“NATO sammitində qəbul olunan qərar ölkəmizin diplomatik uğurudur“
Tarix: 16.07.2018 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


NATO üzv dövlətlərinin Brüsseldə keçirilən Zirvə toplantısı Azərbaycan üçün yaddaqalan oldu. Prezident İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşdiyini göstərdi. Bununla yanaşı, Zirvə toplantısının yekununda qəbul edilən kommunikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə edildi.
Brüssel toplantısının əhəmiyyəti ilə bağlı Prezident İlham Əliyev vurğulayıb ki, bizim xarici əlaqələrimiz genişlənir: “NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir”.

“Paşinyanın siyasəti Avropa İttifaqı tərəfindən də dəstəklənmir”

Millət vəkilləri, politoloqlar da bu Zirvə görüşünün nəticələrini yüksək qiymətləndirirlər. Politoloq Fikrət Sadıqov bildirib ki, Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı həm Avropa İttifaqı, həm də NATO sammitində iştirak etməsi Azərbaycanla Aİ arasında mövcud olan ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır.
Səfər çərçivəsində dövlət başçısının mühüm görüşlər keçirdiyini deyən politoloq qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənəd ölkəmizin maraqlarına cavab verən sazişdir: “Avropa İttifaqı ilə müqavilənin bağlanması ərəfəsində belə bir sazişin imzalanması mühüm rola malikdir. Digər tərəfdən NATO sammitində Azərbaycanın ərazi bütövlüyü tanındı, qəbul olunan deklarasiyada ölkəmizin suverenliyi, bütövlüyü ilə bağlı xüsusi maddə əlavə olundu. Bütün bunlar Azərbaycan üçün mühüm olmaqla yanaşı, ölkəmizin həm siyasi, həm də diplomatik uğurlarıdır”. Brüssel səfərinin Azərbaycandan fərqli olaraq Ermənistan üçün gözlənilən olmadığını vurğulayan F. Sadıqov bildirib ki, buna səbəb düşmən ölkənin baş naziri Nikol Paşinyanın anlaşılmayan siyasət yürütməsidir: “Azərbaycan konkret olaraq NATO ilə Aİ ilə əməkdaşlıq edir və eyni zamanda NATO-da daxil olmaq haqqında planlarımızın olmadığını açıq şəkildə bildirir. Amma Paşinyan nə etdiyini bilmir. Xatırladım ki, Paşinyan hələ hakimiyyətə gəlməmişdən öncə meydanlarda Qərbə üz tutacağını, Rusiyadan imtina edəcəyini bildirirdi. Sonradan o Soçidə Rusiya prezidenti ilə görüşdü və bundan sonra yenə də Avropa, Qərblə münasibətlərinin yaxınlaşdıracağını bildirdi. Paşinyanın Brüssel səfərindən məyus şəkildə qayıtması bir daha göstərdi ki, onun yürütdüyü siyasət Avropa İttifaqı tərəfindən də dəstəklənmir. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı. Ermənistan faktiki olaraq zəif obrazını bir daha göstərmiş oldu”. Politoloq qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda çox gücü və önəmli oyunçuya çevrilib.

Məlahət İbrahimqızı: “Prezidentin uğurlu Brüssel səfəri ölkəmizə qarşı qara piar həyata keçirən qurumlara cavabdır”

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə Brüsselə etdiyi səfər olduqca uğurlu hadisələrlə yadda qaldı: “Azərbaycanın bütün sahələrdə ildən-ilə böyük uğurlara imza atdığı bir dövrdə bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqeləri fonunda Brüsseldə Avropa İttifaqı və NATO kimi nüfuzlu təşkilatlarla əməkdaşlığımızın daha da gücləndirilməsi ölkəmizə qara piar həyata keçirən qurumlara cavabdır. Təbii ki, bu tipli təşkilatların ölkəmizə qərəzli yanaşmaları hər bir Azərbaycan vətəndaşını narahat edir və bu, ictimaiyyətdə təəssüf hissi yaradır. Biz bunu hər zaman riyakar, ikili standartlara yanaşma kimi qiymətləndiririk. Bu səfər zamanı Prezident İlham Əliyevin istər Avropa İttifaqında, istər NATO-da keçirdiyi görüşlər qərəzli qüvvələrə ən layiqli cavab oldu. Həqiqətən də bu səfər zamanı Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə, imzalanan sənədlərdə çox vacib və xarici siyasətimiz üçün önəmli olan prioritetlər öz əksini tapdı”. Deputat qeyd edib ki, əldə olunan uğurlardan biri də torpaqlarımızın 20 faizini işğal edən Ermənistana qarşı münasibət, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıq mövqelərdir: “Bu gün Azərbaycan ictimaiyyəti əldə edilən uğurları çox yaxşı bilir, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri cərgəsindədir. Amma bütün bunlara baxmayaraq, hər birimizi daha çox düşündürən, ümummilli marağımız olan Dağlıq Qarabağ məsələsi ilə bağlı narahatlığımızdır. Beynəlxalq təşkilatların riyakar, qərəzli, ikili standartlara əsaslanan yanaşmasını Azərbaycan ictimaiyyəti qəbul edə bilməz. Prezident İlham Əliyevin keçirdiyi yüksək səviyyəli görüşlərdə və imzalanan sənədlərdə bizi narahat edən bütün suallar cavabını tapdı. Bu da Azərbaycan ictimaiyyətində Prezidentimizin xarici siyasətinə olan inamı bir daha artırdı”.

Millət vəkili bildirib ki, Brüsseldə Prezidentin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü zamanı Azərbaycan ictimaiyyətini narahat edən bütün suallara ölkəmizin haqlı mövqeyinə uyğun cavablar verildi. Narahatlıq doğuran məqamlar Azərbaycan həqiqətlərinə uyğun olaraq imzalanmış sənəddə öz əksini tapdı: “Avropa İttifaqı Şurası ilə Azərbaycan arasında imzalanan sənəd hər iki tərəf üçün çox əhəmiyyətlidir. Azərbaycanın bütün sahələrdə marağına uyğun sənəd qəbul olundu. Donald Tusk çıxışında görüşün məhsuldar olduğunu və belə görüşlərin yalnız dostlar arasında keçdiyini söyləməsi Azərbaycana verilən dəyərin göstəricisidir. Donald Tusk Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlığı yüksək qiymətləndirdi. Onun bu tərəfdaşlığı belə qiymətləndirməsi Azərbaycanın Avropa və dünya üçün əhəmiyyətindən xəbər verir. Bu da Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticəsidir”.
Deputat qeyd edib ki, ötən illər ərzində Azərbaycan Avropa İttifaqının müxtəlif strukturları, quruma daxil olan ölkələr ilə çox sıx əməkdaşlıq edib: “Bu günədək Azərbaycan Avropa İttifaqına üzv olan bir çox ölkələrlə strateji tərəfdaşlıqla bağlı müxtəlif sənədlər imzalayıb və ya qəbul edib. Bunun özü Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı siyasi, iqtisadi, təhlükəsizlik, enerji sahələrini əhatə edir. Bu illər ərzində böyük əhəmiyyətə malik bir çox layihələr həyata keçirilib. Son illərdə, xüsusilə nəqliyyat sahəsində əməkdaşlığın inkişafını qeyd etmək olar. Ən vacib məsələlərdən biri də Avropa İttifaqı rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi idi ki, buna nail olundu”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcəyik”
20.08.2018
“Xəzərin statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir”
19.08.2018
Qonşu ölkələrlə əlaqələrimiz qardaşlıq və mehriban qonşuluq prinsipinə söykənir
19.08.2018
Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər
18.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya regionun bütün ölkələrinin maraqlarına uyğundur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9910

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info