“Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir”
Tarix: 11.07.2018 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Ötən gün XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat konfransı keçirib. Hikmət Hacıyev konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı fikir bildirib: “Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ də BMT Təhlükəsizlik Şurası hərbi tribunalların təşkil edilməsi barədə qətnamələr qəbul etməyib. Məsələnin hüquqi müstəvidə hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biri də budur: “Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə məsləhətləşmələr aparıb. Bu cür qətnamələr qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar təşkil edilsin. Ermənistan beynəlxalq məhkəmələrin yurisdiksiyasını qəbul etmir".

XİN rəsmisi qeyd edib ki, Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi əməllərə görə bir dövlət olaraq məsuliyyət daşımaqla yanaşı, bu ölkənin hərbi-siyasi rəhbərliyində olan, bu əməllərin törədilməsində bilavasitə iştirak edən şəxslər də məsuliyyət daşıyırlar: "Bunun üçün Ermənistan sivil davranışını nümayiş etdirərək bu şəxsləri cəzalandırmalıdır. Ermənistan insan hüquqlarından dəm vurursa, bu kimi cinayətlərə də aydınlıq gətirməlidir".
Hikmət Hacıyev deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi siyasi şouya çevrilib. H.Hacıyev bildirib ki, populist Paşinyan hökuməti bu yolla reytinqini və cəmiyyətdə nüfuzunu qorumağa çalışır: “Paşinyan hökumətinin yüz günü yaxınlaşır. Bu yüz gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində işlər görmək əvəzinə, bu cür yolla öz reytinqlərini saxlamaq istəyirlər”.
XİN təmsilçisi qeyd edib ki, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir: “Bu əməllər regionda sülhün təminatına xidmət etmir”.

“Ermənistan gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib”
Hikmət Hacıyev bildirib ki, 11 iyul 2014-cü ildə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötür: “D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim tərəfindən saxta və uydurulmuş iddialar əsasında onlar üzərində quruma “məhkəmə” təşkil edilib, D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir. Bunun nəticəsində hal-hazırda D.Əsgərov və Ş.Quliyev müxtəlif ağır xəstəliklərdən əziyyət çəkirlər. Onlara qarşı qeyri-insani rəftarı kütləvi informasiya vasitələri ilə qəsdən nümayiş etdirən Ermənistan tərəfi onların ailə üzvlərini və yaxınlarını psixoloji təzyiqlərə məruz qoyur".
E.Hacıyev bildirib ki, Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib: "D.Əsgərov və Ş.Quliyev və onların ailə üzvləri 1993-cü ildən etibarən məcburi köçkün həyatı yaşayırlar. 20 ildən çox davam edən vətən həsrəti onları öz işğal edilmiş torpaqlarını ziyarət etmək kimi fədakar addımı atmağa sövq etmiş və bu baxımdan onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri anlaşılandır. Beləliklə, onların qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsi girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı hiddətinə səbəb olur".

“Azərbaycan Respublikası D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün bütün zəruri addımları bundan sonra da atacaq”
XİN rəsmisi bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə işğalçı tərəf kimi Ermənistanın məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərinin şamil edilməli olduğunu təsbit edib: "Məhkəmənin qərarının 195-ci paraqrafında göstərildiyi kimi, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.
Beynəlxalq hüququn imperativ norma və prinsiplərinə görə güc tətbiqi və ya güc təhdidi vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni hesab oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrində bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur, həmçinin münaqişənin həllinin beynəlxalq humanitar hüquqi əsasları müəyyən olunaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüquqi təsbit olunur.
Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki insanları və obyektləri ağır silahlardan hədəflənmiş şəkildə atəşə tutması, D.Əsgərov və Ş.Quliyev halında olduğu kimi, mülki insanları girovluqda saxlamaqda davam etməsi aydın şəkildə göstərir ki, münaqişə dövründə Ermənistan tərəfindən törədilmiş cinayətlər təsadüfi və istisna hallar olmayaraq, Ermənistanın yürütdüyü məqsədyönlü və sistematik siyasətinin tərkib hissəsidir. Hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayət əməlləri şahid ifadələri və sübutlarla sənədləşdirilib.
Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.
Ermənistan tərəfindən nümayişkarcasına qeyri-insani davranış nümayiş etdirərək dörd il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanması və digər bu xüsusda olan əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Bu bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir.
Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prinsiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq. Azərbaycan Respublikası D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün bütün zəruri addımları bundan sonra da atacaqdır".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info