“Almaniyada təhsil almaq üçün bir il dayanmadan çalışdım”
Tarix: 01.08.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər



5 il öncə 690 balla Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil olmuş, Prezident təqaüdünə layiq görülmüş, məzun olan kimi isə Almaniyanın Münxen Texniki Universitetinə təqaüd almış Məmməd Cəbrayılovla müsahibəni təqdim edirik:

-Məmməd, bu il BANM-i bitirib məzun oldunuz. BANM-in məzunu olmaq sizin üçün nə deməkdir?
- BANM-in məzunu olmaq mənim üçün bundan sonrakı məqsədlərimə böyük bir təkan deməkdir. Bir neçə il sonra, BANM məzunu təkcə ölkəmizdə yox, dünya səviyyəsində brend olacaq və biz bu adı qazanmış ilklərdən olacağıq. İnanıram ki, bizim yaşadığımız bu fəxr hissi BANM-in uğurları kimi ildən-ilə artacaq. Deyərdim ki, BANM məzunu olmaq təkcə mənim üçün yox, digər məzun yoldaşlarım üçün də Azərbaycandakı və digər ölkələrdəki beynəlxalq şirkətlərə, universitetlərə yaşıl işıq deməkdir.
- Almaniyanın Münxen Texniki Universitetinə təqaüd almısız. Akademik və digər uğurlarınızda kimin və ya nəyin rolu vardır?
- Bəli, Münxen Texniki Universitetinə Almaniyanın dövlət təqaüdü olan DAAD təqaüdü (Alman Akademik Mübadilə Programı) ilə qəbul olmuşam. Bu uğurumun üzərində artıq bir ildən çoxdur ki, dayanmadan çalışır və çox arzulayırdım. Düşünürəm ki, məqsədə çatmaq üçün birincisi, məqsədin üçün ən doğru olan addımları seçib onları həyata keçirməlisən, ikincisi isə onu hamıdan çox arzulamalısan. Bu iki amil bir-biri ilə sıx bağlıdır, biri olmadan o biri mənasız qalır. Hər ikisini ürəkdən etdikdə həyat özü səni məqsədlərinə çatdırır. Lakin uğurun arxasında həmçinin universitetin, ailən, dostların durur. Onların verdiyi motivasiya və özgüvən olmasa, bəlkə də, uğurlar elə arzu olaraq qalardı. Məsələn, Bakı Ali Neft Məktəbi dəstəkdən əlavə, mənə bilik və bacarıqlar verdi ki, mən DAAD təqaüdü üçün digər müraciətçilər içərisindən seçilməyi bacardım. Mənim uğurlarımda yanımda olan hər kəsə minnətdarlığımı bildirirəm.
- 5 il bundan öncə BANM-i nə üçün üstün tutub seçmişdiz?
- Bu sualı eşidərkən 5 il öncə məzun günündə geyindiyim köynəyim yadıma düşdü. Köynəyimin arxasında BANM-in qarşısına “Tələbə” yazılmış bayrağı sancan oğlan rəsmi çəkdirmişdim. Demək istədiyim odur ki, BANM mənim həyatımda seçim olmamışdı. Mən o ali məktəbi arzulamışdım və orada tələbə adını qazanmaq üçün əlimdən gələni etmişdim. “Niyə BANM” sualının cavabı çox uzun olardı. Qısaca deyə bilərəm ki, bu universitet mənim istədiyim hər şeyi öz tələbələrinə verirdi. Mən, həm də kim olmaq istədiyimi bilirdim və BANM biliyi, dostları, beynəlxalq mühiti və hələ xəbərsiz olduğumuz bir sürü imkanları qazana biləcəyim yeganə təhsil müəssisəsi idi və indi də elədir.
- Hədəflərinizi necə müəyyən edirsiz?
- Bilirsiz, mən heç vaxt həyatımda uzunmüddətli hədəflər qoymamışam. Həyatın gedişatından başa düşürəm ki, hədəflər onlara çata biləcəyim vaxt yaxınlaşdıqca özlərini büruzə verməyə başlayır və mən də bu siqnallara dərhal reaksiya verirəm. Qarşıma çıxan imkanlar və insanlar həmişə doğru zaman və lazımi yerdə çıxırlar. Mənsə onları dəyərləndirməyə çalışıram.
- Almaniyada magistraturanı bitirdikdən sonra vətənə qayıdacaqsız, yoxsa həyatınızı və karyeranızı Azərbaycandan kənarda planlayırsız?
-Bu haqda indidən danışa bilmərəm. Zaman hər şey göstərəcək. Amma istərdim təhsildən sonra bir müddət beynəlxalq təcrübə toplayıb sonra Azərbaycana qayıdıb işləyim. Belə olsa, həm ölkəmin, həm də universitetimin üzərimdə olan əməyinə dəyər vermiş olardım.
- Həyatda uğur qazanmaq şanslı olmağa əsaslanır, yoxsa necə?
-Mənə görə, həyatda vuruşmadan yalnız şansın hesabına nəyisə əldə edirsənsə, o köklü rol oynamayacaq və mənəvi cəhətdən dəyərsiz olacaq. Həyata çox şanssız gəlmiş insanlar var ki, çox yüksək yerlərə öz iradələrinin hesabına gəlib çıxmışlar. Hər bir uğur özünü motivasiya edə bilməkdən, güclü iradədən və yuxusuz gecələrdən keçir. Hər kəsə bol şans yox, yaxşı müvəffəqiyyətlər arzu edərdim.
-BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, Münxen Texniki Universitetində isə “Menecment” ixtisasını seçmisiz. Magistrdə fərqli ixtisas seçiminiz nə ilə əlaqəlidir?
- Bu seçimdəki əsas məqsəd hibrid mütəxəssis olmaqdır. Layihələrin idarə olunmasına həvəsim çox artmışdı. Sonradan isə öyrəndim ki, “mühəndislikdə menecment” artıq illərdir ki, dünya üzrə böyük trenddir. Böyük şirkətlər idarəetmədə yalnız mühəndislik və ya tək menecment bilikləri olan insanlara maraq göstərmir. Onlar hibrid mütəxəssislər axtarırlar ki, həm mühəndislik bilikləri olub texniki sahədə nələrin baş verdiyini bilsin, həm də menecment bilikləri ilə biznes proseslərinə hakim olsun. Bu kimi insanlar işin hər aspektinə nəzər yetirib daha düzgün qərarlar verə bilirlər. Mən də bu trendlə ayaqlaşmaq qərarına gəldim. Mühəndisliyi oxuduğumu nəzərə alsaq, növbəti seçimim menecment olmalı idi. Elə Münxen Texniki Universiteti də bu fakültəyə yalnız mühəndisliyi bitirmiş tələbələri qəbul edirdi.
- Məmməd, niyə işləməyi deyil, təhsilinizi davam etdirməyi üstün tutdunuz?
- Daha əvvəl də qeyd etdiyim kimi, BANM-in mənə verdiyi möhkəm mühəndislik bazasının üzərinə menecment qabiliyyətlərimi də əlavə etməliydim. Münxen Texniki Universiteti isə bununçün ideal yer idi.
-Bəs siz tələbə adını qazanmaq arzusunda olan gənclərə nə məsləhət görərdiz?
- Gələcək tələbələrə bir neçə önəmli şeyi demək istərdim. Həyatda hər kəsə qulaq asın, amma özünüz üçün düzgün olanı özünüz seçin. Unutmayın ki, bu həyata bir dəfə gəlirsiniz və hansı sahəni seçib davam etməyiniz ən azı düzgün insanla ailə qurmağınız qədər önəmlidir. Sizin peşəniz də, bir yerdə yaşadığınız insan da həyatınızın sonuna qədər sizinlə olacaq. Xoşbəxt olmaq üçün bu iki seçimi düzgün etməlisiz. Bakalavr illəri insanın ən produktiv illəridir. Bu illərdə arzularınızla olduğunuz yer eyni olsa çox gözəl nəticələr ortaya çıxa bilər. Hər birinizə müvəffəqiyyətlər arzulayıram.





 
Bölməyə aid digər xəbərlər
14.10.2018
“Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir
12.10.2018
“Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
12.10.2018
Nigar Alimova: “Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir”
10.10.2018
“Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
10.10.2018
663 bal toplayan tələbə: “Məqsədim gömrükçü olmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10243

1 Ömrün 60-cı payızı
2 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
3 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info