“Yaşlı nəsil özündən sonra yeni nəsil diaspor yetişdirməlidir”
Tarix: 02.08.2018 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Orxan Əliyev: “Gənclərə motivasiya verilsə, ən əsası da maliyyə ayrılsa, Qazaxıstanda çox əhəmiyyətli layihələr həyata keçirə bilərlər”

Qazaxıstanda tanınmış milli diaspor təşkilatlarından biri də Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqıdır. Müsahibimiz Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının vitse-prezidenti Orxan Əliyevdir. Qeyd edək ki, O.Əliyev 03.05.1971-ci ildə Goranboy rayonun Zeyvə kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib. Hərbi xidməti başa vurduqdan sonra polis işləyib. 2009-cu ildən Astanada yaşayır. O, diaspor işində aktiv olmaqla yanaşı, idmanla da məşğul olur.
- Orxan müəllim, son zamanlar Qazaxıstanda Azərbaycan diasporunun fəaliyyətində süstlük hiss olunur. Sizcə, bu nə ilə bağlıdır?
-Bu süstlük təkcə Qazaxıstanda deyil, ümumi diasporumuzda hiss olunur. Bunun da bir sıra səbəbləri var. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra milli diasporumuzda böyük inkişaf getdi. Müxtəlif ölkələrdə ildən-ilə diaspor təşkilatlarının sayı artdı. Amma bu təşkilatların əksəriyyəti Azərbaycandan ayrılan maliyyə hesabına fəaliyyət göstərirdilər. Hələ bu fəaliyyətlərin də bir çoxu görüntü xarakteri daşıyırdı. Lakin son illər diaspora maliyyə dəstəyi, əvvəlki kimi, ayrılmır. Ona görə də bir çox ölkələrdə diasporun fəaliyyətində geriləmə müşahidə olunur. Ayrıca diaspor təşkilatları ilə istənilən səviyyədə koordinasiya işi aparılmırdı. Ən vacibi isə bir çox ölkələrdə diaspor üzvləri diqqətdən kənarda qalıblar. Bütün bunlar Qazaxıstandakı diasporumuzda da özünü göstərir. Lakin ümid edirik ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində dəyişiklik bu çatışmazlıqları aradan qaldıracaq. Son zamanlarda diasporla işin aparılmasında, az da olsa, canlanma hiss olunur. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov Türkiyə, Gürcüstan, Fransa, Almaniya, Rumıniya və Ukraynaya səfər edib. İnanırıq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Orta Asiya ölkələrinə də səfəri olacaq. Bu, diaspor üçün böyük diqqətdir. Eyni zamanda diaspor üzvlərinin vətənlə bağlılığını daha da gücləndirir.
- Demək olarmı, yaşlı diaspor üzvləri kənara çəkiliblər?
- Yaşlı diaspor üzvləri öz sözlərini deyiblər. Məsələn, Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov 40 ilə yaxındır ki, Qazaxıstanda yaşayır. Onun fəaliyyəti nəticəsində Qazaxıstanda 14 vilayətdə diasporun tərkibinə daxil olan Mədəniyyət Mərkəzləri fəaliyyət göstərir. Qazaxıstanda Xocalı, 20 Yanvar hadisəsi kimi anım günlərini, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər bayramlarımızı qeyd olunur. Vidadi Salahov, səhhəti imkan verdikcə, ali təhsil ocaqlarında çıxışlar edir. Amma o, bu fəaliyyəti hər zaman edə bilmir. Yeri gəlmişkən, hazırda Vidadi müəllimin səhhətində problem var. Allahdan ona şəfa diləyirik.
Gördüyümüz kimi, yaşlı diaspor üzvləri hər zaman eyni aktivlikdə ola bilməzlər. Artıq yeni diaspor nəsli önə çıxmalı və özlərinin zamana uyğun layihələrini həyata keçirməlidirlər. Əlbəttə ki, bunun üçün yaşlı nəsil özündən sonra yeni nəsil diaspor yetişdirməlidir. Lakin bir çox ölkələrdə görürük ki, yaşlı nəsil estafeti gənc nəslə vermək istəmir. Elə ona görə də həmin regionlarda diasporun fəaliyyətində effektiv nəticə yoxdur. Çünki diaspor işi birlik, həmrəylik tələb edir. İstənilən sahədə yaşlı nəsil ilə gənc nəslin birgə fəaliyyəti mühüm amildir.
- Diasporumuzun inkişaf prosesini necə sürətləndirmək olar?
- Bunun üçün yuxarıda sadaladığım səbəblər öz həllini tapmalıdır. Diaspora və onun fəaliyyətinə diqqət artırılmalıdır. Həmçinin diaspora stimul, həvəs verilməlidir. Görülən bir işə ən azı “sağ ol” deyilməlidir. Nəzərə almaq lazımdır ki, diaspor canlı qüvvədir. Bu da daimi inkişafa meyillidir. Sadəcə, onu hərəkətə gətirmək lazımdır...
-Gənclərimiz bu işə lazımi səviyyədə qoşulurlarmı?
-Gənclər hər zaman ictimai fəaliyyətdə potensial qüvvədirlər. Onların gücündən diaspor işində də yararlanmaq lazımdır. Qazaxıstanda diaspor sahəsində aktiv gənclərimiz var. Lakin etiraf etməliyik ki, indiki məqamda onların diaspor fəaliyyətinə marağı istənilən səviyyədə deyil. Düşünürəm ki, gənclərə motivasiya verilsə, ən əsası da maliyyə ayrılsa, Qazaxıstanda çox əhəmiyyətli layihələr həyata keçirə bilərlər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Yalnızlıq qorxusu
2 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info