abdullayeva


“Cənub Qaz Dəhlizi layihəsi əsrin ən böyük layihələrindən biridir”
Azərbaycan, Gürcüstan və Türkiyənin BMT-dəki nümayəndələri qurumun baş katibinə məktub göndəriblər
Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanında daimi nümayəndələri Cənub Qaz Dəhlizi və TANAP layihəsinin fəaliyyətə başlaması ilə əlaqədar BMT baş katibinə birgə məktub ünvanlayıblar. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, məktubda Cənub Qaz Dəhlizinin əsasının 20 sentyabr 2014-cü ildə qoyulduğu qeyd olunur. 40 milyard dollardan artıq sərmayənin cəlb olunduğu və dünyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinə “Şahdəniz 2” qaz yatağının işlənməsi, Cənub Qafqaz boru xətti, TANAP və TAP layihələrinin daxil olduğu diqqətə çatdırılır. Bu layihənin enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd olunaraq dünya miqyaslı bu təşəbbüsün beynəlxalq əməkdaşlıq sayəsində həyata keçirildiyi diqqətə çatdırılıb. Sözügedən layihənin Avropada və regionda yalnız enerji sahəsində deyil, digər sektorlarda da əməkdaşlığı dərinləşdirəcəyi vurğulanıb. Məktubda Cənub Qaz Dəhlizi layihəsinin əsrin ən böyük layihələrindən biri olduğu qeyd olunaraq, regionun gələcək çiçəklənməsi, iqtisadi və sosial rifah ilə sinonim təşkil etdiyi və qlobal enerji tələbatının şaxələndirilməsinə töhfə verərək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində olan qlobal səylərə, sülhə və təhlükəsizliyə xidmət etdiyi diqqətə çatdırılır. Məktub BMT Baş Assambleyasının 72-ci sessiyasının müvafiq gündəlik maddələrinə uyğun olaraq A/72/890 nömrəsi ilə BMT Baş Assambleyasının sənədi kimi yayılıb.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info