“Aşıq ədəbiyyatı daha mükəmməl öyrənilməlidir”
Tarix: 31.07.2018 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Akademik Muxtar İmanov: “Azərbaycanın ayrı-ayrı bölgələrində folklor nümunələrinin toplanması və nəşri ilə əlaqədar böyük layihələrimiz var. Bunlardan biri 10 cilddən ibarət Qarabağ folklor nümunələrinin nəşridir. Həmin cildin 9 cildi çap olunub və 10-cu cildi indi çapdadır”.


“Biz Güney Azərbaycandakı soydaşlarımızı da yaddan çıxarmırıq və Azərbaycan folklor təfəkküründə Güney folklorumuzun özünəməxsus yeri var. Son illərdə “Güney Azərbaycan folkloru” seriyasından 7 cild nəşr etmişik”


Müsahibimiz AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanovdur:

– Muxtar müəllim, öncə Folklor İnstitutunun son dövrdəki fəaliyyətindən, xüsusilə də bu yaxınlarda çap olunan “Molla Nəsrəddinin lətifələri” kitabı və “mollanasreddin.az” portalı haqqında danışardınız.
– Elmi-tədqiqat müəssisəsi olaraq, institutumuzda folklorşünaslığımızın elmi-nəzəri problemləri ilə bağlı ilboyu çoxşaxəli tədqiqat işləri aparılır. Bununla yanaşı, institutumuz ölkəmizin elmi-ictimai həyatında da yaxından iştirak edir, ölkəmizdə və xaricdə dəfələrlə müxtəlif tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşuq. Son aylarda gördüyümüz işlərdən isə iki tədbiri, xüsusilə qeyd etmək istərdim. Bunlardan biri bu yaxınlarda İsmayıllı rayonunun Lahıc qəsəbəsində keçirdiyimiz “Folklor milli kimlik kontekstində” adlı beynəlxalq elmi konfransdır. Konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilirdi. Bilirsiz ki, İsmayıllı rayonu milli-mənəvi müxtəlifliyin zəngin olduğu bölgələrimizdən biridir. Burada milli azlıqların nümayəndələri vahid ailə şəklində yaşayır, özlərinin milli dəyərlərini, o cümlədən folklorunu tam sərbəst şəkildə yaşadır, yaradır və inkişaf etdirirlər. Bu baxımdan buranın çox gözəl ədəbi-mədəni mühiti var. Həmçinin Lahıc qəsəbəsi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə sıx bağlı olan bir bölgədir. Bildiyiniz kimi, AXC süqut etdikdən sonra M.Ə.Rusulzadə bir müddət Lahıc qəsəbəsində yaşamış və özünün məşhur “Əsrimizin Siyavuşu” əsərini 1920-ci ilin iyun ayında burada qələmə almışdır. Bu əlamətdar təqvimə təsadüf edən beynəlxalq tədbirimizə Rusiyadan, Qazaxıstandan, Türkiyədən və digər ölkələrdən qonaqlar gəlmişdilər. Qonaqlar da öz növbələrində Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və istiqlaliyyəti ilə bağlı məruzələrlə çıxış etdilər. Qeyd edim ki, tədbirimiz mətbuatda geniş şəkildə işıqlandırıldı.
Son aylarda institutumuzun həyata keçirdiyi digər tədbir, sizin də qeyd etdiyiniz kimi, bu yaxınlarda əməkdaşlarımızın hazırladığı və nəşr etdirdiyi “Molla Nəsrəddinin lətifələri” kitabının və “mollanasreddin.az” portalının təqdimetmə mərasimi oldu. Əvvəla, qeyd edim ki, AMEA-da islahatların geniş vüsət aldığı bir şəraitdə, Folklor İnstitutu olaraq, biz də bundan bəhrələnir və yararlanırıq. AMEA-nın prezidenti, akademik Akif Əlizadə multidissiplinar fəaliyyətə geniş meydan verir və ayrı-ayrı elm sahələrinin birlikdə fəaliyyətinə şərait yaradır. Məhz bu imkanlardan yararlanaraq müxtəlif qurumlarla əlaqələrin qurulmasına xüsusi diqqət yetiririk. AMEA-da əməkdaşlıq etdiyimiz institutlardan biri də İnformasiya Texnologiyaları İnstitutudur. Bu institutun köməyindən istifadə edib “rəqəmsal folklor”, “folklor və internet” mövzuları istiqamətində tədqiqatlar aparırıq, həm elmi, həm də praktiki işlərin görülməsinə çalışırıq. Elə “mollanasreddin.az” portalını da İnformasiya Texnologiyaları İnstitutu ilə olan əməkdaşlıq sayəsində yaratdıq.
Əməkdaşlıq etdiyimiz ikinci bir qurum Azərbaycan Dövlət Neft Şirkətidir. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə öz sahəsinin gözəl bilicisi olmaqla yanaşı, həm də xalq gülüşü mədəniyyətini dərindən bilən və gülüşün xiridarı olan ziyalımızdır. Xoşbəxt müəllimin xalq gülüşü mədəniyyətinə, folklorumuza münasibətini nəzərə alaraq onunla əməkdaşlıq etmək istəyimizi bildirdik və təklifimiz çox yaxşı qarşılandı. Akademik Xoşbəxt Yusifzadə ilə razılaşdıq ki, ARDNŞ-nin və Folklor İnstitutunun birgə əməkdaşlığı əsasında Molla Nəsrəddin lətifələri toplanıb nəşr edilsin. XIX əsrdən başlayaraq ayrı-ayrı vaxtlarda nəşr edilən 30-dan artıq mənbədən istifadə nəticəsində 500-dən çox Molla Nəsrəddin lətifəsi toplanıb, tərtib edildi. Bu nümunələr əsasında nəfis bir “Molla Nəsrəddin lətifələri” kitabı ərsəyə gətirildi. Kitabın çapında ARDNŞ-nin və Folklor İnstitutunun əməkdaşları yaxından iştirak etdilər. Kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, Folklor İnstitutunun əməkdaşı Sönməz Abbaslıdır. Sönməz xanımın özü lətifələrin regional xüsusiyyətlərinin tədqiqatçısı və xalq gülüşü mədəniyyətinin gözəl bilicisidir. Sönməz Abbaslıya bu işdə akademik Xoşbəxt Yusifzadə başda olmaqla Neft Şirkətinin və Folklor İnstitutunun əməkdaşları da yaxından kömək etdilər. Tərtib edilən bu kitab ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.
– Bəs qarşıdakı aylarda hansı tədbirləriniz var və yeni çap olunan nəşrlərinizdən də söhbət açardınız.
– Bizim qarşıda da tədbirlərimiz var. Noyabr ayında Cümhuriyyətlə bağlı digər bir tədbir keçirməyi planlaşdırmışıq. Həmin tədbiri Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə keçirəcəyik. Biz artıq neçə illərdir ki, “folklor və dövlətçilik” mövzusunda konfranslar keçiririk.
Bayaq dediyim kimi, institutumuzda folklorşünaslığımızın aktual problemlərinə dair ciddi elmi tədqiqat işləri aparılır. Lakin bu bizim fəaliyyətimizin bir istiqamətidir. Biz, həm də folklorumuzun toplanması və nəşri ilə də ardıcıl məşğul oluruq. Azərbaycanın ayrı-ayrı bölgələrində folklor nümunələrinin toplanması və nəşri ilə əlaqədar böyük layihələrimiz var. Bunlardan biri 10 cilddən ibarət Qarabağ folklor nümunələrinin nəşridir. Həmin cildin 9 cildi çap olunub və 10-cu cildi indi çapdadır. Bu cildlər hamısı irihəcmli əsərlərdir və əməkdaşlarımız onlardakı folklor mətnlərini Qarabağda yaşayan və ya ayrı-ayrı bölgələrdə məskunlaşmış qarabağlılardan toplayaraq sistemləşdirib nəşrə hazırlayıblar. Biz Güney Azərbaycandakı soydaşlarımızı da yaddan çıxarmırıq və Azərbaycan folklor təfəkküründə Güney folklorumuzun özünəməxsus yeri var. Son illərdə “Güney Azərbaycan folkloru” seriyasından 7 cild nəşr etmişik. Gədəbəy və Şərur folklor örnəklərinin 1-ci cildləri nəşr olunub və indi 2-ci cildlər nəşrə hazırlanır. Yeni toplama materiallarının nəşri ilə yanaşı, biz folklor irsimizə də biganə qalmırıq, iki ildir ki, ХIХ əsr məcmuəsi olan SMOMPK-un cildlərində rusca çap olunmuş Azərbaycan folklor mətnlərini toplayıb, dilimizə tərcümə edib, kitab şəklində nəşr edirik. Artıq bu silsilədən 3-cü kitab nəşrə hazırdır. İnstitutumuzda azsaylı xalqların folkloru ilə bağlı xüsusi şöbə var və bu il “Azsaylı xalqların folkloru” seriyasından 4-cü kitabımız nəşrə hazırdır. İnstitutumuz folklorşünaslığımızın müxtəlif problemlərinə dair elmi kitabların nəşrinə də xüsusi önəm verir. Bu il institutumuzun bir sıra əməkdaşının monoqrafiyaları çap olunub və bir qisminin də əsərləri ilin sonuna qədər nəşr olunacaqdır.
– Hazırda folklorçularla aşıqşünas alimlər arasında aşıq sənətinin folklor hadisəsi olub-olmamağı ilə bağlı ciddi elmi diskussiyalar gedir. Sizin bu diskussiyalara münasibətinizi bilmək istərdik.
– Əvvəla, deyim ki, mövzu yeni deyildir. Bunun ən gözəl izahını Mirzə İbrahimov verib. Mirzə İbrahimov “Aşıq sənətində realizm” əsərində gözəl bir ifadə işlədir: “Aşıq ədəbiyyatı bir ağaca bənzəyir. O, kök etibarilə şifahi xalq ədəbiyyatına bağlıdırsa, budaq etibarilə yazılı ədəbiyyata da bağlıdır”. Bir ağacın kökü hara bağlıdırsa, onun mahiyyəti orada daha çox üzə çıxır. Yəni Mirzə müəllim bu sözü elə-belə demir. Aşıq ədəbiyyatı şifahi xalq ədəbiyyatının bir sahəsidir və sadəcə, yazılı ədəbiyyatla da bağlı tərəfləri var. Yazılı ədəbiyyatla bağlılığının əsas tərəfi aşıq şeirlərinin əksəriyyətinin müəllifinin məlum olmasıdır. Məsələn, aşıq poeziyasında “möhürbənd” var və burada aşıq öz adını çəkir və bu da onun müəllifinin kim olduğunu göstərir. Bu mənada aşıq ədəbiyyatının yazılı ədəbiyyatla bağlılığı digər şifahi xalq ədəbiyyatı nümunələrinə nisbətən daha qabarıqdır. Yenə deyirəm ki, aşıq ədəbiyyatı şifahi ədəbiyyatın ənənə və prinsipləri əsasında yarandığı üçün şifahi xalq ədəbiyyatı kimi daha çox tanınmalıdır. Yəni şifahi xalq ədəbiyyatının əsas təməl xüsusiyyətlərindən biri onun yaranış etibarilə şifahi şəkildə yaranması və yaşama etibarilə nəsildən-nəslə ötürülməsidir. Aşıq ədəbiyyatı üçün də bu, vacib şərtlərdən biridir. Bu o dərəcədə vacib şərtdir ki, hətta bir aşığın digər aşığa nisbətən üstünlüyü şifahi şəkildə nə dərəcədə mükəmməl şeir söyləyə bilməsi ilə ölçülüb. Aşıqlar, həmçinin məclislərdə bir-birlərini deyişmələrlə sınayıblar. Bədahətən hər hansı bənd üzərində deyişiblər. Əgər belədirsə, demək, burada da əsas meydan şifahi ənənəyə verilirsə, aşıq ədəbiyyatının əsas xüsusiyyətlərindən biri şifahiliksə, deməli, o, şifahi xalq ədəbiyyatı sahəsi kimi daha mükəmməl öyrənilməlidir, nəinki yazılı ədəbiyyat nümunəsi kimi. Hələ onu demirəm ki, ağızdan-ağıza dolaşa-dolaşa gəzən aşıq şeirləri, bəzən vaxtilə yazıya alınmış olsa belə, ilkin variantından kifayət qədər fərqli şəkildə təzədən yazıya alına da bilir və belə nümunələr istənilən qədərdir.
– Ötən əsrin 20-ci illərində ölkəmizdə Sovet dövləti qurulduqdan sonra folklor nümunələrinin toplanmasına xüsusi diqqət ayrıldı və bölgələrdən folklor nümunələri toplanmağa başlandı. Bunun nəticəsində şifahi xalq ədəbiyyatı nümunələri yazıya alındı. Bu istiqamətdə Hümmət Əlizadənin, Salman Mümtazın, Vəli Xuluflunun və digər folklorçu alimlərimizin böyük xidmətləri var. Söhbətimizi bu istiqamətdə qurardıq...
– Sovet hökumətinin yeni qurulduğu illərdə, xüsusilə də XX əsrin 20-30-cu illərində M.Qorkinin “xalq ədəbiyyatı nümunələrini toplamaq lazımdır” çağırışından sonra sovet respublikalarında, o cümlədən də Azərbaycanda folklorun toplanmasına geniş meydan verildi. Qeyd edək ki, külli miqdarda da folklor nümunələri toplandı. Heç kim əmin ola bilməz ki, bu folklor nümunələri xalqdan olduğu kimi toplanıb və çap olunurdu. Bizim “Koroğlu” dastanı ilə bağlı ən çox misal çəkdiyimiz alimlərdən biri də Hümmət Əlizadədir. Bəzən Hümmət Əlizadənin tərtib etdiyi “Koroğlu”nu M.H.Təhmasibin tərtib etdiyi “Koroğlu”ya qarşı qoyurlar. Belə ki, H.Əlizadənin “Koroğlu” dastanının orijinala daha yaxın olduğunu bildirirlər. Halbuki həmin dövrdə tanınmış folklorşünas alimlərdən Hənəfi Zeynallı və Y.V.Çəmənzəminli H.Əlizadəni tənqid edirdilər ki, bu cavan folklorşünas, çox təəssüf ki, folklor nümunələrini düzgün toplaya bilmir. Hənəfi Zeynallı yazır ki, V.Xuluflu dastanın yalnız süjetini saxlaya bilir.
– “Koroğlu” dastanını dərindən bilən, onun yazıya alınmasında mühüm rolu olan Aşıq Hüseyn Bozalqanlının xidmətləri yada düşür...
– “Koroğlu” dastanını güclü bilən aşıqlardan biri də Aşıq Hüseyn Bozalqanlı olub. M.H.Təhmasibin “Koroğlu” dastanının əsas mənbələrindən biri də məhz Aşıq Hüseyn Bozalqanlının söylədiyi qollardır. Aşıq Hüseyn Bozalqanlı öz dövrünün “Koroğluxan” aşıqlarından sayılıb. Səs etibarilə sonrakı dövrlərdə Aşıq Əkbər Cəfərov “Koroğluxan” aşıq kimi tanınıb. Yəni Tovuz aşıq mühitinin “Koroğlu” dastanının toplanmasında çox mühüm rolu olub.
– Folklor İnstitutu bölgələrimizdə yaşayan, bölgə ədəbi mühitində yaradıcılıqlarını davam etdirən el şairləri ilə əlaqələr qururmu? Bu istiqamətdə hazırda hansı işlər görülür...
– Bölgələrdə folklorla məşğul olan elə bir qələm sahibi yoxdur ki, biz onlara maraq göstərməyək. Əgər bir insan şəxsi yaradıcılıqla məşğuldursa (qoşma, gəraylı və s. şeir şəkillərində yazırsa), bu o demək deyil ki, o folklor nümunələri yaradır. Bunlar bir növ fərdi yaradıcılıq məhsuludur. Əlbəttə ki, bunları da çap edib öyrənmək lazımdır. Bizi daha çox söyləyicilər maraqlandırır. Yəni bu söyləyicilərdən elə mətnlər yazıya alınır ki, onlar əvvəllər ya, ümumiyyətlə, qeydə alınmayıb, ya da müxtəlif variantlarda yazıya alınıb. Yəni bunlar bu gün bizim üçün daha çox maraqlıdır. Biz vaxt itirmədən lətifə, nağıl, əfsanə, rəvayət və s. folklor nümunələrini bilən insanlardan bunları toplayıb çap edirik. O cümlədən şifahi şəkildə ağızdan-ağıza dolaşaraq, misraları, bəndləri ayrı-ayrı söyləyicilər tərəfindən cilalanaraq günümüzə qədər gəlib çıxan aşıq şeiri nümunələrini...
– Muxtar müəllim, Cənubi Azərbaycanda folklor nümunələrinin toplanması istiqamətində hansı işlər görülür. Bir az əvvəl “Cənubi Azərbaycan folkloru” cildlərinin nəşrindən bəhs etdiniz. Məncə, folklorumuzun zənginləşməsində Güney Azərbaycan folklor örnəklərinin əvəzsiz rolu mövcuddur...
– Akademiyanın Rəyasət Heyətinin qərarı ilə Cənubi Azərbaycan folkloru şöbəsi yaratmışıq. Bu şöbənin yaranmasına qədər də həmin mövzuda bir neçə kitab nəşr etmişdik. Şöbə yarandıqdan sonra isə bu sahədə fəaliyyətimizi daha da genişləndirdik. Hələlik “Təbriz folklor örnəkləri” və 7 cilddən ibarət “Güney Azərbaycan folkloru” kitablarımız çap olunub. Bu istiqamətdə işlərimiz indi də davam etməkdədir. Kitabın 8-9-cu cildləri də artıq çapa hazırdır. Lakin təəssüf ki, maliyyə imkanlarımız bu işi daha sürətli aparmağa imkan vermir. Halbuki bu, son dərəcə vacib, əhəmiyyətli işdir. Güney Azərbaycan bizim ən mühafizəkar folklor mühitlərimizdəndir, burada indiyə qədər yazıya alınmamış çoxlu folklor nümunələri var, elə folklor janrları müşahidə olunmaqdadır ki, biz onları Azərbaycanın şimalında müşahidə etmirik. Nəzərə alsaq ki, Güney Azərbaycan coğrafi baxımdan daha böyük ərazini təşkil edir və burada soydaşlarımızın da sayı xeyli çoxdur, onda qarşımızda nə qədər böyük bir işin dayandığını təsəvvür etmək olar. Buna görə də Cənubi Azərbaycanda folklor nümunələrinin toplanması işini təcili gücləndirməliyik, orada yaşayan ziyalılarımızın köməyi ilə bu sahəyə diqqəti artırmalıyıq və bu yolla bir neçə ilə Azərbaycan folklor xəzinəsini Cənubi Azərbaycan folklor nümunələri hesabına xeyli zənginləşdirə bilərik. Bütün bunlar üçün isə institutumuzun maliyyə imkanları genişləndirilməlidir.
– Hazırda institutunuzun nəşr etdiyi jurnallardan söhbət açardınız. Həmin jurnalların cəmiyyət üçün hansı dərəcədə qapıları açıqdır?
– Folklor İnstitutunun nəşr etdiyi üç əsas jurnal var. Birincisi M.H.Təhmasibin əsasını qoyduğu “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” məcmuəsidir. Bu jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyata alınıb. İkinci dərgimiz “Dədə Qorqud” jurnalıdır. Jurnal Dədə Qorqudun 1300 illik yubileyindən sonra nəşr olunmağa başlayıb və qeyd edim ki, bu jurnal da Ali Attestasiya Komissiyasının elmi nəşrləri siyahısına daxil edilib. Biz keçən ildən etibarən “Arxetip” adlı yeni bir jurnal da təsis etmişik. Bunun, hələlik bir sayını nəşr etmişik.
Yuxarıdakı jurnalların qapıları bütün folklorçu alimlərin, folklorla məşğul olan tədqiqatçıların üzlərinə açıqdır. Yəni xüsusi bir qadağa yoxdur. Sadəcə, biz istəyirik ki, keyfiyyətli yazı olsun və elmi cəhətdən diqqəti cəlb eləsin.
– Sonda oxuculara sözünüz...
– Oxuculara yaxşı zövq arzu edirəm. Hər zəif əsəri oxumasınlar. Seçim edərək ən gözəl yazıları oxusunlar və vaxtlarına heyifləri gəlsin. Oxucular qəzet və jurnallardan tələb eləsinlər ki, onlar da öz səviyyələrini yüksəltsinlər.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Şairə Əfşan Yusifqızı: “Kimisə daşqalaq etmək olmaz ki, plagiat və ya təkrarçılıq edir”
16.10.2018
Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
14.10.2018
“Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir
12.10.2018
“Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
12.10.2018
Nigar Alimova: “Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info