KİVDF və Mədəniyyət Nazirliyi jurnalistləri mükafatlandırdı
Tarix: 26.07.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Əbülfəs Qarayev: “On ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib”

Ötən gün Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə gerçəkləşdi. Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, eləcə də kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirdi. Mərasimi Əbülfəs Qarayev açaraq ölkəmizdə milli mətbuatımızın 143 illik yubileyinin geniş tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan mətbuatı xalqımızın milli şüurunun oyanmasında, milli birliyin, mədəniyyətin və maarifçilik ideyalarının inkişafında müstəsna rol oynayıb. Qeyd olundu ki, əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin rəhbərliyi ilə “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatı bütün dövrlərdə xalqımızın problemlərinə işıq tutaraq təhsilin, mədəniyyətin yüksəlişi yolunda fəaliyyət göstərib: “Cəmiyyətimizdə mədəniyyətin, təhsilin inkişafında mətbuatın, televiziyanın rolu misilsizdir. Azərbaycan mətbuatı xalqın maarifləndirilməsi, mədəni tərəqqisi ilə yanaşı, milli mənəvi dəyərlərimizin qorunmasına, yaşadılmasına da böyük töhfələr verib. Bu gün də mənəvi dəyərlərimiz, milli irsimiz medianın diqqət mərkəzindədir. Eyni zamanda ölkəmizin təbliğ olunmasında, ölkəmizlə bağlı məlumatların beynəlxalq aləmə çatdırılmasında medianın əvəzsiz yeri var. Mətbuat xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, müasir müstəqil ölkəmizin son illərdə əldə etdiyi uğurları daha geniş coğrafiyada təbliğ və təşviq etməlidir. Həmrəyliyimizin, tolerantlığımızın daha möhkəm olmasına, gənclərin milli ruhda böyüməsinə xüsusi diqqət yetirməliyik”. Əbülfəs Qarayev nazirliyin daxilində aparılan struktur islahatları haqqında media nümayəndələrinə məlumat verdi. Bildirdi ki, həyata keçirilən islahatlardan sonra Bakıda, eyni zamanda regionlarda mədəniyyətin, mədəni xidmətlərin daha da inkişafı diqqətdə saxlanılacaq. Yerlərdə mədəniyyət müəssisələrinin müasir formatda çalışmaları üçün fəaliyyət daha da gücləndiriləcək. Bu sahənin inkişafına kütləvi informasiya vasitələri də yaxında iştirak etməlidir. Onlar öz yazıları, araşdırmaları ilə işimizə töhfələrini verə bilərlər. Mətbuatın müasir inkişafından bəhs edən nazir bildirdi ki, Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Mətbuatımızın inkişafında xidmətləri olan insanların yubileyləri keçirilir, kitabları nəşr olunur. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Əbülfəs Qarayev Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam imzaladığını xatırladaraq bildirdi ki, yubiley çərçivəsində müxtəlif tədbirlər keçirilir, kino günündə geniş tədbirlərlə qeyd olunacaq. O vurğuladı ki, “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” adlı müsabiqənin də keçirilməsi bu əlamətdar hadisəyə həsr olunub: “Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün bizim gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 iştirak edərək 49 mükafat qazanıb”. Nazir mətbuatın mədəniyyət sahəsinə göstərdiyi diqqətə görə tədbirdə iştirak edən bütün jurnalistlərə təşəkkürünü bildirdi, onları peşə bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, media mənsubları hər zaman milli mənəvi dəyərləri qorumağa, haqq işimizin təbliği naminə birlikdə mübarizə aparmağa səsləməlidir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurum tərəfindən həyata keçirilən layihələrdən söz açdı. Bildirdi ki, Fondun hər il elan etdiyi müsabiqələrin istiqamətləri arasında tarixi-mədəni irs, azərbaycançılıq, mənəvi dəyərlər xüsusi yer tutur və bu mövzular mətbuatda geniş işıqlandırılır. Vüqar Səfərli müsabiqə haqqında məlumat verərək bildirdi ki, ümumilikdə müsabiqəyə 31 mətbu orqanından 44 yazı təqdim olunub. Birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçünsə 3 və həvəsləndirici mükafat üçün 6 qalibin mükafatlandırılması nəzərdə tutulub. Münsiflər heyətinin yekdil rəyinə əsasən müsabiqənin qalibləri təsdiq edilib. Belə ki, qaliblərə müvafiq olaraq 1000 manat (I yer), 800 manat (II yer) 600 manat (III yer) və 300 manat (həvəsləndirici) pul mükafatı təqdim ediləcək. 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdilər. “Əkinçi”dən başlayan Azərbaycan mətbuatının öz ənənələrini davam etdirərək xalqımızın mədəniyyətinin, adət-ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub və bu gün də bu missiya davam etdirdiyini vurğuladılar. Daha sonra müsabiqənin qalibləri mükafatlandırıldı. I yerə “Kaspi” qəzetinin müxbiri Xəyalə Məmmədova, II yerə “”mövqe.az” saytının müxbiri Zülfiyyə Quliyeva, “Xalq Cəbhəsi” qəzetinin müxbiri Əli İbrahimov, III yerə isə “525-ci” qəzetin müxbiri Şəhanə Mahmudzadə, “APA” İnformasiya Agentliyinin müxbiri Cavid Zeynallı və “İki sahil” qəzetinin məsul katibi Nüsrət Məmmədov layiq görüldü. 6 nəfərə isə həvəsləndirici mükafat təqdim olundu. Qeyd edək ki, mükafatlandırılanlar arasında “Palitra” qəzetinin əməkdaşı da oldu.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Məktəb psixoloqları üçün seminar keçirilib
15.11.2019
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
15.11.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Cəlilabadda vətəndaşları qəbul edib
15.11.2019
Bakının Türkan qəsəbəsində sakinlərin problemləri dinlənilib
15.11.2019
“Bakcell” Azərbaycanda ən sürətli mobil internet təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info