“Bütün dövlət orqanları vəzifələrinin icrasında böyük peşəkarlıq göstərdi”
Tarix: 07.07.2018 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, bu günlərdə Mingəçevir İES-dəki yanğınla bağlı olaraq paytaxt Bakıda, eləcə də respublikanın bir çox rayonlarında bir neçə saatlıq enerji kəsintisi baş vermişdi. Bu xoşagəlməz və gözlənilməz hadisə əhali arasında narahatçılıq yaratmışdı. Lakin, buna baxmayaraq, nə aidiyyəti dövlət orqanları, nə də cəmiyyət heç də çaşqınlıq yaşamayıb. Əksinə, dövlət orqanları və vətəndaşlar həmrəylik nümayiş etdirərək belə vəziyyətdən insan tələfatı olmadan üzüağ çıxdılar. Ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirədə Prezident İlham Əliyev də öz nitqində dövlət orqanlarının fəaliyyətini yüksək qiymətləndirib: “Mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, bu vəziyyətdən şərəflə çıxa bilək. Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində qəza, demək olar ki, aradan qaldırıldı, heç bir ağır hadisə baş vermədi. Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmışdır. Metro və liftlərdə qalmış vətəndaşlar təxliyə olundu.
Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər. Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bir sözlə, hesab edirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik”.
Dövlət orqanlarının bu peşəkarlığı ictimaiyyət nümayəndələri tərəfindən də müsbət qarşılanıb. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf qəzetimizə bildirdi ki, bu qəza nəticəsində ölkəmizin enerji təchizatı sistemində yaranan vəziyyət bir çox məsələlərə aydınlıq gətirmiş oldu: “Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerji təchizatı bərpa edildi. 90-cı illərdə ölkəmizin keçdiyi çox çətin, susuz, işıqsız, metroda baş verən terror aktları dönəmi Azərbaycan xalqında dərin izlər buraxmışdı. Müstəqillik illərimizdə Azərbaycan xalqı stabilliyə tam öyrəşmişdi. Əslində, sonuncu prezident seçkilərində xalqın stabilliyi seçməsi özünü göstərdi. Azərbaycan xalqı layiq olduğu yüksək həyat şəraitinin arxası ilə gedir”.
Onun sözlərinə görə, hər bir ölkədə fövqəladə vəziyyətin baş verə bilməsi labüddür: “Bu durumda isə bəzi məqsədyönlü şəxslər tərəfindən vəziyyətdən istifadə etmək labüddür. Önəmli olan bu cür durumlardan xalqın şərəflə, bütün mənəvi keyfiyyətləri özündə daşıyaraq çıxmasıdır. Əslində, belə durumlarda xaotik xarakter daşıyan hadisələr də baş verə bilir. Azərbaycanda isə dövlət orqanlarının və xalqın böyük harmoniya ilə həmrəylik nümayiş etməsi bütün mənfi halların qarşısını aldı”.
Nərgiz Xələf dedi ki, dövlət orqanlarının həvəslə xalqın yanında olması və xalqın da dövlət qurumlarına dəstək olması heç bir ağır hadisənin, fəlakətin baş verməməsinə səbəb olmuşdur: “İlk növbədə asayişin qorunması, metro və liftlərdən insanların təxliyə olunması, işıqforların sıradan çıxması nəticəsində polis əməkdaşlarının yol hərəkət sistemində xaosun yaranmasına imkan yaratmaması gözləntiləri doğrultmuş oldu. Dövlət orqanlarının xalqın yanında olması, ölkəmizin baş vermiş vəziyyətdən az itkilərlə çıxa bilməsinə səbəb oldu. Mən özüm sükan arxasında olan biri kimi söyləyə bilərəm ki, işıqforların işləmədiyi an şəhərdə insanlarımızın bir-birini anlayışla qarşılaması, yardım göstərməsi, yol verməsi, yolda qoymaması xalqımızın nə qədər yüksək dəyər, keyfiyyət və yetkin olmasının bariz nümunəsidir”.

“Mingəçevir qəzası Azərbaycan cəmiyyətinin ekstremal vəziyyətlərdə ayıq olduğunu göstərdi”

Yeri gəlmişkən, bu situasiyadan müxalifət də öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edib. Bu məsələ ilə bağlı “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev mediaya bildirib ki, dünyada heç bir dövlət təbii fəlakətlərdən, enerji sistemlərində, istehsalatda və s. sahələrdə baş verən qəzalardan sığortalanmayıb: “Belə hadisələr ən qüdrətli dövlətlərdən biri olan ABŞ-da da olub. Yaponiyada, qardaş Türkiyədə enerji qəzalarının şahidi olmuşuq. Əsas odur ki, dövlət baş verən qəzaya çevik reaksiya verdi, Prezident İlham Əliyev anında Dövlət Komissiyası yaratdı, qəzanın səbəblərinin araşdırılmasına başlanıldı. Qəza baş verən saatlardan başlayaraq, bütün dövlət orqanları öz vəzifələrinin icrasında böyük peşəkarlıq göstərdilər. Bunun əksinə olaraq, müxalifət düşərgəsi, xaricdə məskunlaşan, söyüş söyməkdən başqa, əlindən heç nə gəlməyən mühacirlər anında sosial şəbəkələrə axışaraq, qəzadan dövlət əleyhinə istifadə etməyə çalışdılar. İddia etdilər ki, “vətəndaşların həyatı təhlükədədir, heç kim onlara yardım etmir”. Hətta gündəlik həyatda yaşadığımız adi hadisələri, məsələn, istidən, günvurmadan halı pisləşənləri də baş vermiş qəza ilə əlaqələndirməyə cəhd etdilər. Ən dəhşətlisi də odur ki, tam əsasla anormal adlandıra biləcəyimiz belə radikal müxalifət nümayəndələri insanları küçələrə çıxmağa səslədilər, paytaxtda və bölgələrdə xaos yaratmağa çalışdılar. Halbuki həmin saatlarda müvafiq dövlət qurumlarının əməkdaşları avtomobillərin hərəkətini tənzimləyir, metroda qalanları təhlükəsiz şəkildə tunellərdən çıxarır, avtobuslar vətəndaşları ödənişsiz mənzillərinə çatdırırdı”.
Onun fikrincə, ölkə daxilində və xaricində olan müxalifətin hadisəyə belə “çevik” reaksiyası heç də təsadüfi deyil: “Əvvəlki illərdə olduğu kimi, onların havadarları, antiazərbaycan qüvvələr bundan istifadə etməyə çalışaraq, müxalifətə hərəkətə keçmək komandası verdilər. Hadisədən siyasi dividend qazanmağa çalışan müxalifətin belə davranışı, birincisi, onların özlərinin əleyhinə işlədi. Çünki qəzalar zamanı belə mövqe sərgiləyənlərin əməlləri cəmiyyət tərəfindən müsbət hal kimi qəbul olunmur. Oxucular xatırlayırlarsa, Yaponiyada, Fukusimo AES-də baş verən qəza zamanı, nəinki sadə vətəndaşlar, hətta kriminal “yakudzalar” fəlakətdən zərər çəkənlərə yardım etməyə başladılar. Bizim müxalifətin yardım göstərməsi bir tərəfə qalsın, onlar sosial şəbəkə vasitəsilə çaxnaşma yaratmağa çalışırdılar ki, insanlar psixoloji təzyiq altında qalsınlar. Amma onların arzuladıqlarının əksinə olaraq, çevik tədbirlər sayəsində, cəmiyyətimiz bu qəzadan tamamilə itkisiz qurtardı”.
Baş redaktorun sözlərinə görə, bu qəza Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin yetkin, dərrakəli, ekstremal vəziyyətlərdə ayıq olduğunu göstərdi: “Vətəndaşlar könüllü olaraq dövlət orqanlarına kömək edir, bir-birlərinə yardım göstərirdilər. Prezidentin dediyi kimi, Azərbaycan cəmiyyəti bu sınaqdan şərəflə çıxa bildi. Məhz buna görə də, İlham Əliyev göstərdikləri dəstəyə, anlayışa, vətəndaş həmrəyliyinə görə Azərbaycan vətəndaşlarına təşəkkür etdi.
Beləliklə, Mingəçevir qəzası zamanı cəmiyyət müxalifətin çağırışlarının ardınca getmədi, əksinə, dövlətin yanında oldu və vətəndaşlıq borcunu yerinə yetirdi. Müxalifət və onların havadarları isə növbəti dəfə iflasa uğradılar”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info