İordaniya Şahzadəsi: “Cocuq Mərcanlı kəndinə gəlməyimdən çox məmnunam”
Tarix: 19.07.2018 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


"Azərbaycan tərəfindən fərqli olaraq, Ermənistan tərəfində səmərəli danışıqlar aparmaq arzusu görmürəm"

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20 illik yubileyi tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının Şahzadəsi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mirad bin Raad əl-Hüseyn ötən gün Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub.
İordaniya Şahzadəsini ANAMA-nın, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin rəhbərlikləri müşayiət edib. Qonağa ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi, Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin Aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
Məlumat verilib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı müvafiq sərəncamlarına uyğun olaraq, 3520108 kvadratmetr (352 hektar) ərazi təmizlənib və 253 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Əhalinin kənd təsərrüfatı ilə təhlükəsiz məşğul olması üçün kəndin ətrafındakı əkin sahələrində də mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatı aparılıb.
Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna dönüb. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün əkin sahələri suvarma suyu ilə təmin olunub. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 fərdi yaşayış evinin, uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi də başa çatdırılıb və Cocuq Mərcanlı kəndindən olan digər məcburi köçkünlərin qəsəbəyə köçürülməsinə başlanılıb.
Kənd sakinləri ilə görüşən İordaniya Şahzadəsi Azərbaycana ikinci dəfə səfər etdiyini deyib, Cocuq Mərcanlıda gedən inkişafdan məmnunluğunu ifadə edərək, onlara doğma kəndlərində xoş və firavana həyat arzulayıb.
Qonaqlar sonra kənddəki orta məktəb və Şuşa məscidinin bənzəri olan məscidlə tanış olublar. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri, tarixi və dini abidələr yandırılıb, məhv edilib. Şuşa məscidinin eynisinin Cocuq Mərcanlıda inşa edilməsi isə rəmzi məna daşıyır.
İordaniya Şahzadəsi və digər qonaqlar 24 il Cocuq Mərcanlıda atəş altında yaşayan Oqtay Həziyevin evinə də baş çəkib, ailə üzvləri ilə söhbət ediblər.
İordaniya Şahzadəsi Mirad bin Raad əl-Hüseyn jurnalistlərə müsahibəsində deyib: “Mən kiçik, ancaq gözəl olan Cocuq Mərcanlı kəndinə gəlməyimdən çox məmnunam. Burada gördüyüm infrastruktur, sakinlər üçün yaradılmış şərait çox gözəldir. Kəndin bu şəkildə qurulması dövlətin nailiyyətidir”.
ANAMA-nın direktoru Qəzənfər Əhmədov bildirib: “İordaniya Şahzadəsi Mirad bin Raad əl-Hüseyn iyulun 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20 illik yubiley tədbirində iştirak edib. Onun Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etməsində məqsəd kənddə aparılan minadan təmizləmə və tikinti işləri ilə tanış olmaqdır. Burada görülən işlər bir daha sübut edir ki, hazırda işğal altında olan torpaqlarımız azad olunandan sonra bütün ərazilər mina və partlamamış sursatlardan təmizlənəcək və məcburi köçkünlərə öz yurdlarına qayıtmaq üçün lazımi şərait yaradılacaq”.

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışır”
Yeri gəlmişkən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov deyib ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışır: “Azərbaycan torpaqları erməni işğalından azad edildikdən sonra ANAMA-nın üzərinə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmalarının təmin olunması kimi önəmli vəzifə düşəcək. 20 il müddətində ANAMA qarşıya qoyulan tapşırıqları yerinə yetirib və sıralarına peşəkar kadrlar cəlb edib, maddi-texniki bazasını müasir standartlar səviyyəsinə yüksəldib”.
Prezidentin köməkçisi onu da vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qısa müddət ərzində 3,5 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib.

“Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səmərəli danışıqlar aparmaq niyyəti yoxdur”

Rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov “Azernews”a açıqlamasında deyib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səmərəli danışıqlar aparmaq niyyəti yoxdur.
O bildirib ki, münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin intensivləşməsi üçün ilk növbədə münaqişə tərəflərinin özlərinin danışıqlara hazır olması lazımdır: "Hazırda mən Azərbaycan tərəfindən fərqli olaraq, Ermənistan tərəfində səmərəli danışıqlar aparmaq arzusu görmürəm".
Ekspert vurğulayıb ki, problemin həlli üzrə danışıqlar prosesinə zəmanət verən ölkələri dəyişmək zəruridir: "Üçüncü ölkələrin qoşulması sülhün əldə olunması baxımından hər zaman müsbət məqam hesab olunur. Lakin, fikrimcə, indiki vəziyyətdə danışıqlar prosesinə zəmanət verən ölkələri dəyişmək, formatı dəyişdirmək, yəni indiki halda səmərəsiz ölkələr kimi ABŞ və Fransanı kənarlaşdırmaq lazımdır. Regionda sülhə real zəmanətçi Rusiya, Türkiyə və İrandır. Məhz bu ölkələr Bakı və Yerevan arasında diplomatik konsensusun tapılmasına kömək etməlidir".
Y.Mixaylov, həmçinin Ermənistanın cari siyasəti ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, Ermənistanın siyasəti Moskva ilə əsrlik münasibətlərin pozulmasına istiqamətlənib ki, bu da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına, ümumilikdə regional təhlükəsizliyə təsir edə bilər:
"Yerevan tam olaraq Qərbə yönələcəyi halda, Moskva təhlükəsizlik planında Ermənistanın maraqlarını təmin edə bilməyəcək. Əgər Ermənistan, hətta Rusiya hərbi bazalarının çıxarılmasına təkid etsə, o zaman Moskva böyük ehtimalla mühüm siyasi qərarlar qəbul edəcək. Mən Cənubi Qafqaz üzrə siyasətdə koordinatların tam dəyişdirilməsini nəzərdə tuturam ".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən daim yaxa qurtara bilməyəcək”
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9910

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info