“Aland adaları təcrübəsini Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür”
Tarix: 16.07.2018 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, iyulun 5-dən 13-nə kimi Almaniyanın paytaxtı Berlin şəhərində ATƏT Parlament Assambleyasının 27-ci illik sessiyası keçirilib. Tədbir zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışılıb. Sessiyada iştirak edən ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu haqda öz təəssüratlarını “Trend”ə bölüşüb. O qeyd edib ki, Azərbaycan üçün önəmli təqdimatlardan biri “Münaqişələrin həllində Aland adaları təcrübəsi” idi: “İsveç və Finlandiyanın parlament üzvlərinin təxminən 100 il bundan öncə hər iki ölkə arasında böyük bir münaqişəyə çevrilmiş Aland adaları məsələsini sülh yolu ilə necə həll etdiklərini bizə danışdılar. Bilirsiniz ki, o zaman adada referendum keçirilmiş və isveçdilli əhali 95% səslə adanın İsveçə birləşdirilməsinə səs vermişdi. Finlandiya da öz növbəsində, səsvermənin legitimliyini şübhə altına alaraq Millətlər Liqasına şikayət etmiş və Millətlər Liqasının müdaxiləsindən sonra Aland adalarına Finlandiyanın tərkibində yüksək muxtariyyət verilmiş, sonda İsveç də bunu qəbul etmişdi. Həm İsveç hökuməti və xalqının, həm də Finlandiya hökuməti və xalqının müdrikliyi və uzaqgörənliyi sayəsində münaqişə qanlı mərhələyə keçməmiş və sülh yolu həll olunmuşdu. İndiyə kimi hər iki tərəf qəbul olunmuş anlaşmaya əməl edir və məmnun görünür.
Bir sıra ümumi oxşarlıqları nəzərə alaraq, Aland adaları təcrübəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür. Bu fikri mən Ermənistan nümayəndələrinin daxil olduğu seminar iştirakçılarının diqqətinə çatdırdım və təklif etdim ki, gələn il “Laynsveyler seminarı”nı məhz bu mövzuya həsr edək. Təklif ümumən bəyənildi və əgər hər hansı bir kənar müdaxilə olmasa, bu tədbiri gələn il Laynsveylerin özündə təşkil edəcəyik”.

ATƏT PA-nın Berlin bəyannaməsində münaqişələrlə də bağlı məsələlərin həllində birgə səylərinin artırılması haqqında razılığa gəlinib

Azay Quliyev deyib ki, 27-ci sessiya ATƏT ərazisində olan bütün problem və çağırışlara kompleks və obyektiv yanaşma sərgiləyə bildi: “Yekun olaraq qəbul etdiyimiz Berlin Bəyannaməsində münaqişələr, beynəlxalq terrorizm, silahlara nəzarət, nüvəsizləşdirmə, miqrasiya, qaçqın və məcburi köçkün, insan hüquqları, milli azlıqlar və digər bu kimi problemli məsələlərin həllində qanunvericilik hakimiyyəti ilə İcra Hakimiyyətinin vahid platformadan çıxış etməsi və birgə səylərinin artırılması haqqında razılığa gəlindi. Berlin Bəyannaməsi ATƏT-in Nazirlər Şurasına baxılmaq üçün göndərildi. Ümid edirəm ki, bu ilin dekabrında Milanda bir araya gələn ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri Parlament Assambleyasının qəbul etdiyi qərar və tövsiyələrə adekvat yanaşacaq və mümkün qədər onları nəzərə alacaq”.


İşğalçı Ermənistan başa düşür ki…

Xatırladaq ki, sessiya çərçivəsində ATƏT PA Azay Quliyevin müəllifi olduğu qətnamə layihəsini müzakirə edərək yekdilliklə (Ermənistan xaric) qəbul etdi. Azay Quliyev məlumat verib ki, ötən il iyulun 8-də Minksdə “ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu”nun yaradılması haqqında irəli sürdüyüm təşəbbüs 17 ölkə tərəfindən dəstəkləndi və belə qrup təsis edildi: “Qrup yaranandan sonra növbəti əsas vəzifə onun dayaqlarını möhkəmləndirmək, qrupa Parlament Assambleyası səviyyəsində rəsmi dəstəyi təmin etmək və bu barədə ayrıca bir qətnamənin qəbul olunmasına nail olmaqdan ibarət idi. Bu kontekstdə bir məsələni ilk dəfə olaraq mətbuata açıqlamaq istərdim. Qrup yaranandan dərhal sonra Ermənistan və onun havadarları qrupun əleyhinə işlər aparmağa və onun legitimliyini zədələməyə çalışdılar, hətta ATƏT PA-nın prezidenti və baş katibinə məndən şikayət də etdilər. Onları narahat edən o idi ki, niyə qrupun əsasnaməsində yeni üzvlərin qəbulu üçün “Helsinki prinsiplərinə, xüsusilə ölkələrin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edən ölkələr üzvlüyə qəbul oluna bilər” müddəası əsas müddəa kimi əks olunub. Yəni işğalçı Ermənistan başa düşür ki, o bu müddəalara əməl etmədiyinə görə İpək Yolu Qrupuna daxil olmaq şansı sıfırdır. Ona görə də Ermənistan və onun kimi düşünən bəzi ölkələr qrupa qarşı ciddi iş aparırdılar”.

“Bu gün Azərbaycanda sabitliyin pozulması yalnız Ermənistanın marağındadır”
Gəncə hadisələrinə də toxunan Azay Quliyev vurğulayıb ki, bu gün Azərbaycanda sabitliyin pozulması və hər hansı bir qarşıdurmanın olması yalnız Ermənistanın marağındadır və onun xeyrinədir: “1988-1993-cü illərdə torpaqlarımızın işğal edilməsinin əsas səbəblərindən biri də məhz həmin dövrdə ölkədə hökm sürən anarxiya və siyasi sabitliyin olmaması idi. Biz o dövrü yaxşı xatırlayırıq və hələ də unutmamışıq. Təəssüflər olsun ki, indi də buna cəhd edən və 90-cı illərin əvvəllərində baş vermiş mənfi halların təkrarlanmasında maraqlı olan qüvvələr var. Yeri gəlmişkən, bu hadisəyə ermənilərin reaksiyası da çox düşündürücü idi. Belə ki, Gəncədə iki polis zabitinin şəhid olduğu günün sabahısı, yəni iyulun 11-də Berlində Ermənistan nümayəndə heyətinin üzvü mənə yaxınlaşaraq Gəncə hadisələri ilə maraqlandı. Elə bil bu adam bir gün öncə Azərbaycan Ordusunun gücündən və aldığı silahların Ermənistan üçün ağır nəticələr verə biləcəyindən qorxu və səksəkə ilə danışan, Azərbaycandan ATƏT-ə şikayət edən erməni nümayəndə heyətinin üzvü deyildi. Mən onun gözlərində bu terror hadisəsinin Azərbaycanda qarışıqlığın, Ermənistanda isə sanki nicat yolunun başlanğıcı olduğu ilə əlaqədar sevinc hissini gördüm. O, sevinc hissini heç gizlətmirdi və bu hadisədən çox məmnun görünürdü”.

Cəbrayıl haqqında film ingilis dilində

Yeri gəlmişkən, “Qarabağ və tarixi torpaqlarımız haqqında görüntülü məhsulların yaradılması və İKT resursları vasitəsilə dünya ictimaiyyətinə yayılmasında gənclərin rolunun artırılması – 1 mərhələ” adlı layihə çərçivəsində Azərbaycan və ingilis dilində “Cəbrayıl – virtual səyahət” 3D qrafik təsvirli filmi istehsal edilib. Layihə “Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra edilir.
Bu film vasitəsilə Azərbaycanın işğal altında olan bölgəsinin – Cəbrayıl rayonunun abidələri, küçələri, təbiəti qrafik təsvirlə işlənilib. Qrafik təsvirli film gənc nəslin Qarabağ haqqında görüntülü məlumatlanmasına kömək edəcək.
Bundan əlavə, istehsal olunmuş “İrəvan-gizlədilmiş həqiqətlər” sənədli filminin türk dilində versiyası da yaradılıb. Film vasitəsilə ermənilər tərəfindən bu torpaqların onlara məxsus olması haqqında yayılan yalan məlumatlar təkzib olunur. Sənədli filmin türk dilində istehsalının əhəmiyyəti 80 milyonluq türk auditoriyasına çıxış əldə edilməsi, İrəvan haqqında həqiqətlərinin çatdırılmasıdır.
İstehsal olunmuş hər iki film ictimaiyyətə təqdim olunacaq.
Eyni zamanda, layihə çərçivəsində “Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin rəsmi portalı - www. virtualkarabakh.az portalının materiallarından istifadə etməklə tələbə və gənclərlə görüşlər keçirilib, təqdimatlar edilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən daim yaxa qurtara bilməyəcək”
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9910

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info