“SABAH”-ın məzunları
Tarix: 05.07.2018 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


“Əsas hədəflərimizdən biri universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələblərinə cavab verən məzunlar yetişdirməkdir”

Bakı Konqres Mərkəzində “SABAH”-ın məzunu-2018” mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, təhsil ekspertləri və tələbələr iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində “Mən “SABAHAM” adlı sərgi ilə tanış olublar. Tədbirdə “SABAH” qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib. Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAH”-ın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciəti mərasim iştirakçılarına Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev oxuyub. Müraciətdə bildirilir ki, SABAH qrupları ali təhsil müəssisələrində yeni və fərqli bir akademik mühit yaradaraq savadlı, bacarıqlı, ən əsası əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirib: “Yaradılmış bu şəraitdən yararlanaraq məzun olmaq bir uğurdur və bu, sizin peşəkar inkişafınızda müstəsna rol oynayacaq. Əminəm ki, sizin hər biriniz bu imkandan düzgün şəkildə istifadə edərək arzuladığınız peşəkar fəaliyyətlə məşğul olacaqsınız. Əziz dostlar, əminliklə deyə bilərəm ki, təhsil strateji və prioritet sahə olmaqla dövlətimizin daim diqqət mərkəzindədir". Müraciətdə daha sonra bildirilir ki, Prezident tərəfindən 2013-cü ildə imzalanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən, ölkəmizdə təhsil sahəsində bir sıra əsaslı islahatlar keçirilib və bu proses indi də davam edir: "Bizim əsas hədəflərimizdən biri universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələblərinə cavab verən məzunlar yetişdirməkdir. "Təhsil millətin gələcəyidir" - məhz bu fikri əsas tutaraq ölkə rəhbərliyinin başçılığı ilə son illərdə təhsil sahəsində bir sıra yüksək göstəricilərə nail olmuşuq. Bu gün Azərbaycanda savadlılıq, demək olar ki, 100 faiz təmin olunub. Belə bir mühit, ilk növbədə sizə - gənclərə çoxsaylı imkanlar yaradır. Təbii ki, ölkəmiz son illər ərzində bütün sahələr üzrə inkişaf edir. Prezident İlham Əliyevin söylədiyi kimi, biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə, əlbəttə ki, gənclər bilikli olmalıdır. Bu fikir, şübhəsiz, bizim gələcəyə baxışımızı və hədəflərimizi müəyyən edir. Əziz gənclər, ölkəmizin təhsil sahəsində əldə etdiyi uğurlar heç də təsadüfi deyil. Dövlətçilik tariximizin ilk illərindən başlayaraq Azərbaycanda təhsilə xüsusi diqqət yetirilir. Əlamətdar tarixlərlə zəngin olan bu il biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Dövlətçiliyimizin qurulmasında, milli kimliyin və milli maraqların formalaşmasında əvəzsiz rolu olan Xalq Cümhuriyyəti bizim bu günədək fəxr etdiyimiz saysız uğurlara imza atıb. Düşünürəm ki, qısamüddətli dövrdə Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də məhz təhsil sahəsində olan yeniliklər idi". Müraciətdə deyilir ki, Azərbaycan dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və gənclərin xaricdə təhsilinə dəstək verilməsi kimi mühüm addımlar atılıb. Lakin bundan sonra biz nailiyyətlərimizi qoruyub saxlamağa və daha da yüksək zirvələrə yüksəlməyə birlikdə çalışmalıyıq: "Buna nail olmaq hər bir Azərbaycan vətəndaşı, xüsusilə siz gənclərsiz mümkün deyil. Əziz məzunlar, sizin bugünkü uğurunuzda müstəsna rol oynamış müəllimlərinizə, valideynlərinizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Onlar da bizimlə bərabər, bu əlamətdar gündə qürur hissi keçirirlər. İnanıram ki, əldə etdiyiniz bilik və bacarıqlardan düzgün şəkildə istifadə edərək həm bir fərd olaraq şəxsi inkişafınıza, həm də bir vətəndaş olaraq doğma vətənimizin inkişafına öz töhfənizi verəcəksiniz”. Təhsil naziri Ceyhun Bayramov təhsilin inkişafının ölkəmiz üçün bütün dövrlərdə müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Nazir Prezidentin “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini, həyata keçirilən təhsil islahatlarının məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb. Dörd il əvvəl yaradılmış “SABAH” qruplarının ilk nəticələri haqqında danışan nazir bildirib ki, 2017-ci ildə ali təhsil müəssisələrini bitirmiş 721 “SABAH” məzununun 37 faizi Azərbaycanda, 16 faizi isə xarici ölkələrdə magistratura səviyyəsində təhsilini davam etdirir. Müasir və sürətlə dəyişən dünyada uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini deyən C.Bayramov bu yolda “SABAH” məzunlarına uğurlar arzulayıb, onları təbrik edib. Qeyd edək ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə yeddi dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda 12 ali təhsil müəssisəsində fəaliyyət göstərən “SABAH” qrupları 40-dan artıq ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir. 2017-2018-ci tədris ilində isə 842 “SABAH” məzunu təhsilini başa vurub.


“Azərbaycan Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrin inkişafında maraqlıdır”
“Azərbaycan Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın daha da inkişafında maraqlıdır”. Bu fikir Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşündə səslənib. Əli Əhmədov Azərbaycan hökumətinin Dünya Səhiyyə Təşkilatı ilə mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini və əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret və praktiki addımların atılmasında maraqlı olduğunu vurğulayıb. Azərbaycanın səhiyyə sistemindən danışan Baş nazirin müavini qeyd edib ki, ölkəmizdə bu sahənin yenidən qurulması və inkişaf etdirilməsi məqsədilə xeyli işlər görülüb. O bildirib ki, Azərbaycan Hökuməti öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır. Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan Hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Baş nazirin müavininin Milli Əlaqələndirmə Şurasına sədr təyin olunması bu məsələyə olan diqqətin göstəricisidir. Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb. Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan qlobal əməkdaşlıqlara çox böyük əhəmiyyət verir. Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən tədbirlərin reallaşmasında BMT-nin verdiyi dəstək böyük önəm kəsb edir. Görüşdə son illər Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən layihələr, tibbi sığortanın əhəmiyyəti, səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, bütün bunlar Azərbaycan vətəndaşının layiqli səhiyyə xidməti ilə təmin olunmasına hesablanıb. Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ölkəmizdə olmasından və burada gördüyü yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. Azərbaycanda səhiyyə sahəsində görülən işləri yüksək dəyərləndirdiklərini vurğulayan qonaq bunun yaxşı nəticələrə yol açacağını deyib. Baş direktor bu ilin Azərbaycan üçün əlamətdar olduğunu deyərək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı təbriklərini çatdırıb. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
18.07.2018
İtaliya Prezidentinin qızı Qobustan və “Atəşgah məbədi” ilə tanış olub
18.07.2018
“Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı regional tədbir keçiriləcək
18.07.2018
Reklam Agentliyi “Açıq qapı“ təşkil edib
18.07.2018
BANM-in 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info