Sercio Mattarella: “İtaliya Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir”
Tarix: 18.07.2018 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Azərbaycana rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təkbətək görüş başa çatandan sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Sənədlər imzalanıb

Geniş tərkibdə görüş başa çatandan sonra sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında, “Azərbaycan Dəmir Yolları” QSC ilə İtaliya Dövlət Dəmir Yolları arasında anlaşma memorandumları, Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında baytarlıq təbabəti üzrə Texniki Anlaşma və Təhsil Nazirliyi ilə İtaliya Respublikasının Təhsil, Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə imzalanıb.

“Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq”


Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident bəyanatında qeyd edib ki, bu səfər İtaliya Prezidentinin Azərbaycana ilk səfəridir: “Bu səfər tarixi bir səfərdir. İlk dəfədir ki, İtaliya Prezidenti Azərbaycana səfər edir. Mənim dəvətimi qəbul etdiyiniz üçün Sizə minnətdaram. Əminəm ki, səfər çox uğurlu keçəcək və İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Bizim əlaqələrimiz çoxşaxəlidir, bir çox sahələri əhatə edir. Bu gün apardığımız danışıqlarda, keçirdiyimiz görüşlərdə bir çox məsələlər müzakirə edildi. Regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz – bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür. İtaliya hazırda ATƏT-in sədridir. Biz ümid edirik və əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaqdır. Mən cənab Prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilmişdir. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir”.

“Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir”

Prezident deyib ki, bir həftə bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlığın prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına bir daha Avropa İttifaqı tərəfindən dəstək göstərilib. Bir gün ondan sonra NATO Zirvə görüşünün nəticəsində qəbul edilmiş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi dəstəklənib. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri müzakirə etdiklərini deyib: “İtaliyanın bu məsələlərlə bağlı çox müsbət rolu və mövqeyi var. Ümid edirəm ki, yaxın gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş imzalanacaq”. İkitərəfli əlaqələrə toxunan Prezident qeyd edib ki, biz strateji tərəfdaşıq, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir: “İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda “Cənubi Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olmuşdur. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olmuşdur. Yəni, bu istiqamətdə işlər uğurla gedir və bu, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır. İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu gün açılacaq polipropilen zavodunun inşasında İtaliya şirkəti fəal iştirak edib. Azərbaycanda bir çox İtaliya şirkətləri fəaliyyət göstərir. Biz bu gün bu məsələ ilə bağlı da danışdıq və mən Prezident Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır, biz onların səviyyəsini bilirik, onlar çox yüksək texnologiyaya malik olan şirkətlərdir”. Prezident Sercio Mattarella ilə mədəniyyət, təhsil sahələrindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıqlarını və gündəlikdə olan məsələlərlə bağlı heç bir fikir ayrılığının olmadığını deyib: “Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır”.

“İtaliya qlobal səviyyədə Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir”

İtaliya Prezidenti Sercio Mattarella bəyanatında deyib ki, bizim münasibətlərimiz ölkələrimiz arasında mükəmməl səviyyədə olan ikitərəfli əməkdaşlığımızın nəticəsidir: “İtaliya da Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir və xüsusilə də bu regionda əsas tərəfdaşı hesab edir. İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir. İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır. Radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir. Biz söhbətlərimiz zamanı eləcə də terrorizmə və qeyri-qanuni ticarət yollarına qarşı mübarizəyə dair də fikir mübadiləsi apardıq və eyni fikirdəyik. Bizim strateji və kommersiya sahəsində olan əməkdaşlığımız barədə də geniş fikir mübadiləsi apardıq. Bizim enerji sahəsi üzrə mükəmməl əməkdaşlığımızdan əlavə digər sahələr üzrə də əməkdaşlığımızın mümkünlüyündən və onların önəmindən danışdıq. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətindən danışdıq. Cənub Qaz Dəhlizində İtaliya tərəfinin və Azərbaycan tərəfinin səylərini qiymətləndirir və ümumi maraqlarda olan bu məsələlərin həll yolunu tapması üçün hər iki tərəfin çalışacağını bildiririk. Çünki Cənub Qaz Dəhlizi və eləcə də Xəzər dənizi regionu, Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir. İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bunu alqışlayır. Biz ümid edirik ki, bu sahə üzrə və dostluq münasibətləri çərçivəsində İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər. Bundan əlavə, biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər”. İtaliya Prezidenti deyib ki, Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində də əməkdaşlıq mövcuddur: “Biz fikirləşirik ki, elmin və texnologiyanın hesabına hər iki dövlət arasında mədəniyyət sahəsində olan əməkdaşlığı inkişaf etdirə bilərik”. Milanda keçirilən “Ekspo” sərgisi zamanı Azərbaycan pavilyonunu bir daha xatırladan Prezident deyib ki, Azərbaycan pavilyonu öz möhtəşəmliyi ilə bütün ölkələrin diqqətini cəlb edib: “Bu xüsusda Heydər Əliyev Fonduna və onun prezidentinə həm bu pavilyonunun hazırlanmasına, həm də Romada restavrasiya işlərinin görülməsinə və digər tədbirlərin keçirilməsinə görə öz təşəkkürümü bildirirəm”.

“İtaliya Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək”

Sercio Mattarella deyib ki, İtaliya tərəfi ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır: “İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək. Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bir daha əlavə etmək istərdim ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. Hesab edirik ki, bizim ümumi marağımızda olan prioritet məsələlərin daha da inkişaf etdirilməsi Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində İtaliya-Azərbaycan münasibətlərinə öz töhfəsini verəcək”. Sercio Mattarella bildirib ki, Azərbaycan ilə İtaliya arasında mədəniyyət, iqtisadiyyat və siyasi sahələrdə əməkdaşlıq, eləcə də dostluq münasibətləri mövcuddur: “İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq”.





 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Qusarda yol tikintisinə vəsait ayrılıb
21.08.2018
Dünyada ilk dəfə ən davamlı material hazırlanıb
21.08.2018
Gömrükdən gödəkçəsində siqaret keçirmək istədi
21.08.2018
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək
21.08.2018
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9921

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 “Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
5 Lerikdə 28 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə vəsait ayrılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info