“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Ağdamda
Tarix: 09.07.2018 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında respublikamızın regionlarında həyata keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonun olub. Quzanlı qəsəbəsindəki Heydər Əliyev adına parkda keçirilən tədbirdə rayonun kənd və qəsəbələrindən gəlmiş sakinlər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən olan qonaqlar əsl mədəniyyət bayramının şahidi olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, park ərazisində Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin sərgisi keçirilib. Festivala gələnlər Azərbaycanın bölgələrinin mədəni zənginliyi, özünəməxsusluğu, qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə maraqla tanış olublar. Parkda təqdim olunan konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qalıb. Hər bir regional idarə üzrə folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.
Tədbir iştirakçıları təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək, yaradıcılıq festivalından razılıqlarını ifadə edib, xalqımızın mədəni irsinin təbliğində layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Bərdə Regional Mədəniyyət İdarəsinin təmsil edən Elnur Cəfərov deyib: “Azərbaycanın qədim guşələrindən olan Bərdədə hər zaman milli mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına, mədəni irsin təbliğinə önəm verilib. Çox zəngin tarixi-mədəni irsə malik Bərdənin həm də turizm potensialı böyükdür. Odur ki, biz sərgidə Bərdəyə aid müxtəlif suvenirlər, əl işləri, turizm çap məhsulları nümayiş etdiririk. Bu isə həm də Bərdənin turizm imkanlarının təbliği deməkdir. Tədbirin bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsində, regionlararası yaradıcılıq əlaqələrinin genişlənməsində rolunu yüksək qiymətləndirir, festivalın təşkilatçılarına təşəkkürümü bildirirəm”.
Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı Gülü Abdullayeva isə deyib: “Biz sərgidə dekorativ tətbiqi sənət ustalarının əl işləri ilə təmsil olunuruq. Sərgidə suvenirlər, miniatürlər, bujiterialar təqdim edilir. Nümayiş olunan bütün əl işləri, həmçinin milli musiqimiz olan muğama aid əsər və milli geyimlərimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılanır”.
Lənkəran Regional Mədəniyyət İdarəsini təmsil edən Nurlana İbrahimova da festivalın böyük maraq doğurduğunu bildirib: “İki gündür Qarabağ torpağındayıq. Dünən Füzulidə, bu gün isə Ağdam rayonunda keçirilən yaradıcılıq festivalında iştirak edirik. Sakinlər sərgilərə, nümayiş edilən sənətkarlıq nümunələrinə, rəsmlərə, digər əl işlərinə çox maraqla baxırlar. Arzu edirəm ki, Xalq Cümhuriyyətinin 101 illiyini hazırda işğal altında olan torpaqlarımızda qeyd edək”.
Ağdam rayon sakini Xətai Abdullayev festivaldan razılığını belə ifadə edib: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən festival hər birimizin ürəyincədir. Azərbaycanın müxtəlif bölgələrinin təmsil olunduğu sərgiyə çox maraqla baxdım, bir daha xalqımızın mədəni irsinin zənginliyinin şahidi oldum. Təqdim olunan musiqi nömrələri isə zövqümüzü oxşadı. Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi hər bir rayon sakini tərəfindən böyük razılıqla qarşılanır”.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Layihənin yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır.
Masallı şəhərində start götürmüş, Lənkəran, Salyan, Sabirabad, Füzuli və Ağdamda davam etmiş “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı nazirliyin digər regional idarələrində də davam edəcək.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info