Qədim Misir incəsənəti və Fəyyum portretləri haqqında
Tarix: 13.07.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Bəşər sivilizasiyasına ən böyük töhfələrini vermiş Qədim Misir mədəniyyəti, dünya tarixində təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindən biridir. Dünyanın yeddi möcüzəsindən biri sayılan məşhur piramidalar (Gizədəki Xeops ehramı ilə yanaşı, Xefren və Migerin piramidaları) Qədim Misir mədəniyyətinin ən möhtəşəm abidələri hesab olunur. Dey əl-Bəhridə yerləşən əzəmətli Xatşepsutun xeyrat məbədində 200-dən çox heykəltəraşın sənətkarlığı öz əksini tapmışdır.
B.e.ə. I minilliyə aid olan Nefertitinin heykəl portreti isə dünya təsviri sənət tarixində ən unikal qadın təsviri hesab olunur. Qədim Misir təsviri sənəti digər sənət nümunələrindən parlaq və təmiz rəngləri ilə fərqlənirdi. Boyalar əsərlərə özünəməxsus ahəngdarlıq bəxş edirdi. Təsvirlərə diqqətlə nəzər salsaq görərik ki, bütün insan fiqurları sükunətdədir və buradakı pozalar həddən artıq şərti səciyyə kəsb edir. Bu şərtilik rənglərdə də özünü büruzə verirdi. Belə ki, qadın fiqurları sarı-çəhrayı, saçlar qara, geyim isə ağ olduğu halda, kişi təsvirlərində qırmızı-qəhvəyi rəng daha üstünlük təşkil edirdi.
Mumlu boyakarlıq çox qədim dövrlərdən məlumdur. Elmi ədəbiyyatda buna "enkaustika" deyilir. Mumlu boyanı hazırlamaq üçün quru, tozvari rəng mum ilə qarışdırılıb həll edilir. Daha sonra isə qızdırılmış daşın və ya taxtanın üzərində metal alətlərlə və ya fırçayla təsvir olunurdu. Fəyyum portretləri(e.ə. I əsr-eramızın IV əsri) və Bizans ikonaları (12 əsrədək) məhz mumlu boyakarlıq (enkaustika) texnikası ilə işlənmişdir.
Qədim Misirdə ölmüş şəxslərin boyakarlıq portretləri - Fəyyum Portretləri adlanırdı. Bu termin 1887-ci ildə bu portretlərin böyük bir qrupunun tapıldığı yerin-əl Fəyyum vahəsinin adından götürülmüşdür. Ən yüksək inkişaf dövrü I əsrin ortaları- III əsrdə olmuşdur. Qədim Misirin ənənəvi ölü maskalarını əvəz edən Fəyyum portretləri mumlu boyakarlıq texnikası ilə taxta lövhə üzərində işlənir, sonra mumiyanın sarğısı içərisinə, ölünün sifəti olan yerə qoyulurdu. Erkən Fəyyum portretlərinin (e.ə. I əsr) müəyyən qismi kətan üzərində çəkilmişdir. Lakin belə bir sual yaranır ki, Fəyyum portretləri necə ortaya çıxmışdır?
E.ə.332-ci ildə Makedoniyalı İsgəndərin Misiri işğal etməsi ilə birlikdə ölkə, bütünlüklə Yunan sülalələri tərəfindən idarə olunmağa başlamışdır. Beləliklə də, Misirdə yunan mədəniyyəti yayılır və bir müddətdən sonra rəsmi dil yunanca olur. Daha sonra Misir və Roma arasındakı Actium savaşından sonra e.ə.31-ci ildən etibarən Misirdə Roma hegemonluğu başlayır. Bu təsir özünü daha çox ölü kultları üzərində büruzə verirdi. Buna görə də Fəyyum portretləri Misir incəsənətindən başqa, Klassik Yunan və Roma incəsənətinin də təsirlərini özündə əks etdirir. Mumiyaların içinə qoyulmuş sandıqlarda yunan əlifbasıyla şəxsin adından savayı, peşələri də yazılırdı. Kitabələrdə göstərilir ki, portretlərdəki şəxslərin çoxu yüksək təbəqəyə aid əsgərlər, din xadimləri və hökumətə çalışan məmurlardan ibarət olmuşdur. Portretlərdə təsvir edilən şəxslərin misirli, yunan ya da romalı olduğuna dair dəqiq məlumatların olmamasına baxmayaraq, kitabələrdə misir, yunan və Roma mənşəli adlar qeyd edilmişdir.
Günümüzə qədər təxminən 900-ə yaxın Fəyyum portretləri gəlib çatmışdır. Cazibədar baxışlarıyla tamaşaçıya birbaşa olaraq baxan bu üzlər dünyada ilk tanınan portretlərdir. Təkrarsız özəllikləri ilə fərqlənən bu təsvirlər həm də ilk tipik ikona rəsmləridir.
Fəyyum portretlərinin çoxu palıd, cökə, çinar, sidr, sərv, əncir kimi xaricdən gətirilmiş sərt ağaclardan hazırlanmış, panel ya da lövhələrin üzərinə təsvir edilmişdir. Ağaclar qalınlığı təxminən 1,5 sm olan incə panellər halında kəsildikdən sonra cilalanaraq çıxıntı halına gətirilmişdir. Bitirilən panellər bədəni bürüyən sarğı bantlarının arasına, mumiya açılanda üzü birbaşa görüləcək şəkildə yerləşdirilmişdir. Taxta səthlər rəsmə başlanmazdan əvvəl astarlanaraq boyanmaya hazır hala gətirilmişdir.
Fəyyum portretlərindəki əsl sehr gözlərdədir. Gözlər üzə nisbətən daha böyük təsvir edildiyi üçün ifadəyə güc qatmış, tamaşaçını özünə çəkərək, izləyəndə təsiredici bir təəssürat buraxmaqdadır. Ümumiyyətlə, fiqurlar monoxrom rənglərlə boyanmış bir arxa plan üzərinə bir büst kimi təsvir edilmişdir. Bu portretlərdə istifadə olunan rənglər isə məhduddur. Belə ki, üz xətlərinin və saçların təsvir edilməsində, əsasən, ağ, tünd sarı, qırmızı və qara rənglərdən, geyimlər və daş-qaş üçün isə başqa rəng və zərlərdən istifadə olunmuşdur. Bəzən Fəyyum portretləri evlərdə divardan asmaq üçün də işlənilir və portreti çəkilən şəxs öldükdən sonra onun mumiyasına qoyulurdu. Fəyyum portretlərində əksəriyyətlə gənc şəxslər, hətta uşaqlar təsvir edilmişdir. Bu nümunələrin günümüzə qədər sağlam bir şəkildə gəlib çatmasının səbəbi Misirin isti və quru bir iqlimə malik olmasıdır. Hal-hazırda dünyanın bir çox tanınmış muzeylərində - Parisin Luvr muzeyi, Britaniya muzeyi, Nyu-Yorkun Metropoliten muzeyi və başqalarında Fəyyum portretlərinin bəzi nümunələri nümayiş etdirilir.
Tahirə Nur
Sənətşünas




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Heydər Əliyev Sarayında “Broadway Story” tamaşasının premyerası olub
22.09.2018
Musiqili Teatr yeni mövsümü açıq elan edib
22.09.2018
Qəzəl şairlərin ən az müraciət etdiyi sahədir
22.09.2018
Şahin Növrəsli Fransada caz festivalında iştirak edəcək
22.09.2018
Bəstəkar Murad Kajlayevin müəllif gecəsi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info