BANM-də ƏƏSMN ilə birgə təqdimat keçirilib
Tarix: 12.07.2018 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BANM-in birgə təşkilatçılığı ilə iş yerlərində bədbəxt hadisələrin qarşısının alınması sahəsində profilaktik tədbirlərə dair təqdimat keçirilib.
Tədbirin əsas məqsədi əməyin təhlükəsizliyi məsələsinə diqqətin artırılması və ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin iştirakı ilə Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən geniş təbliğ olunan “Vision Zero” təşəbbüsü (“sıfır ölüm hadisəsi, ciddi xəsarət və peşə xəstəliyi”) üzrə təqdimatın keçirilməsi olub.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, ISSA-nın prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) baş direktoru Yoakim Bröyer, ƏƏSMN-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən müxtəlif transmilli şirkətlərin nümayəndələri, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan E.Qasımov bildirib ki, bəzən müxtəlif səbəblərdən iş yerlərində bədbəxt hadisələr baş verir, nəticədə müəssisələrə və onların əməkdaşlarına ciddi zərər dəyir. Rektor hər bir şirkətdə və müvafiq qurumlarda bu hadisələrin qarşısını almaq üçün təlimlərin və maarifləndirmənin vacib olduğunu vurğulayıb. E.Qasımov ali məktəbdə ƏƏSMN-nin təşəbbüsü ilə keçirilən hazırkı tədbirin də bu məqsədlə təşkil olunduğunu söyləyib.
M.Kərimli istehsalatda baş verən bədbəxt hadisələrin əməyin təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsindən, bir çox hallarda isə əməyin mühafizəsi normalarının tətbiqinə biganə münasibətdən və ya bu sahədə məlumatlılığın aşağı səviyyədə olmasından irəli gəldiyini qeyd edib. Nazir müavini bildirib ki, belə hadisələrin baş verməməsinin mümkünlüyü ilk növbədə hər bir işçinin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasından, istehsalatda qəza hallarının qarşısının alınması üçün vacib olan önləyici tədbirlərin görülməsindən birbaşa asılıdır. Bu mənada ISSA-nın “Vision Zero” təşəbbüsünün təbliği ilə yanaşı, bu təşəbbüsün praktik müstəvidə geniş şəkildə reallaşdırılması xüsusi önəm kəsb edir. M.Kərimli əməyin təhlükəsizliyinə nəzarət sisteminin innovativ üsullar əsasında təkmilləşdirilməsinin bu gün ƏƏSMN-nin əsas hədəflərindən olduğunu deyib, əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında nazirlik tərəfindən aparılan məlumatlandırma işlərini diqqətə çatdırıb.
Y.Bröyer “Vision Zero” təşəbbüsü ilə bağlı təqdimat edib. O qeyd edib ki, “Vision Zero” təşəbbüsünə görə, iş proseslərində baş verə biləcək bütün qəzaların və xəstəliklər qarşısı alına bilər. Bu məqsədlə Vision Zero təşəbbüsünün tərəfdarı olan şirkətlər, onun partnyorları iş yerlərində təhlükəsizlik, sağlamlıq və rifah kimi üç əsas dəyəri yaymaq və inkişaf etməsinə kömək üçün çalışırlar. Cənab Bröyer təqdimat zamanı müəssisələrdə ölüm hadisələrinin sıfıra endirilməsi, ciddi xəsarət və peşə xəstəliklərinin qarşısının alınması üçün təcrübədə istifadə olunan “qızıl qaydalar”dan və atılması labüd olan praktik addımlardan bəhs edib.
Daha sonra BANM-ın rektoru E.Qasımov ISSA-nın prezidenti Yoakim Bröyeri Ali Məktəbin “Fəxri qonaq” plaketi ilə təltif edib.
Tədbirin sonunda iştirakçılar əməyin təhlükəsizliyi və bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı onları maraqlandıran sualları Yoakim Bröyerə ünvanlayıblar. Təqdimatdan sonra cənab Bröyer ali məktəbin kampusunu gəzərək burada tələbələr üçün yaradılmış şərait və təlim-tədris proseslərilə tanış olub.
Qeyd edək ki, 1927-ci ildə əsası qoyulmuş ISSA sosial təminat sahəsində vahid prinsiplərin və qabaqcıl standartların hazırlanması və təşviqi, bu sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, milli, regional və beynəlxalq səviyyələrdə sosial təminat siyasətlərinin təkmilləşdirilməsi, tədqiqatların aparılması, bilik və məlumat mübadiləsinin həyata keçirilməsi, üzv təşkilatlara texniki yardımın göstərilməsi ilə məşğul olan təşkilatdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info