İtaliya Prezidenti: “Azərbaycan İtaliyanın tərəfdaşlığına güvənə bilər”
Tarix: 20.07.2018 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella biznes forumda iştirak ediblər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar. Biznes forumda Azərbaycan və İtaliya tərəfindən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, dizayn və memarlıq, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, logistika, mühəndislik, sənaye sahələrində fəaliyyət göstərən 350-dək iş adamı iştirak edib. Dövlət başçıları biznes forumda çıxış ediblər. Azərbaycan Prezidenti çıxışında qeyd edib ki, İtaliya Prezidentinin səfəri əlaqələrin inkişafına çox güclü təkan verir. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident qeyd edib ki, Azərbaycanın sənaye və iqtisadi inkişafı ilə bağlı planlar kifayət qədər çoxdur: “Azərbaycanda çox sürətlə sənayeləşmə prosesi gedir. Əlbəttə ki, bizə çox gözəl, etibarlı, sınanmış tərəfdaşlar lazımdır. İtaliya şirkətləri bu tərəfdaşlardandır”.

“Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub”
Prezident deyib ki, iqtisadi sahədəki gələcək əməkdaşlıq bir neçə istiqamət üzrə getməlidir: “Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik, həm prezidentlər səviyyəsində, həm hökumət qurumları səviyyəsində. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur. İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər. Hazırda biz bunu görürük. İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında belə əməkdaşlıq var. Ancaq hesab etmirəm ki, bu, lazımi səviyyədədir. Biz bu səviyyəni qaldırmalıyıq və hesab edirəm ki, biznes dairələri bu barədə bu gün danışacaqlar. Ona görə, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət hesab edirəm ki, növbəti illər üçün əsas istiqamətlər olmalıdır”. Prezident deyib Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur: “Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək”.

“Yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq”
Prezident deyib ki, son illərdə çox böyük infrastruktur layihələri icra edilib və inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir: “Bildiyiniz kimi, biz böyük enerji layihələrini uğurla icra etmişik. Biz dənizləri birləşdiririk. Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirdik. Ondan sonra Xəzər dənizini Aralıq dənizi ilə neft kəməri ilə birləşdirdik. Bunlar tarixi layihələrdir. Biz Avrasiyanın enerji xəritəsini demək olar ki, yenidən tərtib etmişik və buna davam edirik. Hazırda isə biz “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edirik”. Dövlət başçısı deyib ki, bu ilin may ayında Bakı şəhərində Cənub Qaz Dəhlizinin, iyun ayında isə Türkiyədə TANAP layihəsinin rəsmi açılışları olub: “Maliyyə tutumu 40 milyard dollardan çox olan bu nəhəng layihə bir neçə ölkəni, bir çox şirkətləri birləşdirir. Bu layihə başa çatmaq üzrədir və dörd layihənin üçü müvəffəqiyyətlə başa çatdırılıb. Beləliklə, yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaqdır”. Digər vacib istiqamət kimi nəqliyyat sahəsini deyən Prezident bildirib ki, Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yol Azərbaycan ərazisindən açılıb”. Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısı olduğunu deyən Prezident bildirib ki, bütün bu infrastruktur imkan verir ki, Azərbaycana bundan sonra da böyük həcmdə sərmayə qoyulsun.

“İtaliya Azərbaycanın inkişafına töhfə verməyə hazırdır”
İtaliya Prezidenti Sercio Mattarella çıxışında deyib ki, ölkələrimiz arasında nəinki dostluq əlaqələri, eləcə də ikitərəfli əməkdaşlıq baxımından çox yüksək səviyyədə inkişaf var: “Bu günlərdə Prezident İlham Əliyevlə keçirdiyimiz görüşlər zamanı ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin müsbət və daimi inkişafının şahidi olduq. İkitərəfli münasibətlərimizin əsas hissəsini iqtisadi əlaqələr təşkil edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ötən 25 ildə sosial, iqtisadi baxımdan qeyri-adi bir inkişaf dövrü yaşayıb. Bundan başqa, mən Bakı şəhərinin memarlıq baxımından inkişafından, müasir və qədim tikililərin gözəlliyindən təsirləndim. Bizim hazırda olduğumuz və Prezident Heydər Əliyevin adını daşıyan bu möhtəşəm bina buna bariz nümunədir. Bu əhəmiyyətli inkişaf prosesi İtaliyada da çox böyük marağa səbəb olub. Təkcə İtaliya deyil, bütün dünyada marağa səbəb olub”. İtaliya Prezidenti deyib ki, son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur: “Dünən Prezident İlham Əliyevlə birlikdə Sumqayıtda polipropilen zavodunun açılışında iştirak etdik. Bu zavodun inşası “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polimer”in layihəsi əsasında həyata keçirilib. Bu zavod Azərbaycana neft-kimya sənayesini inkişaf etdirməyə və öz ixrac potensialını artırmağa imkan yaradacaq. Bu, Azərbaycan hökumətinin yeni iş yerlərinin və yeni istehsal sahələrinin açılması kimi prioritet hesab etdiyi məsələlər üzrə çox vacib bir məqsəddir. İtaliyanın töhfəsi enerji sahəsindən başqa, digər sahələrdə də ola bilər. Belə ki, İtaliya ətraf mühitin qorunması, yenidən dəyərləndirilməsi, kənd təsərrüfatının inkişafı və emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə Azərbaycanın inkişafına töhfə verməyə hazırdır”. Sercio Mattarella deyib ki, bu forumda italyan şirkətlərinin geniş tərkibdə iştirakı bizim ölkədə kifayət qədər tanınan kiçik və orta tipli müəssislərə də diqqət ayıraraq əlaqələrimizi daha da strukturlaşdırmaq və genişləndirmək üçün iqtisadiyyatın bütün sahələrində əməkdaşlığımızın inkişafına nə qədər önəm verdiyimizin ən bariz sübutudur. O, qeyd edib ki, iqtisadiyyatın inkişafının bərpa dövründə Azərbaycan inkişaf proqramları və iqtisadiyyatın şaxələndirilməsində İtaliyanın tərəfdaşlığına güvənə bilər”. İtaliya Prezidenti qeyd edib ki, Azərbaycanın mövqeyi strateji baxımdan çox önəmlidir: “Belə ki, ölkəniz bundan uzunmüddətli şəkildə istifadə etməlidir. Məhz dünən bizim Dövlət Dəmir Yolları ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında mövcud olan marşrutların istifadəsi, dəmir yolu vasitələrinin, vaqonlarının tikintisi, yeni marşrutların inkişaf etdirilməsi üçün əməkdaşlıq memorandumu imzalandı. Bizim müəssisələr liman və infrastrukturlar üçün informasiya sahəsində uğurla fəaliyyət göstərir. Azərbaycan da Xəzər dənizi regionunda nəqliyyat idarəetməsinin mərkəzini təşkil edir. Bu təşəbbüslərlə italyan mühəndisliyini, avtomobil yollarını, limanlarını, ümumilikdə infrastruktur sahəsini əks etdirən geniş bir işin əsasını qoyduq”. Sercio Mattarella vurğulayıb ki, strateji baxımdan regionda önəmli rola malik olan Azərbaycan Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi üçlüyünün iqtisadi potensialının inkişafında yeni bir səhifənin baş qəhrəmanı ola bilər. İtaliya Prezidentinin rəsmi səfəri başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Ermənistan atəşkəs rejimini 29 dəfə pozub
22.10.2018
İmişlidə “ASAN Həyat” kompleksinin açılışı olub
22.10.2018
Bakıda “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək
22.10.2018
“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
22.10.2018
İmişlidə Bayraq Muzeyi istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10306

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info