“Hər iki universitet öz ölkəsində ən yaxşısıdır”
Tarix: 19.07.2018 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Oksford və London Kollec universitetlərinin məzunu olan və BANM-də dərs deyən gənc müəllim Eldar Babayevlə müsahibəni təqdim edirik:

- Özünüz haqqında qısa məlumat verin.

- Mən Ukraynanın Kiyev şəhərində anadan olmuşam. Orta təhsilimi Bakı şəhərində almışam. Orta təhsili bitirdikdən sonra Bakı Dövlət Universitetinə Kompüter Elmləri ixtisası üzrə qəbul olmuşam. Daha sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kollec Universitetində Riyaziyyat ixtisası üzrə bakalavr təhsili və Oxford Universitetində Kompüter Elmləri ixtisası üzrə magistr təhsili almışam. Magistr təhsilimi bitirdikdən sonra London şəhərində, startapda, kompüter mühəndisi kimi işləmişəm. Sonra vətənə dönüb, Azərbaycanda müxtəlif startap layihələri üzrə çalışmışam. Hal-hazırda BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasında müəllim vəzifəsində çalışıram.
- Sizcə, mühəndis olmaq, yoxsa müəllim olmaq daha çətindir?
- Hər iki işin öz çətinlikləri var. Mən əvvəllər kompüter mühəndisi kimi çalışdığım üçün ancaq bu sahə haqqında danışa bilərəm. Kompüter mühəndisinin işinin əsas çətinliyi yeni həllər icad etmək və yaratdığı sistemin dayanıqlı çalışmasını təmin etməkdir. Bu o deməkdir ki, mühəndis araşdırma bacarıqlarına malik olmalıdır və daimi olaraq öz işində nöqsanlar axtarmalıdır. Mühəndis həm də mühəndis olmayan iş yoldaşlarına işlədiyi sistemi anlaşılan dildə izah etməyi bacarmalıdır.
Müəllim olmaq üçün isə əsas liderlik xüsusiyyətlərinə sahib olmalısan, insanlarla ünsiyyətdə olmaq və mürəkkəb mövzuları izah etmək bacarığın olmalıdır. Daimi olaraq auditoriyanı nəzarətdə saxlamalısan.
- Hazırda BANM-də hansı fənni tədris edirsiniz?
- Hazırda İnformasiya Kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi fənni üzrə dərs deyirəm.
- İngiltərədə bir müddət işlədikdən sonra vətənə dönüb BANM-də işə başladınız. Geri qayıtmağınıza səbəb nə oldu?
- Bu seçim mənim üçün çətin idi, çünki həm İngiltərədən, həm də Azərbaycandan aldığım bir çox iş təkliflərini dəyərləndirirdim. Əvvəl işlədiyim startapdan Amerikanın Silikon Vadisində işləmək təklifi almışdım. Lakin düşündüm ki, vətənimə dönüb burada məhsuldar həyat yaşamalıyam və qazandığım biliklərimi paylaşmalıyam. Daha sonra, BANM-in rektoru Elmar Qasımov məni ali məktəbə dəvət etdi, mən də bu dəvəti dəyərləndirərək BANM-də işləməyi qərara aldım. Fikirləşdim ki, müəllim kimi cəmiyyətə, xalqıma daha faydalı ola bilərəm. Öz seçimimdə yanılmadığımı düşünürəm.
- BANM sizi nə ilə cəlb etdi?
- Yeni yaranmasına baxmayaraq, Azərbaycanda qısa müddət ərzində nüfuz qazanan universitet olduğu üçün və universitet rəhbərliyinin mənə müəllim kimi məsuliyyətli işi etibar etdiyi üçün BANM-i şeçməyi qərara aldım. BANM-də yaradılan şərait Azərbaycanın digər universitetlərində və eləcə də bir çox iş yerlərində yaradılan şəraitdən daha üstündür.
- BANM-in tələbələri ilə çalışmaq gənc müəllim üçün çətindirmi?
- BANM-in tələbələri dərslərdə çox aktivdirlər və buna görə onlarla işləmək çətin deyil. Sadəcə olaraq tələbələri sual verməyə və aktiv olmağa stimullaşdırmaq lazımdır. Bu, dərslərin daha maraqlı və interaktiv keçməsinə şərait yaradır.
- BANM-in tələbələrinin bilik səviyyəsini necə qiymətləndirirsiniz?
- Nəzərə alsaq ki, BANM-in tələbələri respublikada ən yüksək nəticə göstərən tələbələrdir, onların sonrakı mərhələlərdəki bilikləri də getdikcə yüksəlir. Beş ilin sonunda onlar ali məktəbi ingilis dilli, bilikli, bacarıqlı və hətta təcrübəli gənc mühəndis kimi bitirirlər.
- İngiltərə tədris sistemindən Azərbaycandakı tədris sisteminə hansı yeniliklərin tətbiq edilməsini istərdiniz?
- İngiltərədə “A-level” adlanan tədris sistemi var. Tələbə ixtisas üçün lazım olan hazırlıq fənlərini orta təhsilin son iki ilində oxuyur və həmin fənlərdən imtahan verib universitetə daxil olur. Məsələn, kompüter elmləri ixtisasında oxumaq arzusunda olan məktəb şagirdi məktəbdə proqramlaşdırma fənnini oxumalıdır və həmin fəndən imtahan verməlidir. Beləliklə, şagird universitetə daxil olanda artıq ixtisas fənlərinə hazır olur. Düşünürəm ki, Azərbaycanda bu sistem tətbiq olunsa, həm tələbələrin, həm də universitet müəllimlərinin işi asanlaşacaq.
- Oksfordda məzun olub BANM-də çalışırsınız. İki universitet arasında hansı oxşar xüsusiyyətləri sadalaya bilərsiniz?
- Öz təcrübəmdən deyə bilərəm ki, Oksfordda və BANM-də müəllim ilə tələbə digər universitetlərə nisbətən daha çox ünsiyyətdə olurlar. Hər iki universitetdə tədrisdən kənar çoxlu tədbirlər olur. Digər oxşar xüsusiyyətlər isə hər iki universitetin öz ölkəsində ən yaxşı universitetlər sırasında olması və universiteti bitirmiş tələbələrin ölkələrində və ölkə kənarında yüksək məvacibli iş tapmaq imkanlarına sahib olmalarıdır.
- Tələbələrinizə dərsdən başqa, uğur qazanmaq üçün hansı fərdi məsləhətləri verirsiniz?
- Hər zaman özlərini inkişaf etdirsinlər və özləri təşəbbüskar olsunlar. Məsuliyyətli işə girişməkdən çəkinməsinlər. Tələbəyə deyirəm ki, əgər iş böyük görünür və səni qorxudursa, işi hissələrə bölməlisən və kiçik addımlarla başlayıb hər gün işə sərf etdiyin vaxtını artırmalısan. Tədricən qorxu azalacaq və özünə inamın artacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Rza Xəlilov: “Folklorşünaslarımızın fəaliyyət sahələrindən biri də şifahi xalq yaradıcılığımızın təbliği idi”
18.10.2018
Şəkər xəstələri üçün milli brendli dərman istehsal olunub
18.10.2018
Fransa prezidentinin tərcüməçisi: “Azərbaycanda yaşadığım tələbəlik illərini Fransada yaşaya bilmədim”
17.10.2018
Şairə Əfşan Yusifqızı: “Kimisə daşqalaq etmək olmaz ki, plagiat və ya təkrarçılıq edir”
16.10.2018
Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10280

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info