“Azərbaycan üçün sənədin keyfiyyəti onun nə qədər vaxtda razılaşdırılmasından daha vacibdir”
Tarix: 01.08.2018 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Avropa İttifaqı yeni sazişin mümkün olan ən qısa vaxtda uğurla tamamlanması üçün səylərini əsirgəmir”
Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycanın Avropa İttifaqı ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Mahmud Məmmədquliyevin APA-ya müsahibəsi
 
- Bu yaxınlarda Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Aİ-Azərbaycan arasında “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri” sənədi paraflandı. Bu sənədin hansı prioritetləri əhatə etməsi, mahiyyəti barədə ətraflı məlumat verərdiniz.
 
- Qeyd etdiyiniz kimi, prezidentin Brüsselə səfəri çərçivəsində iyulun 11-də “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri” sənədi xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən paraflanıb. Paraflanma mərasimi Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk tərəfindən müşayiət olunması ilə əlamətdar olub.
 
Hesab edirəm ki, paraflanma mərasiminin məhz belə yüksək səviyyədə təşkil edilməsi hər iki tərəfin qarşılıqlı əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirilməlidir. Tərəfdaşlıq Prioritetləri sənədi mahiyyət olaraq, Azərbaycan və Avropa İttifaqı arasında 2006-cı ildə qəbul olunmuş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planını əvəzləmək məqsədilə hazırlanıb. Avropa İttifaqının 2015-ci ildə elan etdiyi yeni Qonşuluq Siyasətində təsbit olunmuş, hər bir ölkəyə fərdi yanaşma, birgə cavabdehlik və çeviklik kimi prinsiplər belə bir sənədin razılaşdırılması zərurətini ortaya çıxarıb. Bu sənəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə prioritetlərin müəyyən edilməsi və növbəti 3 il - 2018-2020-ci illər üçün konkret layihələrlə həyata keçirilməsi məqsədi daşıyır. Layihələrin Avropa Qonşuluq Alətinin maliyyə dəstəyi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
 
Sənəd Şərq Tərəfdaşlığının 2015-ci il Riqa zirvə görüşü zamanı müəyyən edilmiş əməkdaşlıq istiqamətlərinə uyğun olaraq 4 sektoral prioriteti əhatə edir. Bu prioritetlər qurumların gücləndirilməsi və yaxşı idarəçilik; iqtisadi inkişaf və bazar imkanları; bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti və nəhayət, yerdəyişmə və insanlar arasında əlaqələri əhatə edir.
 
- Qeyd edilən sənədlə imzalanması gözlənilən saziş arasında hansısa fərq varmı? Sazişin imzalanmasında həmin sənəd əsas götürüləcəkmi?
 
- Daha əvvəl qeyd etdiyim kimi, Tərəfdaşlıq Prioritetləri sənədi yalnız növbəti üç il üçün nəzərdə tutulub və orada əks olunmuş prioritet istiqamətlərlə məhdudlaşır. Hazırda Avropa İttifaqı ilə müzakirəsini apardığımız yeni ikitərəfli saziş layihəsi isə əməkdaşlığımızın bütün mümkün istiqamətlərini əhatə edən, hüquqi qüvvəyə malik uzunmüddətli sənəddir. Lakin deyə bilərik ki, Tərəfdaşlıq Prioritetləri sənədi yeni sazişdə nəzərdə tutulan geniş siyasi çərçivənin bir çox elementlərini daha yığcam və konkret formada ifadə edir və şübhəsiz, tərəflər arasında müntəzəm siyasi və sektoral əməkdaşlıq dialoqunun tərkib hissəsini təşkil edəcək.
 
- Sənədə əsasən Aİ və Azərbaycan üzərinə yeni öhdəliklər götürmüş oldu. Hər iki tərəfin öhdəlikləri barədə qısa məlumatlıyıq. Tərəflərin öhdəlikləri tam olaraq nədən ibarətdir? Bu öhdəliklərin icrası ilə bağlı hansısa nəzarət mexanizmi olacaqmı?
 
- Əvvəla onu qeyd etməliyəm ki, Aİ tərəfi ilə apardığımız danışıqların nəticəsində sənəddə tərəflərin ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı, müstəqillik və suverenliyinin dəstəklənməsi ilə bağlı tərəflərin qarşılıqlı öhdəliyinin qeyd olunması təmin edilib. Bu isə öz növbəsində tərəflər arasında yeni ikitərəfli sazişin siyasi fəsli üzrə aparılan danışıqlar prosesinə də müsbət təsir göstərə bilər.
 
Digər tərəfdən, sənəd dayanıqlı inkişaf və müasirləşmə, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli ticarət-investisiya mühitinin yaradılması, kiçik və orta sahibkarlığın və kənd yerlərinin inkişafı, enerji, nəqliyyat və ətraf mühit, o cümlədən yaxşı idarəçilik, dövlət qurumlarının gücləndirilməsi, qanunun aliliyi və vətəndaş cəmiyyəti kimi məsələlərdə əməkdaşlıq etməyi və ölkəmizdə bu sahələrdə aparılan ardıcıl islahatlar prosesinin dəstəklənməsi məqsədini daşıyır.
 
Bununla yanaşı, Avropa İttifaqının Vahid Rəqəmli Bazarına uyğunlaşma, kibertəhlükəsizlik, yaşıl və sirkulyar iqtisadiyyatın formalaşdırılması, sosial siyasətin gücləndirilməsi, Şərq-Qərb və Şimal-Cənub istiqamətində beynəlxalq ticarət-nəqliyyat dəhlizlərinin inkişafı, Cənub Qaz Dəhlizinin müəyyən edilmiş öhdəliklərə uyğun şəkildə vaxtında həyata keçirilməsi, təhsil, mədəniyyət, gənclər siyasəti, tədqiqat və innovasiyalar sahəsində əməkdaşlıq məsələləri sənəddə əksini tapıb. Tərəflər həmçinin, Yerdəyişmə sahəsində Tərəfdaşlıq, Vizaların sadələşdirilməsi və Readmissiya haqqında sazişləri tam şəkildə həyata keçirəcəkləri və şərtlər uyğun olduqda, vizasız rejim üzrə dialoqa başlayacaqları ilə bağlı birgə niyyətlərini ifadə ediblər. Tərəfdaşlıq Prioritetlərinin gerçəkləşdirilməsini təmin edəcək konkret layihələr isə növbəti üç il ərzində Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə şəkildə müəyyən ediləcək və onların icrası Avropa İttifaqının maliyyə töhfəsi ilə həyata keçiriləcək.
 
- Aİ-Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar hansı mərhələdədir? Sazişin 2019-cu ilə kimi imzalanması mümkün olacaqmı?
 
- Qeyd etməliyəm ki, istər 2017, istərsə də 2018-ci il Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli saziş baxımından səmərəli olub. Bildiyiniz kimi, Azərbaycan Prezidentinin 2017-ci ilin fevral ayında Brüsselə işgüzar səfəri zamanı saziş üzrə danışıqların başlanması elan olunub. Bundan sonra siyasi-təhlükəsizlik, ticarət-iqtisadi və sektoral əməkdaşlıq başlığı altında üç blokdan ibarət sazişin razılaşdırılması məqsədilə tərəflər arasında müntəzəm və ardıcıl danışıqlar aparılıb. Nəticədə, siyasi-təhlükəsizlik və sektoral əməkdaşlıq blokları üzrə danışıqlarda tərəqqi əldə etmək mümkün olub. Hazırda ticarət-iqtisadi blok üzrə danışıqların sürətləndirilməsi və hər iki tərəfin maraqlarına uyğun həll yollarının tapılması istiqamətində danışıqlar davam etdirilir. Növbəti danışıqların sentyabr ayının ortaları, oktyabr ayının əvvəllərində Bakıda və ya Brüsseldə təşkil edilməsi imkanları nəzərdən keçirilir.
 
Əvvəllər də qeyd etdiyimiz kimi, Azərbaycan üçün sənədin keyfiyyəti onun nə qədər vaxtda razılaşdırılmasından daha vacibdir. Lakin bu o demək deyil ki, danışıqlar nəticəsiz şəkildə qeyri-müəyyən müddətə davam etdirilməlidir. Onu deyə bilərəm ki, hər iki tərəf bu sənədin mümkün olan ən qısa vaxt ərzində uğurla tamamlana bilməsi üçün səylərini əsirgəmir.
 
- Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamədə bəzi şərtlər vurğulanmışdı. Bunların arasında siyasi məhbuslarla bağlı məsələ də var. Bildirilmişdi ki, bu şərtlər yerinə yetirilmədiyi halda, Aİ-Azərbaycan arasında saziş imzalanmaya bilər. Bu qətnamənin danışıqlar prosesinə, sazişin imzalanmasına təsiri ola bilərmi?
 
- Avropa Parlamentinin 4 iyulda qəbul edilmiş tövsiyə sənədində Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə aparılan danışıqlara dair münasibət bildirilir. Əlbəttə, təəssüfləndirici haldır ki, həmin sənəddə danışıqların birbaşa mövzusu olmayan bir sıra məsələlərlə bağlı Avropa Parlamenti üzvlərinin subyektiv xarakterli dəyərləndirmələri də yer alıb və Azərbaycan tərəfi şübhəsiz həmin rəylərlə razılaşa bilməz. Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası ilə yeni saziş üzrə danışıqlar Avropa Parlamenti deyil, Avropa İttifaqı üzv dövlətlərinin təqdim etdiyi müvafiq mandat əsasında Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasıtərəfindən aparılır. Bu mənada, Avropa Parlamentinin tövsiyələrinin Avropa İttifaqı üzv dövlətləri, habelə danışıqlarda iştirak edən həmin təsisatlar tərəfindən hansı dərəcədə nəzərə alınacağı artıq Avropa İttifaqının daxili işidir.
 
Azərbaycan tərəfi öz növbəsində hesab edir ki, danışıqların mövzusu olan sənəd hər iki tərəf üçün eyni şəkildə önəm daşıyır və yeni sazişin ərsəyə gəlməsi həm Avropa ittifaqı, həm də Azərbaycanın marağındadır. Biz bu məntiqdən çıxış edərək, danışıqları konstruktiv ruhda davam etdirmək niyyətindəyik. Ümidvarıq ki, Avropa İttifaqı üzv dövlətləri və təsisatları, o cümlədən Avropa Parlamenti eyni yanaşmanı bölüşərək, ilk növbədə, saziş layihəsinin razılaşdırılması və daha sonra məqamı yetişəndə, imzalanması və təsdiqi üçün lazımı səylər göstərəcək.




 
Bölməyə aid digər xəbərlər
14.10.2018
“Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir
12.10.2018
“Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
12.10.2018
Nigar Alimova: “Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir”
10.10.2018
“Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
10.10.2018
663 bal toplayan tələbə: “Məqsədim gömrükçü olmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10243

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info