Ermənistan münaqişənin həllində konstruktiv rol oynamağa hazırdırmı?
Tarix: 10.07.2018 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə AZƏRTAC-a müsahibə verib. XİN-in Mətbuat xidməti həmin müsahibəni “Palitra”ya təqdim edib. Müsahibədə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

- Məlum olduğu kimi, 2018-ci il dövlətimizin başçısı tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu qərar xalqımızın tarixinə, dövlətçilik ənənələrinə verilən yüksək dəyərdir.
Xalqımızın zəngin dövlətçilik tarixi olsa da, tarixin müxtəlif dövrlərində işğala məruz qalması Azərbaycanı müstəqilliyin vacib atributlarından olan xarici siyasət fəaliyyətindən kənar salmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Xarici İşlər Nazirliyi strukturunun təsis edilməsi, beynəlxalq ictimaiyyətlə fəal diplomatik işin aparılması ölkəmizin xarici siyasət fəaliyyətinin əsasını qoydu.
Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi tarixini əsas tutaraq, 2007-ci il avqustun 24-də hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. 1920-ci ilin aprelinədək Azərbaycanın Gürcüstan, Ermənistan, İran, Türkiyə, Ukrayna və başqa yerlərdə diplomatik nümayəndəlikləri və baş konsulluqları mövcud idi. Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin yekdil de-fakto tanınmasına müvəffəq olundu və Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət aldı.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə nəzər saldıqda xarici siyasətin məqsəd və məramları baxımından da varisliyin özünü göstərdiyini görürük. İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi, bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdi. Bu gün Azərbaycan Respublikası da öz xarici siyasətində qonşu dövlətlərlə və bütövlükdə dünya birliyi ilə ikitərəfli və çoxtərəfli əsasda dostluq münasibətlərinin inkişaf etdirilməsini, regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsini xarici siyasətinin təməl məqsədlərindən biri kimi müəyyən edib.
Amma təəssüflə onu da qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi təhdid və təhlükələr, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitnə-fəsadlar və neft amili 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını da əhatə etdi. Tarixin özünü təkrarlaması formasında sanki geosiyasi təhdidlərimiz sırasında da bənzərlik var. Odur ki, istər institusional baza olaraq istinad mənbəyi kimi, istərsə də xarici siyasətin məqsəd və məramları baxımından müasir Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət fəaliyyətində varisliyi və ardıcıllığı aydın şəkildə görmək mümkündür.
- Bu gün Azərbaycanın xarici siyasətinin təməl prinsiplərini və qarşısında duran prioritet vəzifələri və tapşırıqları necə təsnif edərdiniz?
- Ulu öndər Heydər Əliyev tərəfindən tarixi təcrübə və yerləşdiyimiz regionun geosiyasi çətinlikləri kimi amillər nəzərə alınaraq, Azərbaycanın çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasət strategiyası müəyyən edilib. Bu gün Azərbaycanın milli maraqlarına əsaslanan çoxistiqamətli və dinamik xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin inkişafının yeni mərhələsinə, dövrün çağırış və tələblərinə uyğun olaraq yeni strateji hədəflər müəyyən olunur və həyata keçirilir. Xarici siyasət daxili siyasətin davamıdır. Daxili siyasətdə əminliyimiz və yalnız özümüzə güvənməyimiz xarici siyasətimizin müstəqilliyini və çevikliyini təmin edir. Elmi-nəzəri dildə desək “praqmatik realizm” Azərbaycanın xarici siyasətinin bəlkə də ən düzgün təsviri olardı.
Azərbaycan Respublikasının xarici siyasəti ölkəmizə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, zəbt olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, qonşu dövlətlərlə mehriban qonşuluq əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha da gücləndirilməsi, Azərbaycan ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi kimi məqsədlərə xidmət edir.
Bununla bərabər, diplomatiyamız qarşısında dünya dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, enerji, nəqliyyat və iqtisadi diplomatiya strategiyamızın həyata keçirilməsi, xaricdən ölkəmizə sərmayəçilərin və turistlərin cəlb edilməsi, Xəzər dənizi hövzəsində dostluq və əməkdaşlığın təşviqi, dövlət qurumlarının beynəlxalq əməkdaşlığının əlaqələndirilməsi, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin edilməsi, beynəlxalq sülh və təhlükəsizliyə, terrorizmə qarşı mübarizəyə töhfə verilməsi kimi vəzifələr var.
Azərbaycan öz xarici siyasətində, həmçinin multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi, humanitar və mədəni diplomatiya kursumuzun davam etdirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə hüquqlarının müdafiə edilməsi və konsulluq dəstəyinin göstərilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin və diaspor fəaliyyətinin inkişaf etdirilməsi kimi məsələlərə xüsusi əhəmiyyət verir.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan öz xarici siyasətini hamar beynəlxalq müstəvidə həyata keçirmir. Azərbaycan beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətləri Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, Ermənistan və erməni lobbi dairələrinin beynəlxalq informasiya məkanında Azərbaycana qarşı apardıqları təxribatçı əməllər şəraitində həyata keçirmək məcburiyyətindədir.
Bütün bunlara baxmayaraq, ayrıca bir müzakirə mövzusu olan hər bir istiqamət üzrə xarici siyasətimiz ötən illər ərzində əsaslı uğurlar əldə edib.
- Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərinizi bilmək maraqlı olardı.
- 2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin. Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər.
Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.
İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info